Bu gün Aşıq Əkbərin anım günüdür Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ustad aşıqlarımız az olmayıbdır. Hamısını məhəbbətlə anırıq. Bu sırada Aşıq Əkbərin də öz yeri var. Bu gün aşığın anım günüdür. Gəlin onu anaq, məzarına kim yaxındırsa tər gül dəstəsi qoysun.

Uluları anmaq borcumuzdur.

 

Aşıq Əkbər Zərbalı oğlu Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açıb. Saza-sözə vurğun olan Əkbər bir çox böyük ustad sənətkarların – Aşıq Mirzə Bayramovun, Aşıq Məhəmməd Rzayevin, Aşıq Hüseyn Dəmirçinin, Aşıq Yusif Həsənovun, Aşıq Mikayıl Azaflının, Aşıq Yunis Həsənovun, Aşıq Vəli Qaraxanlının yanında şəyirdlikdən ustadlığa qədər yüksəlib.

Əsas müəllimi isə aşıq dastanlarının mahir bilicisi, böyük ustad, Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov olub.

Sazdan əvvəl balabanda, zurnada, tütəkdə əksər aşıq havalarını, el havalarını məharətlə ifa edən Aşıq Əkbər böyük ustad Mikayıl Azaflı və Yusif Yusifovun təkidi ilə cavanlığından sırf aşıqlığa keçərək, könlünü həmişəlik saza-sözə bağlayıb.

Aşıqlar adətən zil, orta və bəm köklərdən birində oxuya bilirlər. Aşıq Əkbər isə hər üç kökdə böyük ustalıq və məharətlə oxuya bilirdi. El ona "Zilxan" təxəllüsünü boş yerə verməyib. Əkbərin əsas özəlliklərindən biri də ondan ibarətdir ki, aşıq musiqisi ilə yanaşı, muğam və təsniflərimizi də gözəl ifa edirdi. Oxuduğu "Heyratı", "Mənsuriyyə", "Dilkeş", "Zabul segah"ı ilə hər kəsi heyrətləndirərdi.

Gözəl saz çalmaq, dastanlar söyləməklə yanaşı, Aşıq Əkbər öz şeirləri ilə də ad-san qazanıb. Onun "Dağlar", "Bənövşələr", "Mənim", "Doymaq olmaz", "Sözüm olsun" və s. gəraylıları, ""Deyirəm", "Bizimdir", "Gözəl vətənim", "İstərəm", "Bəxtəvər" və s. qoşmaları, "Yaradar məni", "Yaralar məni", "Deyim", "Haqqı danısan" və s. təcnisləri, "Can demə", "Şaxtadır", "Düşmüşəm" və s. divaniləri, "Gəzirəm", "Çayçının qızı" müxəmməsləri, cığalı təcnisləri, dodaqdəyməz təcnisləri, deyişmələri oz dövrünün dillər əzbəri olub.

O, həm də "Leyli və Məftun" dastanının müəllifidir. Aşıq Əkbər vətənə, millətə, torpağa çox bağlı bir insan idi. "Vətən deyib dil-dil ötən, gümüş telli sazım var" – deyən ustadın yaradıcılığında vətənə məhəbbət, torpağa bağlılıq, millətə sədaqəthəmişə ön planda olub.

Aşıq Əkbər 1990-cı il avqustun 24-də vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.