Onu heyran etdi Xızı dağları... Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

İlham Nəcəfov sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadənin qardaşıdır. Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətilə 3 dəfə solo konsert proqramları ilə çıxışları olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Koroğlu", "Qız Qalası", "Vaqif", "Gəlin Qayası" və "İntizar" operalarının tamaşası üçün simfonik orkestr ilə solo zurna, balaban, tütək alətləri ifa etməklə mövzunun illüstrasiyalarına nail olub.

 

İlham İsmayıl oğlu Nəcəfov 1963-cü il iyulun 6-da Bakı şəhərində anadan olub. O, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət və M. Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyalarını klarnet və ney ixtisasları üzrə bitirməklə, Azərbaycanın ilk ali təhsilli milli nəfəs aləti ifaçısıdır. Milli musiqi tarixində ney ifaçısı kimi bir çox ilklərə imza atmış, xarici səfərlərində Azərbaycan mədəniyyətini təbliğ edib.

Milli musiqi tariximizdə ney aləti ifaçısı kimi ilk dəfə olaraq, Dövlət Teleradio Verilişləri Şirkətinin fonotekasında "Qızıl fond" üçün lentə alınan 40-dan çox muğam, mahnı və rəqsləri saxlanılır. Arif Məlikov, Süleyman Ələsgərov, Aqşin Əlizadə, Emin Sabitoğlu, Rauf Babayev, Ramiz Mirişli, S. Kərimi, Firəngiz Əlizadə, Cavanşir Quliyev, Cəmil Əmirov, Eldar Mansurov və başqa Azərbaycan bəstəkarlarının filmlərinə yazılan musiqilər məxsusi olaraq onun ifa etdiyi ney aləti üçün nəzərdə tutulub.

A. Əlizadənin "5-ci Simfoniya"sının səsləndirilməsi üçün nəzərdə tutulan balaban, ney, zurna ifaçısı kimi və eləcə də, F. Əlizadənin məşhur violonçel ifaçısı Yo-Yo Ma üçün bəstələdiyi "Dərviş" əsərinin tütək, ney ifaçısı olaraq "İpək yolu" transkontinental layihəsi üzrə Amerikanın, Avropanın, həmçinin dünyanın bütün qitələrinin ən nüfuzlu konsert salonlarında Azərbaycan mədəniyyətini uğurla tərənnüm edib.

YUNESKO xətti ilə keçirilən dövlət əhəmiyyətli bir çox silsilə tədbirlərdə (2005-ci ildə "YUNESKO"nun 60 illik yubileyi, 2009-cu ildə Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin 100 illik yubileyi, 2017-ci ildə İmadəddin Nəsiminin edam edilməsinin 600 illiyi), 2018-ci ildə "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı çərçivəsi üzrə və VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində və 2019-cu ildə İ. Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı Şəki şəhərində "İpək Yolu" X Beynəlxalq Musiqi Festivalı konsert proqramlarında "Nəsimiyə ithaf" musiqili tamaşanın iştirakçısı olub.

 Həmin ildə Azərbaycan Milli Konservatoriyasında Xalq çalğı alətləri kafedrasının müəllimləri, professor, Əməkdar artist İlham Nəcəfov və baş müəllim Natavan Həsənovanın sinif konserti və həmçinin Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan milli nəfəs alətlərinin təbliği və tədqiqi" mövzusunda elmi-praktik konfrans keçirilib.

 Heydər Əliyev Fondunun layihəsi üzrə "Azərbaycan Muğamı" ("Humayun", "Bayatı Şiraz", "Bayatı kürd"-2009) və "Balaban" adlı kompakt disk toplularında və Avroviziya Mahnı Müsabiqəsilə bağlı "Bizimkilər" layihəsində tələbələr ilə birgə ("Yeni Nəfəs" qrupu) fəal iştirak edib. 2026-cı ildə Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan muğamı" layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti keçirilib. 2009-cu ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.

İlham Nəcəfovun fəaliyyətində Azərbaycanın milli-mədəni irsinin beynəlxalq müstəvidə təbliği əsas istiqamətlərdən birini təşkil edir. O, xarici səfərləri və iştirak etdiyi beynəlxalq tədbirlər çərçivəsində Azərbaycan mədəniyyətinin, tarixinin və milli dəyərlərinin tanıdılması istiqamətində ardıcıl fəaliyyət göstərir.

Uzun illər Bakı şəhərində yaşayıb fəaliyyət göstərməsinə baxmayaraq, İlham Nəcəfovun yaradıcılıq dünyasında və ictimai baxışlarında Xızı rayonu xüsusi yer tutub. O, öz çıxışlarında və yaradıcılıq nümunələrində köklərinə və regional mədəni mühitə bağlılığını mütəmadi olaraq ön plana çəkib. Xızının coğrafi mühiti, tarixi keçmişi və mənəvi dəyərləri musiqiçinin fəaliyyətinin əsas ilham mənbəyi kimi xarakterizə olunub. Onun el-obaya bağlılığı təkcə fərdi hisslərlə məhdudlaşmayıb, həm də regional irsin qorunması və gələcək nəsillərə ötürülməsi ideyasına xidmət edib.

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.