Azlıq çoxluğa tabedir Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Təqvim yazısı hazırlayanda bir neçə namizəd arasında seçim aparırdım, əməkdaşlarımızdan bir neçəsi “öz zövqünlə eyni seçimləri etmə, hərdən dəyişiklik də et. Məsələn, Səyyad Əlizadədən yaz” dedilər. Bu müğənni heç vaxt dinləmə pley-listimdə olmayıb, bununla belə, dedim, yazaram. Azlıq çoxluğa tabedir.

 

Səyyad Əlizadə 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. İlk təhsilini Babı kəndindəki orta məktəbdə alıb. Uşaq yaşlarından məktəbdə keçirilən şənliklərdə və rayon ansamblında oxumağa başlayıb. 8-ci sinifdə oxuyarkən Füzuli rayonunda münsiflər heyətinə Ağabala Abdullayevin rəhbərlik etdiyi müsabiqədə qalib olub.

19 yaşında Azərbaycan Dövlət Televiziyasında "Xoş gördük, tələbə" verilişində çıxış etmişdir. 1977-ci ildə İnşaat Mühəndisləri İnstitutuna daxil olub. İnstitutda "Arzu" Xalq Çalğı Alətləri Ansamblı ilə "Oxu tar", "İstedadlar axtarırıq", müsabiqələrinin, "SSRİ-Yunan gəncləri" Festivalının laureatı olmuşdur. Tələbəlik illərində İslam Rzayevin "Araz" ansamblında çalışıb

İnstitutu qurtaranda, 1981-ci ildə Kiyev şəhərinə Metrotikinti idarəsinə növbə rəisi göndərilib. 1984-cü ildən 1994-cü ilə qədər burada işləyib. 1988-ci ildə M. A. Əliyev adına Azərbaycan İncəsənət İnstitutunun nəzdindəki Bakı Xalq İncəsənət Universitetinə daxil olub və 1990-cı ildə vokal ixtisası üzrə iki illik kursu bitirib

1987-ci ildə ilk "Təbrizim" albomu buraxıb. 1990-cı ildə hadisələrindən təsirlənən müğənni "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Gənc yaşlarında xalq mahnıları, təsniflər ifa edən Səyyad 1993-cü ildən Niyaməddin Musayev məktəbinin davamçısı olub. Sonra Cabbar Musayevlə albom üzərində işləyən Əlizadənin 1995-ci ilin mart ayında ilk "Gözlə, gələcəyəm" albomu Türkiyədə işıq üzü görüb.

Və ilk kaset böyük dinləyici məhəbbəti qazanıb. 1997-ci ilin iyun ayında müğənninin "Xallı qız" adlı növbəti albomu və diski satışa buraxılıb. 1999-cu ildə müğənni "Gözlərimin yaşı" adlı audio albom, "Xallı qız" adlı video albom və "Saçlarım bəyaz oldu" adlı disk buraxıb. Müğənninin 2000-ci ildə "Dünya gözəl dünyadır" və "Bizim uşaq dünyamız" adlı iki albomu, "Gözlərimin yaşı" adlı diski və "Sankt-Peterburq görüşləri" adlı video kaseti satışa buraxılıb.

2003-cü ildə "Su pərisi" adlı albomu, eyni adlı diski və "Gül ki, ürəyim gülsün" adlı video kaseti satışa buraxılıb. 2004-cü ildə müğənninin "Harda qaldın" albomu və diski, 2005-ci ildə müğənninin "Seçmələr" adlı audio kaseti və diski, 2006-cı ildə "Azəri qızları" adlı audio albomu və diski, 2008-ci ildə müğənninin "Sənin üçün oxuyuram" adlı audio kaseti və diski satışa buraxılıb.

11 oktyabr 2012-ci ildə müğənni, yeni "Bəyaz gecələrdən bəyaz xatirə" albomunun və həmin albomda yer alan, Bakı Metropoliteninin 45 illik yubileyinə həsr olunmuş "Bizim Metropoliten" mahnısına çəkilmiş klipin təqdimatını edib. Sənətkar Könül Kərimova, Rahidə Baxışova, Mətanət İsgəndərli, Mənzurə Musayeva, Türkanə Həsənova ilə duetlər ifa etmişdir. "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edib.

Səyyad Əlizadə 13 sentyabrda Covid-19 xəstəliyi ilə əlaqədar Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilib. Daha sonra 17 sentyabrda Mərkəzi Gömrük Hospitalına köçürülüb. Səyyad Əlizadə 30 sentyabr 2021-ci ildə 63 yaşında Covid-19 xəstəliyindən vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.