İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu mahnıların hər biri onun səsiylə Azərbaycan musiqisinin xəzinəsidir. Təkrarsız və mükəmməl ifa, musiqi ilə səsin inanılmaz vəhdəti, könülləri riqqətə gətirən bir ahəngdarlıq, gözəllik...
Mən səni araram...
Bu çiçək yağışı...
Bilsən necə darıxmışam...
Unuda bilməzsən...
Yaşın nə fərqi var...
Neynərsən mənə...
Azərbaycan Respublikasının xalq artisti İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olub.
1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. 1962-ci ildə Moskvada Ümumittifaq Tələbə Festivalında birinci yer tutur. Dövlət Teleradio Komitəsi Estrada Simfonik Orkestrinin bədii rəhbəri, xalq artisti Tofiq Əhmədov onu kollektivə dəvət edir. 1963-cü ildə Zinyət Əlizadənin dəstəyi ilə ailəsindən xəbərsiz universitetin "Sevinc" estrada ansamblında çıxışlar etməyə başlayır.
1964-cü ildə Moskvadakı universitetlər arası ümumittifaq gənc istedadlar müsabiqəsində iştirak etmək üçün Moskvaya gedir. Anası Tükəzban xanım elə bilir ki, qızı festivala tamaşaçı kimi gedib. Orada Rauf Hacıyevin "Azərbaycanım", Tofiq Quliyevin "İlk görüş" mahnılarını ifa edir və yarışmanın qalibi olur.
1972-ci ildə, Moskvada keçirilən Azərbaycan bəstəkarlarının gecəsindən sonra Fikrət Əmirov onunla görüşür və ona yaxşı mahnılar yazacağını deyir. Və beləcə “Mən səni araram”, “Göygöl”, “Gülür ellər", "Gülərəm gülsən”, “De görüm, neyləmişəm” kimi mahnılar bəstələnir.
Sənətçi Süleyman Rüstəmin, Teymur Elçinin, Vaqif Səmədoğlunun, Baba Vəziroğlunun, Vahid Əzizin, Xanım İsmayılqızının, hətta Uilyam Şekspirin sözlərinə mahnı oxuyub. İlhamə Quliyevanın dediyinə görə, uzun illər qaçqın, məcburi köçkün ailələrinə yardım edib, müharibədən zərər çəkmiş 7 ailənin dolanışığına köməklik göstərib.
1994-cü ildə Həbib Bayramov dünyasını dəyişdikdən sonra Tükəzban İsmayılova səhnələrə çıxmaqdan imtina edir, oxumağa yox, susmağa üstünlük verir. Bu susqunluq İlhamə xanıma da təsir edir, o da bir müddət öz dünyasına çəkilir. Günlərin bir günü bəstəkar Faiq Sücəddinov İlhamə xanıma zəng edir:
"İlhamə, səninçün yeni mahnılar yazmışam".
İlhamə xanım isə oxumaq arzusunda olmadığını deyir. Faiq Sücəddinov “Neylərsən” mahnısını pianoda çalmağa başlayır. Mahnı onu təsirləndirir. "Neylərsən" İlhamə Quliyevanın yaradıcılığında dönüş nöqtəsi olur.
Videoqrafiya
- Incitmə Qəlbimi ft. Rəşad İlyasov
- Unuda Bilməzsən
- Gedirəm
- Ay Qaragilə
- Oyan, Bəxtim ft. Hüseyn Dərya
- Bu Gedən Karvan
- Bu sevgi hekayəti
- Ağla
- Çox darıxmışam
- Gülüm
- Sevgi Dünyamız
- Unut məni
- Azərbaycan bayrağı
Filmoqrafiya
Göy göl
Oxuyan ürəkdir
Adam ol!
Payız melodiyaları
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
- "Şöhrət" ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
- "Şərəf" ordeni
Ömrünün son dönəmlərində müğənninin adı qalmaqallarla yanaşı çəkildi, şəxsi həyatında qarışıqlıqlar, xoşagəlməz olaylar baş verdi, amma nə oldusa heç nə onun mükəmməl sənətinə kölgə sala bilmədi.
İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat etdi, 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edildi.
“Sən məni unuda bilməzsən...” – İlhamə xanımın məşhur mahnısının nəqaratıdır. Sevənin dilindən sevdiyinə ünvanlanır. Amma əslində bu, müğənninin tamaşaçılara xitabıdır. Bəli, o gözəl mahnıların müəllifini unuda bilmərik...
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)


