Xalq artisti Fidan Hacıyevanın 50 illik yubileyidir Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bakı MusiqiAkademiyasınınbirtələbəsişikayətlənir, deyir klassik musiqi, opera və balet barədə demək olar ki mediamız məlumat vermir. Yalnız şou-biznesdən bəhs edilir.

Düz sözə nə deyəsən.

Bu boşluğu biz doldurmağa çalışırıq. Amma bilmirik, bir güllə bahar olurmu.

 

Bu gün doğum günü – 50 illik yubileyi qeyd edilən Fidan Hacıyeva 7 sentyabr 1976-cı ildə dünyaya gəlib. 1984-cü ildə Bülbül adına orta ixtisas Musiqi Məktəbinin fortepiano sinfinə daxil olub. Orada tam orta təhsilini bitirdikdən sonra 1994-cü ildə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının solo oxuma (vokal) fakültəsinə qəbul olub. Professor Hüseyin Əliyevdən peşəkar təhsil alan ifaçı, daha sonra 1998-ci ildə Rusiya Federasiyasının Xalq artisti, dünya şöhrətli — İrina Arxipovadan vokal sənəti üzrə ustad dərsləri alıb.

Peşəkar opera səhnəsinə ilk dəfə 1996-cı ildə, 19 yaşında, "Koroğlu operası"nda "Xanəndə qız" obrazı ilə gəlib. 2000-ci ildə Türkiyədə "TÜRKSOY"un xətti ilə keçirilən opera günlərində iştirak edərək, Azərbaycan Respublikasını yüksək səviyyədə təmsil edir. Elə həmin il opera ifaçısı Türkiyə Cumhuriyyətinin Mersin Dövlət Opera və Balet Teatrı ilə müqavilə imzalamış və teatrda çalışıb.

Dəfələrlə Mersin, İstanbul, İzmir, Ankara teatrlarının səhnəsində "Karmen" obrazını yaradır. Ən yaddaqalan çıxışı isə Türkiyədəki "Aspendos" antik teatrının səhnəsində açıq səma altında, opera sənətinin biliciləri və həvəskarları olan ən incə zövqlü 12 min tamaşaçının toplaşdığı gündəki çıxışıdır. Fidan Hacıyevanın səsinə valeh olan italyanlar onu 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqəyə dəvət ediblər.

Opera müğənnisi həmin müsabiqədə iştirak edib və qalib olub. Operanın vətəni sayılan İtaliyada mezzo-soprano Bernadette Manca di Nissanın dərslərini dinləyib. Daha sonra Fidan Hacıyeva vətənə qayıdıb və müəllimi professor Hüseyn Əliyevin sinfində aspirantura pilləsinə yiyələnib. Sənətçinin 2003-cü ildə "Jealousy and love" (azərb. Məhəbbət və Qısqanclıq‎) adlı ilk albomu işıq üzü görüb. 2004-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mahnı və Rəqs Ansamblının baş solisti olub.

 

2005-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Yaponiyanın Naqoya şəhərində keçirilən EXPO-2005 Beynəlxalq sərgidə iştirak edərək, Azərbaycan musiqisini təqdim etməklə yanaşı, yapon dilində mahnılar ifa etməsi yapon xalqında özünə qarşı böyük təəccüb və sevgi hissi yaradır. 2006-cı ildə opera müğənnisi "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb və Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunub.

Həmin ilin oktyabr ayında Almaniyada keçirilən Azərbaycan mədəniyyəti günlərində Teymur Göyçayevin dirijorluq etdiyi Azərbaycan Dövlət Kamera Orkestrinın müşayiəti ilə Berlin Filarmoniyasında, Ştutqart və Mayns şəhərlərinin teatrlarında silsilə konsertlər verib. 2007-ci il mayın 11-də səhnə fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb. 2008-ci ilin Dekabr ayında hərbi xidmətçilər üçün vətənpərvərlik mövzusunda təşkil edilmiş silsilə konsert proqramlarında çıxış edib.

May ayının 7-də ikinci dəfə səhnə fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb. Oktyabr ayında isə Azərbaycan və Ukrayna Mədəniyyət Nazirliyinin birgə keçirdiyi Kiyev şəhərində Ukraynanın Xalq Artisti Aleksandr Buretzlə birgə konserti olub.

25 dekabrda isə Azərbaycanın Ukraynadakı səfirliyi, Kiyev Şəhər Dövlət Administrasiyası, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev Şəhər Təşkilatı və "Ukrayna-Azərbaycan" Beynəlxalq Xeyriyyə Fondunun təşkil etdiyi, Ukrayna Milli Musiqi Akademiyasının P. İ. Çaykovski adına Opera Studiyasının salonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş konsertdə öz çıxışı ilə tamaşaçılara əsl sürpriz yaşadır.

2015-ci ildə sənətçi Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən "Xalq artisti" adına layiq görülüb və eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin leytenantı rütbəsini alıb. Aprelin 19-u Heydər Əliyev adına sarayda "Bir bahar axşamı" adlı sayca ikinci solo konserti ilə çıxış edib.

Noyabrın 23-də "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyinin orqan musiqisi zalında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın anadan olmasının 75 illiyinə həsr edilmiş tədbirdə iştirak edib. Noyabrın 28-də Dövlət Akademik Opera və Balet Teatrında "Arşın mal alan" operettasının tamaşaya qoyulub. Baş tutacaq tamaşanın özəlliyi bu tamaşada ilk dəfə Gülçöhrə rolunda Xalq artisti Fidan Hacıyevanın çıxış etməsi olub.

 

Fidan Hacıyeva 2018-ci il mayın 11-də Tbilisidə Şota Rustaveli adına Dövlət Dram Teatrında Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan konsert proqramı ilə çıxış edib. Xalq Artisti bu konsertdə görkəmli bəstəkarlarımız — Üzeyir Hacıbəyli, Ədilə Hüseynzadə, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev və dünya bəstəkarlarının əsərlərini ifa edib

 Bu konsertdə də onu fortepianoda beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə müşayiət edib. Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanır. 25 may 2026-cı ildə Vyetnamın paytaxtı Hanoyda, Ho Guom Opera binasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümünə, 28 May - Müstəqillik Gününə və Vyetnam ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının birinci ildönümünə həsr olunmuş təntənəli musiqili gecəsində iştirak edib

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.