İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Az tanınmışlar” rubrikasındayıq və sizə bir bəstəkar barədə danışmaq istəyirəm. Kamal Əhmədov barədə. Bu gün onun 78 yaşı tamam olur. Az tanınır, amma çox tanınmağa layiqdir.
Kamal Əhmədov 5 avqust 1948-ci ildə Naxçıvan şəhərində anadan olub. Tar ixtisası üzrə ibtidai musiqi təhsilini Naxçıvan şəhər uşaq musiqi məktəbində Rəşid Məmmədovdan yiyələnib, orta musiqi təhsilini isə Bakı şəhərində A. Zeynallı adına Musiqi Texnikumunda alıb. Texnikumda oxuduğu illərdə polifoniya, harmoniya, analiz və s. musiqi elmlərinə yiyələnib, dünya musiqisi ilə tanış olub
Muğam sənətinin sirlərini muğam bilicisi, ustad Əhməd Bakıxanovdan öyrənib. Bu illərdə Kamal Rüstəm oğlunda bəstəkarlıq sənətinə maraq yaranıb. Piano üçün yazdığı kiçik pyes və prelüdlər onun ilk yaradıcılıq məhsuludur. 1973-cü ildə A. Zeynallı adına musiqi texnikumunun xalq çalğı şöbəsinin tar sinfini bitirib, işləmək üçün təyinatını Ordubad musiqi məktəbinə alıb.
K. Rüstəm oğlu musiqi məktəbində Xalq Çalğı Alətləri Orkestri təşkil edib. Ordubadda ilk Xalq Çalğı Alətləri Orkestri sayılan bu kollektivin konsertləri dəfələrlə Naxçıvan televiziyası ile göstərilib, bir çox konsert salonlarında nümunəvi çıxışları olub. Məhz bu illərdə onun bəstəkarlığa olan marağı daha da artmış, orkestr üçün bir sıra işləmələr və mahnılar yazıb.
İki il Ordubadda, bir il Naxçıvan musiqi məktəbində işlədikdən sonra 1976-cı ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şö`bəsinə daxil olur. Lakin bəstəkarlığa olan həvəsi onu 3 il sonra yenidən konservatoriyanin bəstəkarliq şö`bəsinə imtahan verərək bəstəkarlıq ixtisası üzrə təhsilini davam etdirməyə sövq edib
Respublikamızın görkəmli bəstəkarı, professor Xəyyam Mirzəzadənin sinfində bəstəkarlıq sənətinin sirlərini mənimsəyib, eyni zamanda dünya musiqi korifeylərinin klassik və müasir səpkili əsərlərini öyrənərək, özünün fərdi yaradıcılıq üslubunu müəyyən edib. Musiqinin bir çox janrlarında əsərlər yazan Kamal Rüstəm oğlu öz dəstixəttini püxtələşdirməyə nail olub.
Təhsil illərində yazdığı fortepiano üçün "Prelüd və fuqalar", "Variyasiyalar", tar üçün "Sonata", simli alətlər ansamblı üçün "Kvartet" və s. əsərlər onun peşəkar yaradıcılığının ilk dövrünü təşkil edib. Konservatoriyada keçirilən konsertlərdə onun bir sıra əsərlərinin ifası musiqisevərlərin rəğbətini qazanıb. Diplom işi kimi Böyük simfonik orkestr üçün yazdığı "Cavid" simfonik poeması təhsil illərinin ən mükəmməl və uğuru əsəri hesab edilə bilər.
Bəstəkar bu əsərdə orkestrin tembr xüsusiyyətlərindən, imkanlarından bacarıqla istifadə edərək polifonik səpkili əsas mövzunun müxtəlif kolorit və ritmik dəyişikliyə uğrayan inkişafı vasitəsilə nakam şairimiz Hüseyn Cavidin keşməkeşli, ağır taleyini göstərməyə çalışıb. Müəllif xalq musiqisinin elementlərindən, muğam intonasiyalarından istifadə edərək əsərin simfonik dilini zənginləşdirib, milli koloritlə avropa musiqi koloritinin sintezini yaradıb.
Təsadüfi deyil ki, bu poema 1988-ci ildə Ukrayna Respublikasının Xalq artisti Aleksey Fedoseyeviç Qulyaniskinin idarəsilə Krım Dövlət Filarmoniyasının Simfonik Orkestri tərəfindən ifa edilib və orkestrin repertuarına salınıb. Əsərin uğurlu ifası və özünəməxsus maraqlı bəstəkar manerası haqqında "Sovetskiy Krım" qəzetində musiqişünas Sokolik müsbət resenziya yazmaqla bərabər müəllifi böyük istedada malik musiqiçi adlandırıb.
1985-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə təhsilini başa vurduqdan sonra K. Əhmədov Naxçıvan şəhərinə gəlib, burada yeni yaranan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində fəaliyyətə başlayıb. Bu illərdən başlayaraq o, yaradıcılığını Xalq Çalğı Alətləri Orkestri ilə bağlayıb, orkestr üçün müxtəlif səpkili əsərlər yazmış, transkripsiyalar və işləmələr edib.
