Vokalçı və skripkaçı professor Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Siz diqqət edin, bir musiqiçilər ailəsindən çıxan adlara - Zülfü Adıgözəlov, Vasif Adıgözəlov Rauf Adıgözəlov!!!

Musiqi sənətimizdə bir ailənin verə biləcəyi töhfə bundan artıq olsa-olsa, yalnız Hacıbəyovlarda ola bilər...

 

Bəstəkar Vasif Adıgözəlovun qardaşı Rauf Zülfü oğlu Adıgözəlov 1940-cı il noyabrın 22-də Bakıda anadan olub. Muğam xanəndəsi Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açan Rauf uşaqlıqdan musiqiyə həvəs göstərib. Bu həvəslə 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. İkinci kursda oxuyarkən gənc ifaçıların I Zaqafqaziya müsabiqəsində iştirak edərək diploma layiq görülüb.

Müsabiqədə münsiflər heyətinin üzvü, Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru B.Bondarenkonun məsləhəti ilə həmin təhsil ocağında ifaçılığını daha da təkmilləşdirib. Uzun illər Azərbaycan Dövlət Simfonik Orkestrində konsertmeyster vəzifəsində, 1966-cı ildən isə Azərbaycan Dövlət Kamera Orkestrində çalışıb.

Məlahətli səsə malik Rauf Adıgözəlov mahnı janrının inkişafında da öz xidmətlərini əsirgəməyib. O həm orkestrdə çalışır, kamera ansamblında işləyir, digər tərəfdən bəstəkar mahnıları və romanslarda skripka ilə ifa edib. Rauf Adıgözəlov klassik və müasir bəstəkarların əsərlərini özünəməxsus zərifliklə ifa edib. Onun radioda müğənni kimi ilk çıxışı 30 oktyabr 1970-ci ildə baş tutub.

 Rauf Adıgözəlov Azərbaycan Dövlət Konservatoriyasında gənc kadrlarında yetişməsində də böyük kömək göstərib. Burada dosentlikdən professorluğadək yüksəlib. Daha çox vokal və skripka ifaçısı kimi məşhurlaşan Rauf Adıgözəlov müxtəlif ölkələrdə konsert proqramı ilə çıxış edib. 1996-cı ildə Misir Musiqi Akademiyasına professor kimi dəvət alıb. Bir neçə ildən sonra Bakıya gəlib. 2002-ci il iyunun 29-da vəfat edib.

 

2003-cü il noyabrın 25-də Bakı Musiqi Akademiyasında Rauf Adıgözəlovun xatirə gecəsi keçirilib. Tədbirdə Adıgözəlovun Azərbaycanı kənarda ölkələrdə də ləyaqətlə təmsil etdiyi vurğulanıb. Tədbirin sonunda Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Həmçinin 2005-ci ilin yanvar ayında Azərbaycan Bəstəkarlar İttifaqının 70 illiyi münasibətilə Kamera musiqisi festivalı keçirilib. Tədbirdə I hissədə Rauf Adıgözəlovun xatirəsinə həsr olunmuş 11 saylı sonatası səslənib. Sonatanın ifaçıları Lalə Həsənova (violino) və Fəridə Əhmədbəyova (piano) olub.

 

Təltif və mükafatları

- 1992 — Azərbaycan Əməkdar incəsənət xadimi

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.