Musiqi Akademiyasını bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadın Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bir gün gənc xanım Ədilə Hüseynzadə Ağabacı Rzayevanın Üzeyir Hacıbəylidən bəstəkarlıq dərsləri aldığını öyrənir. O da özünü bu sahədə sınamaq qərarına gəlir və İsmayıl Soltanın "Yadigar" şeirinə musiqi bəstələyərək Üzeyir Hacıbəyliyə təqdim edir. Dahi bəstəkarın bəstəni bəyənməsindən sonra Ədilə Hüseynzadə Vokal şöbəsindən Bəstəkarlıq şöbəsinə keçir və Üzeyir Hacıbəylinin tələbəsi olur. O, həftədə dörd dəfə Üzeyir Hacıbəylidən dərs alırmış...

 

Ədilə Hüseynzadə 29 aprel 1916-cı ildə Bakıda anadan olub. O, altı yaşından Yeddiillik musiqi məktəbində professor İ.S.Aysberqin sinfində fortepiano ilə məşğul olmağa başlayıb. Dəqiq elmlərə marağı nəticəsində əvvəlcə 1929-1932-ci illərdə N.Nərimanov adına Sənayə Texnikumunda, sonra isə imtahansız Azərbaycan Dövlət Neft və Sənayə Universitetində təhsil alıb.

Hər iki təhsil ocağını əla qiymətlərlə başa vuran Ədilə Hüseynzadə mühəndis-texnoloq peşəsinə yiyələnib.

Ədilə Hacıağa qızı Hüseynzadə XX əsrin 40-cı illərində Üzeyir Hacıbəyovun təşəbbüsü ilə musiqi aləminə gəlib. O, 1942-ci ildə Üzeyir Hacıbəylinin yanına gələrək müğənnilik sənətinə yiyələnmək istədiyini bildirən Ədilə Hüseynzadə bundan sonra Bakı Musiqi Akademiyasının Vokal şöbəsinə qəbul olub.

Metsosoprana səsinə malik Hüseynzadə Ədilə vokal dərslərini SSRİ Xalq artisti Bülbülün sinfində alıb. Daha sonra professor Bülbül tələbəsinin əsərlərinin ilk ifaçılarından biri olub. 1945-ci ildə ekranlaşdırılan "Arşın mal alan" filmində Asyanın vokal partiyası Üzeyir Hacıbəyli tərəfindən Ədil Hüseynzadəyə həvalə olunub və ifası Üzeyir Hacıbəyli tərəfindən müsbət qiymətləndirilib

Sonra isə yazının əvvəlində qeyd etdiyim olay baş verib və Ədilə xanım bəstəkarlığa keçib. Ədilə Hüseynzadənin "Vəslin həvəsi" adlı romansı müəllimi tərəfindən yüksək qiymətləndirilərək ifa olunması üçün Bülbülə təqdim olunub. Ədilə Hüseynzadə arıtq tələbəlik illərində həm ölkə daxilində, həm də ölkə xaricində öz əsərləri ilə tanınmağa başlayıb.

 

 

Ədilə Hüseynzadə 1948-ci ildə Üzeyir Hacıbəylinin vəfatından sonra professor B.İ.Zeydmanın sinfində təhsilini davam etdirib. O, Bakı Musiqi Akademiyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır. Bəstəkar təhsilini başa vurduqdan sonra 1953-1988-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.

O, 33 il çalışdığı məktəbdə Müslüm Maqomayev, Sevda İbrahimova, Firəngiz Əlizadə, Elnarə Dadaşova kimi tanınmış musiqiçilərə Kompozisiyanın əsasları fənnindən dərs deyib. Ədilə Hüseynzadə həm bəstəkar kimi, həm də pedaqoq kimi Azərbaycan musiqi mədəniyyətinə öz töhfələrini verib. O, bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaradıb.

Lakin bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edib. Milli musiqimizdə romans janrının təşəkkülündə onun özünəməxsus yeri vardır. Ə. Hüseynzadənin Nizaminin sözlərinə yazılan "Vəslin həvəsi" romansı, habelə Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şeirlərinə bəstələnən romansları və şəksiz nailiyyəti olan "Duyğular" vokal silsiləsi Azərbaycan musiqisinin inciləridir.

Həmçinin "Bülbül", "Qarayazı meşəsində", "Bir səs", "Susdu bülbülümüz", "Günədən gənclik istədim", "İnsanları sevməsəydim", "Yenə elədir" və s. romansların müəllifidir. Onun yaradıcılığının əsasını, vokal əsərlərinin üstün olduğu kamera musiqisi təşkil etsə də, Ədilə xanım bir sıra irihəcmli əsərlər də yaradıb. Ədilə Hüseynzadənin yaradıcılığında irihəcmli əsərlərin yazılması iki mərhələdən ibarətdir.

Birinci mərhələ 1946-1953-cü illəri, ikinci mərhələ isə 1972-1975-ci illəri əhatə edib. Birinci mərhələdə xor üçün "Oktyabr", xor və simfonik orkestr üçün "Vətən" kantatası, simfonik poema, "Vətən" vokal və simfonik silsiləsi, xor, solistlər və simfonik orkestr üçün "Sülhün səsi" kantatası yazılıb. Habelə bəstəkar 1951-ci ildə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovaya həsr etdiyi simfonik poemanı qələmə alıb.

Xor və kollektivlər üçün əsərlər bəstələnən ikinci mərhələdə tar və solistlər və xor üçün "Ərəb dostlarıma", solistlər və xor üçün "Neylərəm", xor üçün "Üzün bərqi gülitərdir", a kapella xoru üçün "Vətən" adlı xor əsərləri, solist bariton qadın xoru və orkestr üçün "Oğlumun babasına" adlı ballada yazılıb. Ədilə Hüseynzadə 1944-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi və onun tədbirlərində fəal iştirak edib.

 

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyovun tələbələrindən biri Ədilə xanıın Hüseynzadə 20 iyul 2005-ci ildə vəfat edib.

 

Mükafatları

- Böyük Vətən müharibəsindəki şücaətli əməyinə görə" medalı

- "Azərbaycan SSRİ Əməkdar incəsənət xadimi" adı

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.