“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan cazı Vaqif Mustafazadə ilə gəlmişdi, onunla da getdi... Belə deyirlər. Amma yanlış deyirlər. Ən azından, ona görə ki, Əzizə Mustafazadə var, Nurlan Novrəsli var...
Onun ifası çox bəyənilir.
Böyük pərəstişkar ordusu var.
Cazımıza yeni nəfəs, yeni həyat verib.
Söhbət Azərbaycan Respublikasının Əməkdar Artisti Nurlan Növrəslidən gedir. Və bu gün onun doğum günüdür.
Nurlan Novrəsli 16 iyul 1984-cü ildə Bakı şəhərində anadan olub. Dahi azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsidir. 1993–2002-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kaman və xanəndəlik sinfində təhsil alıb. 2006-cı ildə Bakı Musiqi Akademiyasının "solo oxuma" fakültəsini, professor Elmira Quliyevanın sinfini bitirib. Musiqi məktəbləri arasında keçirilən VII Respublika müsabiqəsinin laureatı olub.
İlk olaraq Space telekanalının təqdim etdiyi "Azəri Star–2004" musiqi-televiziya müsabiqəsində iştirak etdiyi dövrdə geniş tamaşaçı kütləsi tərəfindən tanınıb. O bu müsabiqədə İlhamə Quliyeva və Faiq Sücəddinov kimi tanınmış sənətkarların xüsusi rəğbətini qazanıb və yarışmanın finalçısı olub.
Novrəsli 2006-cı ildə Qazaxıstanda keçirilən "CAHAN DALA" IX Populyar musiqi və mahnı müsabiqəsinin laureatı, I yerin qalibidir.
Mütamadi olaraq Azərbaycan Televiziyasının önəmli rəsmi gecələrində və tədbirlərində iştirak edir. O həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Mədəniyyəti günlərində Azərbaycanı təmsil edib. İstedadlı müğənni olmasıyla bərabər, həm də gözəl kaman və skripka ustasıdır.
Hər ifaçı musiqini tam duya bilməz. Musiqini tam duymaq tək musiqi savadından, notları bilməkdən asılı deyil. Burada duyum, hissiyyat və fəhm də lazımdır. Bax bunlar Nurlan Novrəslidə kifayət qədərdir.
“Ədəbiyyat və incəsənət”
(16.07.2026)


