İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Opera tariximizdə silinməz ad qoyub Azərbaycan SSR xalq artisti Rauf Atakişiyev. Bu gün onun doğum günüdür, 101-ci ildönümüdür. Yəqin yadınızdadır, ötən il bu gün musiqi ictimaiyyəti onun 100 illiyini qeyd etdi. Quş qanadlı illər artıq 101-ə tələsdi…
Müğənni 15 iyul 1925-ci ildə Göyçay rayonununda dünyaya göz açıb. Moskva Dövlət Konservatoriyasını Konstantin Nikolayeviç İqumnovun sinfi üzrə bitirib və vokal üzrə Antonina Vasilyevna Nejdanovadan dərs alıb. Opera və Balet Teatrının solisti olub.
Azərbaycan Opera və Balet Teatrının səhnəsində Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında Əsgərin partiyasını ifa edib. 1965-ci ildə çəkilən "Arşın mal alan" filmində də Əsgərin mahnıları Atakişiyevin ifasında səslənib.
Lenski ("Yevgeni Onegin", P. Çaykovski), Alfred ("Traviata", C. Verdi), Almaviva ("Sevilya bərbəri", C. Rossini), Faust ("Faust", Ş. Quno), Balaş ("Sevil", F. Əmirov) partiyalarını ifa edib.
Lirik-dramatik tenor səsi olub və həm də pianoçudur. Teatrda Əsgər ("Arşın mal alan"), Faust ("Faust"), Qraf Almaviva ("Sevilya bərbəri", Coakkino Rossini), Knyaz Sinoda ("Demon", Anton Rubinşteyn), Hofman ("Hofmanın nağılları", Jak Offenbax), Malxaz ("Daisi", Zaxari Paliaşvili), Alfred ("Traviata", Cüzeppe Verdi), Edmond ("Kornevil zəngləri", Rober Plaket), Anatoli ("İnsanın taleyi") partiyalarını oxuyub.
Rəşid Behbudovun ifasında daha çox məşhur olan "Явстретилдевушку" mahnısının ilk ifaçısıdır. Mahnı ilk dəfə 1957-ci ildə Tacikistan SSR-in "Stalinabad" kinostudiyasında çəkilmiş eyniadlı filmdə ifa olunub.
Filmoqrafiya
- Konsert
- Arşın mal alan
- İmtahan
Mahir ifaçı barədə “Mənim müəllimim” adlı xatirələrində Fəridə Əhmədbəyova yazır:
“Rauf Atakişiyev özünün yaradıcılığı boyu Azərbaycan bəstəkarlarının bir çox mahnı və romanslarının ifaçısı olmuşdur. Rauf müəllim Azərbaycan musiqi sənətinin korifeylərindən Ü.Hacıbəyli, A.Zeynallı, F.Əmirov, Q.Qarayev, T.Quliyev, A.Məlikov, S.İbrahimova və digər bəstəkarların bir çox mahnı və romanslarının təkrarolunmaz ifaçısı olmuşdur
Eyni tərzdə gözəl vokal imkanları və yüksək pianoçuluq istedadı olan Rauf Atakişiyev, ömrü boyu müğənni və pianoçu kimi aktiv konsert fəaliyyəti ilə də məşğul olurdu. Keçmiş SSSR-nin və xarici ölkələrin ən nüfuzlu konsert salonlarında uğurla çıxış etmiş Rauf Atakişiyevin repertuarı geniş və müxtəlifdir.
Rauf müəllim Rusiya, Ukrayna, Orta Asiya, Gürcüstan, Bolqarıstan, Almaniya, Polşa, İngiltərə, Belçika, Lyuksemburq, Portuqaliya və dünyanın digər ölkələrində qastrolda olan zaman öz gözəl konsert proqramları ilə musiqisevənləri heyran qoymuşdur.
Qeyd olunmalıdır ki, mahir müğənni kimi çıxış edən Rauf Atakişiyevə SSRİ--nin və Azərbaycanın xalq artisti, professor, gözəl pianoçu Fərhad Şəmsi oğlu Bədəlbəyli böyük məharətlə müşayiət edirdi. Konsertmeyster ustalığının sənətini zənginləşdirən Fərhad Bədəlbəylinin ifası özünə məxsus tərziylə fərqlənirdi.
Demək olar ki, onların ifasında əvəzolunmaz iki böyük ustad sənətkarların, müğənni və royalın səs tembrləri qovuşaraq bir-birini tamamlayırdı. Rauf Atakişiyev və Fərhad Bədəlbəylinin konsert proqramlarında bir çox rus bəstəkarlarının: M.Qlinka, N.Rimskiy-Korsakov, A.Qurilyov, A.Qreçaninov, P.Çaykovskiy, S.Raxmaninovun romansları təkrar olunmaz sənətkarlıqla ifa olunmuşdur.
Onların bənzərsiz çıxışları geniş tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanırdı. 1983-cü ildə Belçika və Lyuksemburqda, qastrol zamanı SSSR-inin və Azərbaycanın xalq artistləri, əfsanəvi vokal ustadları Tamara Sinyavskaya, Müslüm Maqomayev və Azərbaycanın xalq artisti, gözəl pianoçu Rauf Atakişiyev geniş və maraqlı konsert proqramı ilə musiqisevənləri heyran etmişdilər.
