Qəfil gələn bədbəxçiliyə qurban gedən istedadlı musiqiçi Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ölüm qaşla gözün arasındadır. Qəfildən elə gəlir, sən bircə an əvvəl onun gələ biləcəyini milyardda bir ehtimalla da güman edəmmirsən...

 

Ötən əsrin 80-ci illərində ölkəmizdə "Dan ulduzu" instrumental ansamblı çox məşhur idi, ansambla da istedadlı musiqiçi Gülarə Əliyeva başçılıq edirdi.

1991-ci ilin 27 iyul günü adidən də adi gün kimi görünürdü. Gülarə xanımın həyat yoldaşı kulturoloq Adil Adilov Moskva klinikasına müalicəyə yola düşürdü. Gülarə xanım və kiçik qızları Nuridə, həmçinin "Dan ulduzu" ansamblının istedadlı violonçelisti Minirə Adil müəllimi qapıdan yola salıb birgə eyvana çıxdılar ki baxışları ilə də onu avtomobilə minicəyə qədər müşayiət eləsinlər. Və bu an gözlənilməzi baş verdi. Köhnə tikilinin eyvanı gurultuyla uçdu. Gülarə Əliyeva və qızı Nuridə beləcə, həyata əlvida dedilər.

İndi onların hər ikisi Yasamal qəbiristanlığında uyuyurlar.

 

Əliyeva Gülarə Əziz qızı 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. O, görkəmli dövlət xadimi Əziz Əliyevin – Azərbaycan Prezidenti İlham Əliyevin ana babasının qızı – xalası idi.

Gülarə xanım 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, eləcə də Ə. Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışıb. 1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri olub.

Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir; ansambl üçün bir sıra xalq mahnısını aranje edib. Ansambl ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və s. xarici ölkələrdə çıxış edib.

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib, 1966–1988 illərdə musiqi nəzəriyyəsi kafedrasının müdiri olub. "Dan ulduzu" ansamblına onun adı verilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.