Dedi, Xalq artisti adını mənə yox, qardaşıma verin Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Xalq artistinin Şəmsi Bədəlbəylinin Xalq artisti oğlu Fərhad Bədəlbəylidən müsahibələrindən birində soruşurlar:

– Şəmsi Bədəlbəyli necə ata idi?

O belə cavab verir:

– Məni çox sevirdi. Tərbiyə məsələsində çox ciddi idi. Məsələn, Moskvaya gedirdik bir dəfə, yeməyimiz bol idi. Çörəyimiz isə az idi. Gördüm ki, axırıncı bir dilim çörək qalıb, onu götürüb yedim. Atam dedi ki, “eybi yox, mən sənə heç nə deməyəcəm, amma bir də belə şey etmə. İndi sən “krısalıq” etmisən. Çörəyin son dilimini iki yerə bölmək lazımdır”.

Mən ağladım, anam dedi ki, uşağı pərt elədin. Atam isə dedi “yox, sabah mən olmayacam, onun psixologiyası bu cür olmalıdır. Son tikəni bölüşməlidir”. Bu mənim üçün dərs oldu. İndi dostlarla yemək yeyəndə çörəyi bölürəm, deyirlər əl çək, istəmirik.

Və gülümsəyir...

 

Xalq artisti Şəmsi Bədəlbəyli 23 fevral 1911-ci ildəAzərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində görkəmli pedaqoq və ictimai xadim Bədəl bəy Bədəlbəylinin və Rəhimə xanım Qacarın ailəsində dünyaya gəlib.

Bakıda orta məktəbdə ibtidai təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Ş. Bədəlbəyli Azərbaycan Pedaqoji Texnikumuna daxil olub. Bu illərdə o, böyük həvəslə özfəaliyyət dərnəyində iştirak edib, aktyorluq istedadını sınayıb. 1927-ci ildə – Azərbaycan Pedaqoji Texnikumunun məzunu olub

1927–1932-ci illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb: iki il xalq çalğı alətləri şöbəsində, daha sonra kompozisiya nəzəriyyəsi sinfində Üzeyir Hacıbəylinin tələbəsi olub.

Həmin illərdə Azərbaycan Dövlət Dram Teatrında böyük qardaşı, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin rəhbərlik etdiyi orkestrdə tar çalıb. Bəzən C. Cabbarlının "Od gəlini" və "Sevil" tamaşalarında səhnə arxasından aktyorları tarda müşayiət edib

Eyni zamanda, dramaturq və rejissor Cəfər Cabbarlı ilə dostlaşaraq, ona səhnə ilə bağlı fəaliyyətində köməklik göstərib. Bu da onun rejissorluq sənətinə marağını artırıb və o, C. Cabbarlının əsərlərinin tamaşalarında rejissor assistenti kimi çalışmağa başlayıb.

1930–1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında "İncəsənət və ədəbiyyat" şöbəsinin müdiri vəzifəsində çalışıb, həmin qəzetin səhifələrində bir sıra tamaşalar haqqında məqalələri dərc olunub. 1932-ci ildən (may ayından başlayaraq) 1942-ci ilə kimi – Azərbaycan Dövlət Dram Teatrında rejissor assistenti və rejissor kimi fəaliyyət göstərib.

1946-cı il, 17 iyul — Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində F. Əmirovun "Gözün aydın" musiqili komediyası Ş. Bədəlbəyli tərəfindən tamaşaya qoyulub.

1948-ci il, 31 dekabr — Ş. Bədəlbəyli həmin səhnədə S. Ələsgərovun "Ulduz" musiqili komediyasına quruluş verib. Sonrakı illərdə də Ş. Bədəlbəyli fasilələrlə bu teatrda işini davam etdirib, bir sıra əsərlərin səhnələşdirilməsinə rəhbərlik edib.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Ş. Bədəlbəyli 1947-ci ildə Ü. Hacıbəylinin "O olmasın, bu olsun", 1956-cı ildə "Arşın mal alan" musiqili komediyalarına yeni quruluş verib. 1947, 1956 və 1959-cu illərdə S. Rüstəmovun "Durna" musiqili komediyasının tamaşalarını hazırlayıb.

1949–1956-cı illərdə Ş. Bədəlbəyli M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri vəzifəsində çalışıb.  1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ü. Hacıbəylinin "Koroğlu" operasına yeni quruluş verib. 1956-cı ildə bu səhnədə Z. Paliaşvilinin "Daisi" operasını tamaşaya qoyub. 1958-ci ildə Ü. Hacıbəylinin "Əsli və Kərəm" operasının yeni səhnə quruluşunu hazırlayıb.

1958-ci il, 11 iyul – V. Adıgözəlov və R. Mustafayevin "Hacı Qara" musiqili komediyasının, 1961-ci il 24 yanvar – S. Rüstəmovun "Rəisin arvadı" musiqili komediyasının premyerası olur. 1957-ci ildə — Aşqabada dəvət olunaraq, Türkmənistan Opera və Balet Teatrında Ü. Hacıbəylinin "Koroğlu" operasını tamaşaya qoyub. 1959–1965-ci illərdə — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru və baş rejissoru təyin olunub.

