Prezidentin musiqi müəllimi Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Hazırda Bakı Musiqi Akademiyasında, Milli Konservatoriyada çalışan bir sıra dosent və müəllimlər onun yetirmələridir. Bu xanım musiqimizin nəzəriyyəsinə, musiqi kadrlarının hazırlanmasına öz töhfələrini layiqincə vermişdir.

Prezident İlham Əliyev və bacısı Sevil Əliyeva, digər tanınmış şəxslər də vaxtilə Milli Təhlükəsizlik Nazirliyinin orta ixtisas musiqi məktəbində bu xanımın sinfində oxuyublar.

Bu günsə onun doğum günüdür, anadan olmasının 92-ci ildönümüdür.

 

Nahidə-Leyla Məmmədova 27 iyul 1934-cü ildə Bakı şəhərində anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə bitirib. 1960-cı ildən Milli Təhlükəsizlik Nazirliyinin orta ixtisas musiqi məktəbində müəllim işləyib. Nahidə Məmmədova, 1967-ci ildən 2016-cı ilə kimi bu təhsil ocağının direktoru olub.

 Əvvəllər kurs kimi fəaliyyət göstərmiş bu məktəb məhz Heydər Əliyevin təşəbbüsü ilə 1967-ci ildə orta ixtisas musiqi məktəbi statusunu alıb. Onun məsləhəti ilə də N. Məmmədova bu təhsil ocağına direktor təyin olunub. 1972-ci ildən N. Məmmədova Bakı Musiqi Akademiyasının metodika və xüsusi pedaqoji hazırlıq kafedrasında da fəaliyyət göstərib.

1977-ci ildə Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülüb. Təhsil Nazirliyinin nəzdindəki Vahid Elmi-Metodik Şurada musiqişünaslıq bölməsində sədr müavini, sonradan isə üzvü kimi səmərəli fəaliyyət göstərib. Musiqi müəllimlərinin hazırlanmasında böyük əməyi olan professor N. Məmmədova xüsusi pedoqoji hazırlıq fənnini böyük həvəs və məharətlə tədris edib.

1985-ci ildə Vilnus şəhərində keçirilən Ümumittifaq seminarda "Fortepiano sinfi üzrə yeni proqramın vacibliyi" məruzəsi ilə, 1986-cı ildə Lvov şəhərində keçirilən Ümumittifaq seminarda "Fortepiano əsərlərində səslənmə üzərində iş" məruzəsi ilə çıxış edib.

N. Məmmədovanın təşəbbüsü və fəal iştirakı ilə 1989-cu ildə keçmiş SSRİ respublikaları arasında məhz Bakı Musiqi Akademiyasında "Xüsusi pedaqoji hazırlıq" tədris fənni açılaraq, ilk dəfə dövlət imtahanları keçirilməyə başlayıb. 1990–1991-ci illərdə bu fənn üzrə dövlət imtahan komissiyasının sədri olub.

Nahidə xanım Azərbaycanda ilk dəfə olaraq "Fortepiano sinfi üzrə Proqram (I–XI siniflər)" dərsliyini hazırlayıb, N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində musiqi kafedrasının açılmasının təşəbbüskarı olub və burada tədris edilən ilk dərsliyin redaktoru olub, həmçinin müxtəlif vaxtlarda burada keçirilən elmi konfranslarda da uğurla çıxış edib.

Nahidə Məmmədova Milli Təhlükəsizlik Nazirliyinin, eyni zamanda ölkənin müvafiq təhsil ocaqlarının professor-müəllim heyətinin dərin hörmət və rəğbətini qazanıb.

 

Dərs vəsaitləri

- "Müəllim və şagird"

- "Fortepianoda ibtidai tədris təlimi"

- "Fortepiano əsərlərində səslənmə üzərində iş haqda"

- "Fortepiano əsərlərində müşayiət üzərində iş"

- "Musiqi məktəbində dərs"

- "Fortepiano pedaqogikasında bəzi pedaqoji mülahizələr haqda"

- "İfaçılıq texnikası üzərində işin növləri

 

Mükafatları

- Azərbaycan SSR əməkdar müəllimi

- "Əmək veteranı" medalı

- Prezident təqaüdçüsü

 

Nahidə xanım 23 yanvar 2016-cı ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.