İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
O, opera səhnəsində Leyli, Əsli, Ərəbzəngi, Şahcənəm kimi obrazlarla məşhurlaşıb. Söhbət Azərbaycan Respublikasının xalq artisti Qəndab Quliyevadan gedir. Bu gün onun doğum günüdür.
1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. Azərbaycan Dövlət Musiqi Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. İlk muğam müəllimi Nəriman Əliyev olub. Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinfində dərs alıb və onun sənətini təkmilləşdirib. 1981-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.
Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Ərəbzəngi (Müslüm Maqomayev – "Şah İsmayıl"), Şahcənəm (Zülfüqar Hacıbəyov – "Aşıq Qərib"), Gülbahar (Şəfiqə Axundova – "Gəlin qayası"), Xanəndə qız (Ramiz Mustafayev – "Vaqif") rollarını yaratmışdır.
Qəndab Quliyeva bir çox xarici ölkələrdə – Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda qastrol səfərlərində olmuş, Azərbaycan muğam sənətini inkişaf etdirib. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxildir. Onun ifasında "Xaric Segah", "Şahnaz", "Mahur-Hindi", "Bayatı-Şiraz", "Şur" muğamlarının səsyazıları AzTR Fondunda saxlanılır.
Xanəndənin ifasında "Çahargah" muğamının səsyazısı isə Fransada "Muğam antologiyası" CD diskinə daxil edilib. Qəndab Quliyeva pedoqoji fəaliyyətlə də məşğul olub. Azərbaycan Dövlət və Mədəniyyət Universitetində muğamatdan dərs deyib.
Filmoqrafiya
- Qəzəlxan
- Bu səs Qədirin səsidir
Müğənni, aktrisa, Azərbaycan Respublikasının xalq artisti Qəndab Quliyeva uzun illər ürək və böyrək çatışmazlığından əziyyət çəkirdi. O, 2017-ci ilin fevral ayından sonra infarkt və 3 dəfə insult keçirmişdir. O, 16 iyun 2017-ci ildə səhhətindəki problemlərə görə, Respublika Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.
Sonradan sənətkar süni nəfəs aparatına qoşulub. Aparılan müəlicələrə baxmayaraq, Qəndab Quliyeva 26 iyun 2017-ci ildə vəfat edib. Xalq artisti vəsiyyətinə görə, Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.08.2026)