1961-ci il, 22 noyabr – S. Ələsgərovun "Bahadır və Sona" operasının, 1963-cü il, 19 aprel –V. Adıgözəlovun "Ölülər" operasının, 1971-ci il 14 mart – Ə. Bədəlbəylinin "Söyüdlər ağlamaz" operasının premyerası olub.  1970-ci il, 7 mart – S. Ələsgərovun "Sevindik qız axtarır" musiqili komediyasının, 1971-ci il, 30 sentyabr – S. Ələsgərovun "Həmişəxanım" musiqili komediyasının premyerası olub.

 

Fərhad Bədəlbəylinin müsahibələrinə qayıdaq. Burada görkəmli sənətkarın yaradıcılığı və xarakteri barədə çox incə nüanslara toxunulur.

“SSRİ Xalq artisti adı o vaxt marşala bərabər idi. Xalq artisti adı vermək istəyirdilər, qardaşı Əfrasiyaba vermirdilər. Gedib Mərkəzi komitədə Süleyman Vəzirova dedi ki, “o mənim böyük qardaşımdır, “Qız qalası” baletinin müəllifidir. Fəxri adı mənə yox, ona verin”. Hansı qardaş bunu edər? Heç kim. Sonra özü də ad aldı. Hamıya ədalətlə yanaşırdı. Hazırcavab idi, Mərkəzi komitənin katibləri bir şey desə də, onlara cavab verirdi.

“Şəmsi Bədəlbəylinin ailəsində doğulmaq mənə üstünlüklərlə bərabər çətinlikləri də gətirib. Çətinlik odur ki, yaxşı musiqiçi olduğunu sübut etməlisən. Şəmsi bəy mənim əvəzimə səhnədə ifa etməyəcək axı. O vaxt Moskva Konservatoriyasında XX əsrin ən yaxşı pianoçuları çalışırdılar. Onların qarşısında çıxış etmək, Portuqaliyaya getmək, müsabiqələrə çıxmaq çox çətin idi.

Əlbəttə, uşaqlıqda çox xoşbəxt idim. Çünki maestro Niyazinin məşqlərinə gedirdim. Evimizə Fikrət Əmirov, Səid Rüstəmov gəlirdi. Atamla birlikdə operetta üzərində işləyirdilər. Bu mənim üçün böyük bir üstünlük idi. Amma sonra nəyə qadir olduğunu özün sübut etməlisən. Gündə 8-9 saat çalışırdım piano arxasında.

Əgər siz bu soyadın altında çıxış edirsinizsə, məsuliyyətiniz daha böyükdür. Başqaları nəsə səhv etsə üstündən keçəcəkdilər. Amma mən səhv edəndə deyəcəkdilər ki, “elə atanın belə oğlu, heyf”.

Babam Bədəl bəylə Üzeyir bəy doğmaca xala oğlu idilər. Ona görə də bir-biri ilə sıx təmasda olublar. Atamla Əfrasiyab əmimin yetişmələrində Üzeyir bəyin rolu çox olub. Xüsusilə Şəmsi Bədəlbəylinin yetişməsində. Atamın bütün ömrü demək olar ki, Üzeyir bəylə bağlı idi. Azərbaycan Musiqili Komediya Teatrını da atam məhz Üzeyir bəyin təklifindən sonra yaradıb.

İlk dəfə həmin teatrda Üzeyir bəyin "O olmasın, bu olsun" və "Arşın mal alan" operettaları tamaşaya qoyulub. Onun direktor olduğu illərdə "Muzkomediya" doğrudan da qüvvətli teatrlardan idi. O teatrdan əvvəl isə atam Opera Teatrında rejissor idi. Atam orta təhsilini Bədəl bəyin öz məktəbində başa vurandan sonra Üzeyir bəy onu konsevatoriyaya dəvət eləyir - tar sinfinə.

Çünki atam uşaqlıqdan tar çalırmış. Ancaq sonradan Şəmsi müəllim öz fəaliyyətini rejissor kimi davam etdirdi. Bu işdə mərhum Cəfər Cabbarlının ona böyük təsiri olub. Çünki Əfrasiyab Bədəlbəyli ilə Cəfər Cabbarlı arasında böyük dostluq əlaqələri mövcud idi və bu dostluq Şəmsinin rejissor kimi fəaliyyət göstərməsinə də təsir edib.

“Atamın dostları Lütfəli Abdullayev, maestro Niyazi, Süleyman Rüstəm, Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev, Səid Rüstəmov, Fikrət Əmirov, Nəsibə Zeynalova olubdur. Nəsibə xanım bizə gəlirdi, birlikdə qastrollara gedirdik. Onun qucağında fotom da var. Şövkət xanımla da dost idi. Onlara çox hörmətlə yanaşırdı. Bizim evimizdə heç bir problem olmayıb.

Atam rəhmətə gedəndə Süleyman Rüstəm çox təsirli bir şer yazdı ki, "Şəmsisiz qalmışıq". Atamın SSRİ-nin başqa respublikalarında da yaxşı dostları vardı. Tanınmış gürcü rejissoru Dodo Aleksidze ilə yaxın əlaqələri vardı. Yəni o vaxt SSRİ-də yaşayan bütün tanınmış musiqiçilər, rejissorlar və digər mədəniyyət xadimləri onunla yaxın təmasda idilər.

 

Şəmsi Bədəlbəyli 1987-ci il 23 may tarixində vəfat edib və Bakıda Fəxri xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.