Seyid Şuşinskinin ən layiqli tələbəsi Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Onun hələ kiçik yaşında ifa etdiyi Qarabağ şikəstəsi bütun Qarabağda insanları heyrətə gətirib. Əsasən Əhməd Ağdamski onun ifasını dinlədiyində gözlərindən qeyri ixtiyari yaş gəlib və onu bağrına basıb. Beləcə o, Ağdam musiqi məktəbinin tələbəsi olub. Özü də Seyid Şuşinskinin sinifində…

Söhbət kimdən gedir?

 

Mürşüd Məmmədovdan. O, 21 avqust 1929-cu ildə Qarabağda – Ağdam rayonunun Muradbəyli kəndində dünyaya göz açıb. Kiçik yaşlarından musiqiyə marağı olan Mürşüd qonşuluqda yaşayan Əhməd Ağdamskinin evinə yığışıb istedadlı xanəndələrin ifa etdiyi xalq mahnılarını və muğamlarını dinlər, onlardan eşitdiyi muğamları gizlicə zümzümə edərdi.

Qarabağın hər yerində Seyidin ən ləyaqətli tələbəsi kimi böyük şöhrət qazanıb. Lakin 3 ildən sonra Əhməd Ağdamski Ağdaş musiqi məktəbinə müdir vəzifəsinə və Seyid Şuşunski isə Baki musiqi texnikumuna müəllim göndərilib. Mürşüd Məmmədov İkinci dünya müharibəsindən sonra isə ailəsi ilə birlikdə Şəki şəhərinə köçüb.

Bir müddət Şəki şəhər Piyonerlər evində bədii özfəaliyyət kollektivinin solisti kimi fəaliyyət göstərib. Qısa zaman ərzində onun şöhrəti, adı-sanı Şəkiyə və ətraf rayonlara yayılıb. 1955-ci ildə Bakıda keçirilən Respublika xalq yaradıcılığı festivalının qalibi olub. Bundan sonra Seyid Şuşinski ona Bakıya köçməyi tövsiyə edib. Nəhayət, Mürşüd Məmmədov Azərbaycan Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən "AzKonsert"in solisti olub.

1956-cı ildə ailəsini köçürüb gətirən M.Məmmədovun Kömürçü bazarının yanındakı evi sənət məbədgahına çevrilib. Əliağa Vahid, Seyid Şuşinski, Xan Şuşinski, Yavər Kələntərli, Hacı Məmmədov, Ramiz Quliyev, Habil Əliyev, Əbülfət Əliyev, İldırım Həsənov, Arif Babayev, İslam Rzayev və digər sənət adamları bu evə toplaşar və sənət barədə maraqlı söhbətlər edərdilər.

Mürşüd Məmmədov xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün müəllimi Seyid Şuşinskidən səmərəli istifadə edib və ən ləyaqətli tələbəsi olub. Seyid Şuşinski onun bu istedadını görərək, davamçısı olaraq görüb və müəllimi Cabbar Qaryağdıoğlundan qalan "Qızıl Qavalı"nı tələbəsi Mürşüdə hədiyyə edib.

 1958-ci ildə Moskvada keçirilən ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olub. Ömrünün son illərində Muğam məktəbində dərs deyib. Gənclərə muğamlarımızın sirlərini öyrədib. O, ömrünün 30 ilindən çoxunu xanəndəlik sənətinə həsr edmişdir. Mürşüd öz müəllimi kimi, sevdiyi sənətinin qədrini bilib.

Qəlbinin çövrək duygularını milli musiqimiz olan muğamlarımıza verib. Mürşüd Məmmədov "Rast", "Segah zabul", "Qatar", "Bayatı Şiraz", "Mənsuriyyə", "Qarabağ Şikəstəsi" kimi muğamların gözəl ifaçısı olub. İfa etdiyi muğamlar hal-hazırda Azərbaycan Respublikasınin Qızıl fondunda və UNESCO-nun dəstəyi ilə yaradılan Qarabağ Xanəndələri Albomunda yer almaqdadır 26 aprel 1996cı ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.