Onu Emil Şahin kimi tanıdan "Xəyallar" kompoziyası olub Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu dəfə “Gəncləri tanıdaq!” deyibən sizlərə gənc musiqiçi Emil Şahin (Qonaqov) barədə danışmaq istəyirəm. Bu gün onun ad hünüdür, 39 yaşı tamam olur. Emil bəstəkardır, tanınmış ifaçılar onun mahnılarını oxuyurlar. Üstəlik, o, konsert təşkilatçısı kimi də parlamaqdadır.

 

Emil Şahin oğlu Qonaqov 19 may 1987-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Eldar Məmmədov adına orta məktəbə daxil olub. Musiqiyə olan həvəsi uşaq yaşlarından formalaşdığı üçün, məktəbdən əlavə həmin illərdə Səbail rayonunda fəaliyyət göstərən incəsənət dərnəklərində, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbində təşkil olunan müxtəlif konsertlərdə fəal iştirak edərək laureat olub.

İlk bəstələdiyi melodiya 11 yaşı olarkən ərsəyə gəlib. "Vətən" adlı bu bəstə illər ötməsinə baxmayaraq onun yaradıcılığında özünəməxsus yer tutub. Bu əsər daha da təkmilləşdirilərək, Azərbaycan Respublikasının Xalq artisti Qara Qarayev adına Dövlət Kamera Orkestrının bədii rəhbəri və dirijoru Teymur Göyçayevlə birlikdə xüsusi layihə kimi dinləyicilərə təqdim olunacaqdır.

Əsərin ifaçısı Azərbaycan muğamlarını dünyaya tanıdan xalq artisti, “Şöhrət” ordenli Alim Qasımov olacaq. Emil Şahin haqqında məlumatda onu da vurğulamaq istərdik ki, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər" fakültəsinə daxil olub. Onu Emil Şahin kimi tanıdan "Xəyallar" kompoziyasını da elə həmin ildə yazıb. Bu əsər çox qısa müddət ərzində ona şöhrət qazandırıb.

Həmçinin xüsusi olaraq qeyd edə bilərik ki, Ümummili Liderimiz Heydər Əliyevin 82-ci ildönümünə həsr olunan sənədli film üçün yaradıcı heyətin təşəbbüsü ilə "Xəyallar" kompozisiyası seçilib və bu əsər sözügedən ekran işində yer alıb. Ona uğur qazandıran bəstələr sırasında "Follow may way" əsərini də xüsusi qeyd etmək istəyərdik. Yazdığı bəstə 2009-cu ildə "Eurovision" Beynəlxalq mahnı müsabiqəsində namizəd mahnı kimi irəli sürülüb.

Layihə, Azərbaycan Respublikasının Xalq artisti, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri və dirijoru Teymur Göyçayevin rəhbəri olduğu orkestrin musiqiçilərinin, həmçinin Azərbaycanın əməkdar artisti "Natiq Ritm Qrupu"nun rəhbəri Natiq Şirinovun və Xalq Artisti Alim Qasımovun iştirakı ilə gerçəkləşib. "Follow may way"in ifaçısı müğənni Ülviyyə Ağayevadır. Emil Şahin yaradıcılığında ümumilikdə 30-a yaxın bəstə var.

Mahnıları Azərbaycan Respublikasının xalq və əməkdar artistləri tərəfindən ifa edilib. Hər bir layihəsi Azərbaycanda fəaliyyət göstərən televiziya və radio şirkətlərində eləcə də qardaş Türkiyənin radio qurumlarında xüsusi maraqla işıqlandırılıb. Hazırladığı layihə "Odlar yurdu" radio müsabiqəsində birinci yerə layiq görülüb. Məlumat üçün bildirək ki, o, 2014-cü ildən etibarən bir çox konsertlərin təşkilində fəal iştirak edib

Bu siyahıda ön cəbhədə hərbi xidmətdə olan əsgərlər, Bakıda yerləşən Sərhəd Qoşunlarının zabitləri üçün keçirilən konsertlərin adını çəkə bilərik. Yaradıcılığı boyu bir çox fəxri fərman və mükafatlara layiq görülüb. O həmçinin "Qrand", "Seçilənlər", "Nəğmə payızı" mükafatlandırma mərasimlərində "İlin bəstəkarı" nominasiyasında təltif olunub.

Bu günə qədər bir neçə xarici ulduzun Azərbaycana səfərini təşkil etmək də qazandığı uğurlar sırasındadır. Türk və əcnəbi ulduzlarla yaradıcı işləri olmuş və bu əməkdaşlıq hələ də davam etdirilməkdədir. Emil Şahin hazırda "Bir sevgi hekayəsi" adlı operetta üzərində çalışır. Həmçinin öz adını daşıyan "Emil Şahin prodüser mərkəzi"nin rəhbəridir.

 

Mahnıları

1. Səni tapdım

2. Eşqim

3. Sən getdin

4. Niyə?

5. Həyat bir nağıl

6. Keçdi getdi

7. Bilmirəm

8. Səninlə

9. Yaralı ürək

10. Dəyər

11. Sevdim

12. Anacan.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.