İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Musiqi sahəsində ən çətin janrlardandır marşlar. İndi sizə bu janrın ustadı barədə söz açacağam. 6 avqust onun anım günüdür. Qəribədir ki doğum günü də 12 avqustdur.
Həsənağa Abasquliyev 12 avqust 1938-ci ildə Bakıda müəllim ailəsində anadan olub. 1945-ci ildə hər iki valideynini itirib. Bu səbəbdən o, yeddi yaşında ikən Bərdə şəhərində uşaq evinə verilib. Uşaq evində keçirilən musiqi dərslərində Həsənağa trubada ifa etməyi öyrənib. Daha sonra Azərbaycan kapellasını təşkil edən Eduard Novruzovun xorunda oxuyub
1954-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub. Kərim Babayevin truba ifası sinfində təhsil alıb. Texnikumu başa vurduqdan sonra indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (1958-1963) təhsilini davam etdirib. 1963-cü ildə o, xalq artisti Rauf Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində çalışmağa başlayıb.
1960-cı illərdə Həsənağa Abasquliyev Rusiya Federasiyası Tomsk vilayətinin filarmoniyasından dəvət alıb və oraya işləməyə gedib. 1967-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində yaradılan "Biz Bakıdanıq" estrada-caz ansamblından dəvət alaraq ölkəyə qayıdıb.
Bakı Musiqi Akademiyasının dosenti olmuş bəstəkar Azərbaycan və Rusiya artistlərinin sirk nömrələrini müşayiət edən musiqilər yazıb. Onun rus sirk ustasının "Canlı şlyapa" nömrəsi üçün yazdığı musiqi 1990-cı illərdə Yaroslavlda keçirilən beynəlxalq müsabiqədə 4 mükafata layiq görülüb. 1992-ci ildə bəstəkar "Qarşılanma marşı"nı yazıb.
Bu musiqi 1993-cü ildən Bakının hava limanında yüksək ranqlı çinli qonaqların qarşılanma mərasimində ifa olunur. Daha sonra yazdığı "Səni gözləyirəm", "Ayrılıq", "Qarşılama marşı", "Topçular marşı", "Dünya azərbaycanlılarının həmrəylik mahnısı" mahnıları bəstəkarın məşhur əsərlərindəndir.
H.Abasquliyev 2000-ci ildə təşkil etdiyi caz orkestri ilə 2005, 2006, 2010-cu illərdə dəfələrlə beynəlxalq caz festivallarında iştirak edib və laureat olub. Həsənağa Abasquliyev 6 avqust 2018-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.08.2026)


