Azərbaycan rokunun sumqayıtlı yaradıcısı – “Yuxu” qrupunun yuxuya dönən üzvü Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Yeniyetmə vaxtlarımızda biz BBC radiosunda Deep Purple, Led Zeppelin-ə qulaq asırdıq, daha sonra onlar bizim üçün məktəb oldu, onların musiqilərindən ilhamlanıb rokla məşğul olmağa başladıq. Daha sonra “Yuxu” adlı qrupumuz yarandı. "Xəzərin sahilində" mahnsını yazdırdıq. Mahnının sözləri atama aid idi, mən bəzi sözləri dəyişdim və biz mahnını ifa etdik. Bir il sonra bu mahnı ilə Qızıl Payız musiqi festivalında qalib olduq və hər şey bununla başlandı.

İbrahim Emin

 

Onlara vosmoy uşaqları deyirdilər. Sumqayıtın 8-ci mikrorayonundan dünyaya pərvazlanmışdılar. Azərbaycan rokunun əfsanəsinə döndülər. İbrahim Emin içlərinin ağsaqqalı və başbiləni idi. Çox təəssüf ki bu gün aramızda yoxdur. Vaxtsız ölümə gəlib yuxuya döndü o...

İbrahim Emin 18 may 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. 1970-ci ildə Sumqayıt şəhər 17 saylı məktəbə gedib. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. İbrahim musiqi fəaliyyətindən başqa rəsm əsərləri çəkməklə də məşğul olub. İbrahim Emin uşaq vaxtından gitara çala bilib. 80-ci illərin əvvəlindən musiqi ilə məşğul olmağa başlayıb.

O, 1988-ci ildə "Yuxu" qrupunu yaradıb. Qrupun ifa etdiyi mahnıların sözlərini və musiqisini bəstələməklə yanaşı qrupda bas gitara da ifa edib. 1989-cu ildə Yuxu qrupu "Xəzərin sahilində" mahnısı ilə Qızıl Payız musiqi festivalında qalib olub. Bir müddət sonra qrup olaraq fransız menecer Paskaldan Fransada fəaliyyət göstərmək üçün dəvət alıblar.

 Həmin vaxtlar Fransaya birbaşa getmək mümkün olmadığından onlar Türkiyə vasitəsilə getməyə qərar veriblər. Lakin müxtəlif səbəblərdən onlar Fransaya gedə bilməyiblər və Türkiyədə qalıb fəaliyyət göstərməli olublar. Türkiyədə fəaliyyət göstərməyə başladıqdan sonra qısa müddət ərzində qrup tanınmağa başlayıb.

 

Türkiyədə "Xəzərin sahilində" (1988), "Sumqayıt" (1994), "Ölümə çarə yox" (1998) adlı üç albomları işıq üzü görüb. Türkiyədə baş vermiş zəlzələ musiqi dünyasına durğunluq gətirib. Nəticədə yaranmış vəziyyətdə "Yuxu" qrupu uzun müddət fəaliyyət göstərə bilməyib və qrup üzvləri çörək qazanmaq üçün fərqli işlərlə məşğul olmağa başlayıb.

Sonradan İbrahim Emin 2003-cü ildə Bakıya geri dönüb və 2004-cü ildə Sumqayıtda "Sirr" qrupunu yaradıb. Qrupun 2014-cü ildə "Yoruldum" adlı albomu işıq üzü görüb. Sonra da...

2 iyul 2019-cu ildə İbrahim Emin qida borusunun xərçəngi xəstəliyindən vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.