Kim deyirdi, Qarabağdan aşıq çıxmır? Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Qarabağdan aşıq çıxmadığını kim deyirdi? Çıxır, özü də çox gözəl çıxır.

Aşıq Xaspolad Salman oğlu Mirzəyev (Mirzalıyev) 21 mart (24 may) 1919-cu ildə Ağdam rayonunun Abdal kəndində anadan olub. Aşıq Valehin nəslindəndir (kötükcəsidir).

 

İbtidai təhsilini Abdal, orta təhsilini isə Gülablı kəndində alıb. 1939-cu ildə hərbi xidmətə yollanıb, Böyük Vətən Müharibəsinin iştirakçısı olub. Müharibədən sonra bir müddət kənd məktəbində hərbi rəhbər işləyib, 1962-ci ildən ömrünün sonunadək Gülablı kənd mədəniyyət evinin rəhbəri olub.

Aşıqlığa gənc yaşlarından başlayıb. İfaçılığı ilk dəfə əmisi aşıq Mustafadan və əmisi oğlu Yunusdan öyrənib. Uzun illər yazıb yaradıb, çalıb-çağırıb, el-oba içində öz gözəl sənəti ilə hörmət-izzət sahibi olub. 1958-ci ildən Azərbaycan Xalq Yaradıcılığı Evinin, sonradan yaradılan Azərbaycan Aşıqlar Birliyinin üzvü, III və IV aşıqlar qurultaylarının nümayəndəsi, çoxsaylı müsabiqə və festivalların laureatı olub.

Bir çox ifaları Nizami adına səsyazma institutunda və dövlət telviziyasında lentə alınıb. Kənd mədəniyyət evinin rəhbəri olarkən "Aşıqlar", "Zurnaçılar" və "Nənə qızlar" ansambllarını yaradıb. 8 (başqa məlumata görə 11) dastanın ("Səməd və Zeynəb", Valeh və Taleh", "Taleh və Həqiqət", "Mahir və Həsrət", "Bəxtiyar və Lətafət", "İqbal və İsmət", "Nazim və Səkinə", Səxavət və Səadət"), çoxsaylı qoşma, gəraylı, təcnis, qəzəl, divani, müxəmməs və b. şeirlərin müəllifidir.

Bir çox aşıq və şairlərlə deyişmələri var. Abdal-Gülablı aşıqlarının, xüsusən Aşıq Valehin həyat və yaradıcılığının toplanması ilə məşğul olub. 1970-ci ildə Famil Mehdi ilə birlikdə Aşıq Valehin şeirlərinin toplandığı "Alçaqlı ucalı dağlar" kitabını tərtib etmişdir. Topladığı materialların bir hissəsi "Qarabağ: Folklor da bir tarixdir" folklor toplusunuin 5-ci cildinə və Aşıq Valeh haqqında yazılmış "Haqq aşığı - Vücudnamədən Cahannaməyə" kitabına daxil edilib.

 

- Aşıq Xaspolad Gülablı, Taleh və Həqiqət. Şeirlər və dastanlar. Red. - Z.Yaqub, ön soz - M.Çəmənli

- Aşıq Xaspolad Coşqun, Qəlbimdə nisgilli hekayətim var

- Aşıq Xaspolad, Dastanlar

 

Aşıq 3 iyul, 2000-cı ildə Ağdam rayonunun Xındırıstan kəndində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.