İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Onun bəstələdiyi "Cücələrim" mahnısı o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. Dünyada "Cücələrim" qədər geniş yayılan, yüz milyonlarla uşaqların və böyüklərin — müxtəlif nəsillərdən olan adamların zövqünü oxşayan ikinci bir Azərbaycan mahnısı yoxdur. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi "Cücələrim" qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb.
Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi.
Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları musiqiyə sonsuz marağı olan balaca Qəmbərə böyük təsir göstərirdi.
O dövrdə Gəncədə tez-tez aşıq musiqisi gecələri də təşkil olunurdu. Aşıq İslam Yusifov, Aşıq Əsəd, Bozalqanlı Hüseyn, Aşıq Nağı, Teymur Hüseynov, Aşıq Qədir və başqalarının sazlı-sözlü dünyası balaca Qəmbərin musiqi sənətinə olan marağını daha da artırırdı. 1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunub.
1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olub. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayıb. "Rast"ı, "Şur"u, "Zabul segahı"nı və başqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı Q. Hüseynli hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alıb. Həyatın nəbzini musiqiylə tutanda…
1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilib. Ona Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklif olunanda tərəddüd etmədən razılıq verib. İki il müddətində tanınmış musiqi pedaqoqu A. S. Şvartsın violonçel sinfində təhsil alıb.
Qərb ölkələrində geniş yayılan bu aləti öz fitri istedadı ilə "özününküləşdirməyi" bacarıb. Lakin Qəmbərin musiqi bəstələməyə olan hədsiz marağı onu bir an belə, rahat buraxmır. Bu cəhət o dövrdə texnikumda çalışan görkəmli musiqi pedaqoqlarının da diqqətindən yayınmır. Qəmbəri orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə keçiriblər. O, burada Q. Z. Buruşteynin sinfində təhsilini davam etdirib.
Çox keçmir ki, Qəmbərin bəstəkarlıq üçün çox zəruri olan qabiliyyətləri özünü göstərib. O, görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə "Tellər oynadı" romans-mahnısını bəstələyib. 50 ildən çox bir müddətdə ağızlardan düşməyən bu gözəl vokal əsəri ilə gənc Qəmbər istedadlı bir bəstəkar olacağını təsdiqləyib. 1939-cu ildə Qəmbər Hüseynli milli musiqimizin beşiyi olan Şuşanın Musiqi Texnikumuna direktor vəzifəsinə göndərilib.
O, burada cəmi bir il çalışsa da, əhəmiyyətli işlər görməyə müvəffəq olub. Bir il sonra Qəmbər Hüseynlini yenidən Bakıya dəvət ediblər. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri işləyib.
Gənc bəstəkar 1951-ci ildə yenidən A. Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin bəstəkarlıq şöbəsinə daxil olaraq professor B. İ. Zeydmanın sinfində təhsilini davam etdirib. Üç ildən sonra tanınmış şair Mirmehdi Seyidzadənin librettosu əsasında diplom işi kimi "Qızıl quş" operasını yazaraq, 1954-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib.
Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romans yaradıcılığı mühüm yer tutub. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma", "Gülə-gülə", "Sən-sən" və s. əsərlərindəki zərifliyə heyran qalmamaq mümkün deyil.
İndi isə qayıdaq bəstəkarın mahnı çələngində öz təravəti, xalq təranələri ilə könüllər oxşayan, bütün dünyanı diyar-diyar dolaşan sənət incisinə— "Cücələrim"ə. Qəmbər Hüseynli deyəndə "Cücələrim", "Cücələrim"in sədası yayılanda isə Qəmbər Hüseynli yada düşür. Şair Tofiq Mütəllibovla birgə hələ 1948-ci ildə bu gözəl sənət incisini yaratmaq böyük sənət uğuru idi.
Bu mahnı sanki Azərbaycanın "vizit vərəqi"nə çevrilib. 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi "Cücələrim" mahnısının ifası ilə salamlayır. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması demək idi.
Vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək "Cücələrim"i ifa edir və qonaqlara üz tutuaraq deyir:
"Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!"
Mükafatları
- "Şərəf nişanı" ordeni
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
Qəmbər Hüseynli 31 iyul 1961-ci ildə vəfat edib Bu gün biz onun vəfatının 65 illiyini qeyd edirik.
2007-ci ildə bəstəkarın həyat və fəaliyyətindən bəhs ed "Qəmbər Hüseynli" adlı qısametrajlı sənədli film çəkilib. 25 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.07.2026)