Kamal Əhmədov mahnı yaradıcılığında əsasən naxçıvanlı şairlərin sözlərinə müraciət edib. M. Nəsirlinin sözlərinə "Qızlar bulağı", H. Valehin sözlərinə "Qoşa çinar", "Yaqub Şirinoğlunun sözlərinə "Saçlarıma qar da yağdı", "Gözlərinə baxan zaman", E. Maqsudovun sözlərinə "Zəfər marşı", "Anacan", Rövşən Əhmədin sözlərinə "Milli Ordumuz", Tərifənin sözlərinə "Bənövşə", T. Aslanin sözlərinə "Unutdun məni" digər şairlərin sözlərinə "Kaman səsi", "Bu yolu seçdim", "Keçmə" və s. mahnılar yazıb.
"Azadlıq türküsü", Sevdam" mahnılarının sözləri isə bəstəkarın özünə məxsusdur. Xalq Çalğı Alətləri Orkestrinə dərindən bələd olan Kamal Əhmədov bir sıra orkestr əsərləri yazıb. "Cəngi", "Süita", "Naxçıvan eskizləri", "Rekviyem" kimi əsərləri öz orijinallığı ilə fərqlənir. Azərbaycanın azadlığı uğrunda həlak olan şəhidlərə həsr olunan "Rekviyem" əsəri xalq çalğı alətləri orkestrinin janr xüsusiyyətlərini aşaraq simfonikliyi ilə diqqəti cəlb edir.
Təsadüfi deyil ki, bu əsər dəfələrlə "Şəhidlər" simfoniyası adı altında səsləndirilərək Naxçıvan televiziyası ilə göstərilib. 1985-ci ildən 1997-ci ilədək Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin yaranmasında və formalaşmasında böyük zəhməti olan Kamal Əhmədovun idarəsilə bu orkestr Bakı, Sumqayıt və digər şəhərlərdə dəfələrlə müvəffəqiyyətli konsertlər verib.
Bəstəkarın yaradıcılığı xalq çalğı alətləri orkestri üçün yazdığı əsərlərlə məhdudlaşmır. O, bir sıra vokal, instrumental və simfonik əsərlərə müraciət etmiş, qarışıq xor üçün "Fuqa", aşıq mahnıları mövzusu əsasında "A-kapellalar", böyük simfonik orkestr və fortepiano üçün "Konsert", kamera orkestri üçün "Simfoniya" və s.əsərlər yazıb.
Bəstəkarın kamera orkestri üçün yazdığı 3 hissəli "Simfoniya" Türkiyənin istedadlı dirijoru Saim Akcılın rəhbərlik etdiyi İstanbul-Borusan Oda Orkestri tərəfindən səslənmiş və orkestrin daimi repertuarına salınıb. Bəstəkar bir neçə tamaşaya da musiqi yazıb. Belə ki, C. Məmmədquluzadənin "Dəli yığıncağı", M. Paşayevin "Dirilən adam", S. Vurğunun "Fərhad və Şirin" tamaşalarına musiqi bəstələyib
Keçmiş SSRİ Bəstəkarlar İttifaqının üzvü olan Kamal Əhmədov hal-hazırda Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan MR Təşkilatının məsul katibi olmaqla yanaşı, Naxçıvan Dövlət Universitetində pedoqoji fəaliyyətini davam etdirib. Bəstəkarın fortepiano üçün yazdığı "Mövzu ilə variyasiyalar" əsəri Beynəlxalq Müsabiqələr laureatı, pianoçu Svetlana Əhmədova tərəfindən,2007-ci il tarixdə Bakı şəhərində keçirilən Azərbaycan Bəstəkarlarının 8-ci Qurultay konsertində uğurla ifa edilib
2007–2008 illər ərzində kamera simli orkestri üçün "Simfonietta", Gəmiqaya" simfonik lövhələri, kamera orkestri, iki solist və qarışıq xor üçün Zəlimxan Yaqubun sözlərinə "Ömrün Heydər zirvəsi" odasını, piano, iki solist və qarışıq xor üçün Yaqub Şirinoğlunun sözlərinə "Marş irəli", qanun və xalq çalğı alətləri orkestri üçün "Rapsodiya", tar ilə böyük simfonik orkestr üçün üç hissəli "Konsert" yazıb.
Poiano və böyük simfonik orkestr üçün üç hissəli konserti və böyük simfonik orkestr üçün "Cavid" simfonik poemasını redaksiya edib. Hal-hazırda bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan Təşkilatının məsul katibi işləməklə yanaşı, Naxçıvan Dövlət Universitetində İncəsənət Fakulltəsinin Bəstəkarlıq kafedrasına rəhbərlik edir.
“Ədəbiyyat və incəsənət”
(05.08.2026)


