İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Dahi bəstəkar Üzeyir Hacıbəyov çox sayda istedadlar yetişdirmiş, musiqi aləmimizi zənginləşdirmişdir. Üstəlik, onların nəsil şəcərəsində də bu yolu tutan, onun təsiri ilə püxtələşən sənətçilər az olmamışdır.
Üzeyir Hacıbəyovun dayısı oğlu Nazim Əliverdibəyov da belələrindəndir.
Nazim Əliverdibəyov 24 avqust 1926-cı ildə anadan olub. Bəstəkar, həm də kino bəstəkarı, musiqi redaktoru olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1951–1985-ci ildə Bülbül adına orta ixtisas məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.
1964–1985-ci illərdə Bülbül adına orta ixtisas məktəbinin direktoru olub. Üzeyir Hacıbəyovun "Əsli və Kərəm" və "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirib. Üzeyir Hacıbəyovun nəşr edilən "Leyli və Məcnun" (1983) və "Koroğlu" (1985) operalarının partituralarının redaktoru olub.
Nazim Əliverdibəyov musiqişünas Ağalar Əliverdibəyovun oğludur. Skripkaçı Rasim Əliverdibəyovun, dirijor Kazım Əliverdibəyovun, pianoçu Nüşabə Əliverdibəyovanın qardaşıdır.
Əsərləri
Balet
- Muğam
İnstrumental
- Orqan üçün Bayatı Şiraz
- Orqan üçün İçərişəhər lövhələri
- Kanon üzrə bəstələnmiş elegiya
Vokal-instrumental əsərləri
- Babək Niftəliyev — Xor üçün yazılmış Bayatı-şiraz muğamı üstə xalq mahnısı "Aman ovçu"
- Firudin Mehdiyev — "Ey gülüm" romansı — sözləri:İmadəddin Nəsimi
Opera
- Cırtdan (1978)
Musiqili komediya
- "Nazxanım naz eləyir" (1974) — Məhərrəm Əlizadə ilə birgə
Filmoqrafiya
- Bizim küçənin oğlanları (film, 1973)
- Çarvadarların izi ilə (film, 1974)
- Gilas ağacı (film, 1972)
- Göllərin tacı (film, 1966)
- Mənim Xəzərim (film, 1970)
- Münəccimin şagirdi (film, 1983)
- Üzeyir ömrü (film, 1981)
- Vulkana doğru (film, 1977)
- Yaxşı qurtardıq (film, 1985)
Mükafatları
- "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
Nazim Əliverdibəyov 16 fevral 1986-cı ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.08.2026)