Yüksək pianoçuluq keyfiyyətinə malik olan Rauf Atakişiyev konsertlərdə eyni zamanda həm solist, həm də konsertmeyster kimi böyük məharətlə çıxış etmişdir. Mahir pianoçunun solo proqramına F.Şopenin, P.Çaykovskinin, Q.Qarayevin əsərləri daxil olmuşdur. Rauf Atakişiyevin konsertmeyster kimi çıxışlarında V.Motsartın, A.Borodinin, N.Rimskiy-Korsakovun, S.Raxmaninovun, Ü.Hacıbəylinin əsərləri böyük məharətlə ifa olunmuşdur.
Demək olar ki, dünya musiqi mədəniyyətinin üç korifeyləri - Tamara Sinyavskaya, Müslüm Maqomayev və Rauf Atakişiyevin parlaq və unudulmaz konsertləri geniş tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanmışdır. Mənə Rauf Atakişiyevin sinfində təhsil almaq xoşbəxtliyi nəsib olmuşdur. Yadımdadır ki, Rauf müəllim ilə tanışlığım Asəf Zeynallı adına musiqi texnikumun fortepiano şöbəsində gözəl pedaqoq Harri Bayramoviç Həbibovun sinfində oxuyan zaman olmuşdur
Təhsil alan illərdə mən müxtəlif konsertlərə gedirdim, eləcə də Rauf Atakişiyevin tələbələrinin konsertləri ilə tanış olmuşdum və çox bəyənmişdim. Təhsilimi Rauf Atakişiyevin sinfində davam etdirməyi arzu edirdim. Asəf Zeynallı adına Musiqi texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra Ü.Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasına əla qiymətlərlə daxil oldum.
O zaman Rauf Atakişiyevin sinfində konservatoriyanın ən istedadlı tələbələri təhsil alırdı və onun sinfi tərkibinə görə konservatoriyanın ən öndə gedən sinfi idi. Rauf Atakişiyevin sinfinə qəbul olunmaq olduqca çətin idi. O zaman Rauf müəllim onun sinfində oxumaq arzusunda olan tələbələrin ifaçılıq qabiliyyətini, texniki və musiqi ustalıq səviyyəsini, pianizm vərdişlərini nəzərdən keçirdikdən və bəyəndikdən sonra onunla məşğul olmağa razılıq verirdi.
Rauf müəllim məni dinləyəndən sonra öz sinfində oxumağa razılıq verdi. Rauf Atakişiyev gözəl insani keyfiyyətləri ilə seçilən, insanlara münasibətdə xeyirxahlığı, sadəliyi, nəzakəti ilə fərqlənən bir adam idi. O, həmişə tələbələrini özünə cəzb edirdi, hamı onun sinfində oxumağı arzulayırdı. Tələbələr onu təkcə görkəmli bir musiqiçi kimi deyil, gözəl insan kimi də sevirdilər.
Rauf Atakişiyevin hər dərsi tələbələr üçün əsl yaradıcılıq prosesi və nadir istedada malik musiqisi ilə ünsiyyətdə olmaq demək idi. Gərgin iş şəraitində çalışan, böyük enerji və yüksək yaradıcılıq fəaliyyəti göstərən, yorulmaq bilməyən Rauf Atakişiyev yetirmələri ilə böyük həvəslə və əzmlə çalışırdı.
Qeyd olunmalıdır ki, Rauf Atakişiyevə Moskva konservatoriyasının görkəmli sənətkarlarından, ən nüfuzlu pedaqoqlarından olan, böyük opera vokal ustası Antonina Vasilyevna Nejdanova və məşhur pianoçu Konstantin Nikolayeviç İqumnovdan təhsil almaq xoşbəxtliyi nəsib olmuşdur.
Görkəmli müğənni və gözəl pianoçu Rauf Atakişiyevə xas olan yüksək ifaçılıq keyfiyyətlərini əldə etməkdə böyük nüfuza malik olan, əvəzolunmaz, rus pianoçu, pedaqoq, fortepianoda “kantilena” sirrinin ustadı Konstantin İqumnovun təsiri olmuşdur. Rauf Atakişiyev həm ifaçılıq, həm də pedaqoji prinsiplərində bir növ Konstantin İqumnovun davamçısı olmuşdur.
Rauf müəllim pedaqoq kimi ifaçılara opera müğənnilərinə daha çox qulaq asmağa tövsiyə edirdi, çünki insan səsi təbiətin yaranan ən gözəl alətidir. Yalnız bənzərsiz vokalçılardan mahir frazalaşdırma, incə nüanslar, “nəfəsin” sirlərini öyrənmək olar. Son dərəcə gözəl xarakterə malik olan Rauf Atakişiyev dərslərdə əsərin interpretasiyası üzərində işləyərək heç vaxt öz fikrini tələbələrə qəbul etdirməyə can atmırdı. O, peşəkar ustalığın sirlərini açaraq, sanki yeni, daha dərin təsvirini tapmağı təklif edirdi”. ("Musiqi dünyası" № 1 (86) 2021)
Rauf Atakişiyevin 1994-cü ildə 3 fevralda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.07.2026)


