Ekspress-sorğuda mövzu süni intellekt və musiqidir Featured

Ülviyyə Əbülfəzqızı,

 “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri.

Bu dəfə ekspress sorğumuza "İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin üzvləri cavab verdilər.

Beləliklə, sual və cavabları Sizə təqdim edirik.

 

 Süni intellektin musiqi bəstələdiyi və səs tonlarını təqlid etdiyi bir dövrdə canlı ifa ilə izləyiciləri necə ovsunlamaq olar?

 

Turanə Orucova, "İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyi"nin sədri:

-Süni intellekt musiqi yaratmaqda və səs tonlarını təqlid etməkdə sürətlə inkişaf etsə də, o, insan ruhunu, səhnə enerjisini və canlı ifanın yaratdığı emosional bağı tam əvəz edə bilməz. Canlı ifanın ən böyük gücü sənətçinin dinləyici ilə qurduğu səmimi ünsiyyətdə, improvizasiyasında və hər ifada yaşanan fərqli hisslərdədir.

Xüsusilə Azərbaycan musiqisi, muğam, xalq musiqisi və klassik ifaçılıq məktəbi dərin mənəvi zənginliyə, improvizasiya ənənəsinə söykənir. Bu incəliklər yalnız texniki səslənmə deyil, illərlə formalaşan sənət təcrübəsi, duyğu və mədəni yaddaşın vəhdətidir. Süni intellekt müəyyən üslubu təqlid edə bilər, lakin ifa zamanı yaranan həyəcanı, nəfəsin ritmini, auditoriyanın reaksiyasına uyğun dəyişən interpretasiyanı və sənətkarın qəlbindən gələn enerjini yarada bilməz.

Bu gün izləyicini ovsunlamağın yolu təkcə gözəl səsdən deyil, həm də səmimiyyətdən, peşəkarlıqdan, səhnə mədəniyyətindən və canlı emosiyalardan keçir. Texnologiya sənətə dəstək ola bilər, amma əsl sənəti yaradan və yaşadan yenə də insandır.

 

Şahbaz Ali, müğənni, prodüsser:

-Süni intellektin bizim muğamımızdan xəbəri yoxdur. Ümumiyyətlə, muğam çox dərin bir janrdır, onu çox az xanəndə sonuna qədər bilir, o qaldı ki, süni intellekt bilsin. Azərbaycanda bəstələnən, aranjiman olunan mahnılar muğamlar ən çox da "Bayatı-Şiraz" üzərində qurulur. Yəni, muğamdan bir az anlayışı olan insan mahnının süni intellekt tərəfindən bəstələnib-bəstələnmədiyini dərhal anlaya bilər, məncə. Əlavə olaraq, emosiyalar və vokal performans baxımından süni intellekt ciddi səhvlər edir, peşəkar musiqiçi bunları eşidib rahatlıqla ayıra bilir.  

 

Sevda Əşrəfova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi:

Mənim fikrimcə, süni intellekt işləri asanlaşdırır, amma hansısa bəstəkarın əli dəyməmiş musiqi və ya söz təbii ki də quru alınır.

Məncə, süni intellekt bizim işimizi asanlaşdırır amma, bəstəkarı və ya musiqiçini əsla əvəz edə bilmir.

 

Kamran Eldarov, Azərbaycan Milli Konservatoriyasında magistrantı:

-Mən, ümumiyyətlə, nəinki süni intellekt, heç fonoqramla olan ifanı belə dəstəkləmirəm, çünki hər bir ifaçı öz ifasını sərbəst şəkildə hər zaman ifa edə biləcək vəziyyətdə olmalıdır. Qaldı ki süni intellektə, o bizim muğamları düzgün bilə bilməz. Muğam sənəti çox ağır və sərbəst sənətdir, neçə ilin xanəndəsi bu şöbə və guşələri oxumağa çətinlik çəkir, qaldı ki süni intellekt bu çətin işin öhdəsindən gələ bilsin.

 

Aysu Dəmirova, Bakı Mühəndislik Universitetinin tələbəsi:

-Texnologiya nə qədər inkişaf etsə də, süni intellekt insanın hisslərini, səhnədə yaşadığı həyəcanı və tamaşaçı ilə qurduğu canlı emosional əlaqəni tam əvəz edə bilməz. Süni intellekt musiqi bəstələyə və səsi təqlid edə bilər, lakin hər canlı ifa özünəməxsus anlar, improvizasiya və səmimiyyət daşıyır. İzləyicini ovsunlamağın yolu təkcə güclü səsdən deyil, ifaçının enerjisindən, səhnə mədəniyyətindən, tamaşaçı ilə ünsiyyətindən və musiqini ürəkdən təqdim etməsindən keçir. İnsanlar konsertə yalnız mahnı dinləməyə deyil, hiss etməyə, duyğulanmağa və unudulmaz xatirələr qazanmağa gəlirlər. Düşünürəm ki, gələcəkdə süni intellekt musiqi sahəsində köməkçi vasitə kimi istifadə oluna bilər, amma canlı ifanın ruhunu və insan toxunuşunu əvəz edə bilməyəcək. Çünki sənətin əsasında emosiya, səmimiyyət və insan faktoru dayanır.

 

Zənurə Həsənli, Azərbaycan Kooperasiya Universitetinin tələbəsi:

-Süni intellekt nə qədəinkişaf etsə də, məncə, canlı ifanıyerini tam tuta bilməz. Çünki insanlar yalnız səsi deyil, hissi də dinləyirlər. Səhnədə səmimi olmaq, mahnını ürəkdən oxumaq, tamaşaçı ilə göz təması qurmaq və onlarla ünsiyyət yaratmaq ifanı daha təsirli edir. Hər canlı ifa fərqlidir və məhz bu fərqlilik onu xüsusi edir. Süni intellekt musiqi yarada bilər, amma insanın hisslərini və səhnədə yaratdığı o xüsusi ab-havanı eyni şəkildə çatdıra bilmir. Buna görə də izləyicini ovsunlamağın ən yaxşı yolu səmimi, enerjili və ürəkdən gələn bir ifadır.

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.