İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Rauf Hacıyevin maraqlı operettalarından biri "Mənim məhəbbətim – Kuba"dır. Əsər Moskva Operetta teatrının sifarişi ilə yazılıb. Əlbəttə, Kuba haqqında mövzunu işləmək asan iş deyildi, R. Hacıyev özü Kubada hec bir zaman olmamışdı, lakin onun qarşısında çətin bir vəzifə – Kuba xalqının milli xarakterini, musiqi sənətinin xüsusiyyətlərini açmaq vəzifəsi dururdu.
Doğrudan da, operettanın musiqisi zövqlə yazılıb. Burada təqlidə yol verilməyib. Əsərdə musiqinin dramaturgiyasının əsasını üç melodiya təşkil edir. Bunlar Kubaya məhəbbət, vətənpərvərlik andı və Raul ilə Deliyanın məhəbbət hisslərini təcəssüm etdirən melodiyalardır. Bəstəkar Paçanqa bayramının rəqs səhnələrini də maraqlı musiqi boyaları ilə yaradıb. O, maqnitofonda yazılan əsl Kuba melodiyalarını tamaşanın musiqi ahənginə səriştə ilə daxil edə bilib.
Tək elə bu fakt onun böyük istedadından xəbər verir.
Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olub. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti açılıb. Onu Həsən bəy Zərdabinin ailə qurmayan qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb. Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə verib. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə alan Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun mühüm əhəmiyyəti var.
Belə ki, Raufun fortepiano üçün pyeslərini ("Tarantella", "Dağıstan", "Ləzgihəngi") dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirib və il yarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələyib. Onların arasında xüsusilə "Samur", "Mingəçevir", "Gənclik marşı" ona şöhrət gətirib. İlk gənclik məhsulu olan bu mahnılardan sonra mahnı janrı R. Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir.
Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında aşağıdakı mahnıları daha çox populyarlıq qazanır: "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və i.a. O, 15-ə qədər filmə musiqi yazıb. Və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur.
Gəlin onlardan bəzilərini yada salaq: "Əhməd hardadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar" və s. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir. Rauf Hacıyev 7 operetta yazıb. Təqdirəlayiqdir ki, onlardan beşi məhz Moskva Dövlət operetta teatrının səhnəsində tamaşaya qoyulub.
Eyni zamanda bu operettalar keçmiş SSRI-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapıb. Sözün əsl mənasında, Rauf Hacıyevin istedadı daha çox operetta janrında parladı. Bəstəkarın operettaları respublikamızda bu janrın yeni səhifəsini açıb – desək, düz olar. Onun operettalarında vokal-simfonik, balet və estrada sənəti bir-birilə necə də üzvi surətdə çulğalaşır.
Onun musiqi dilinin xalq musiqisi və müasir estrada üslubunun sintezindən ibarət olduğunu söyləmək lazımdır. Onun operettalarının mövzularını isə ən çox adamlarımızın gündəlik həyatı təşkil edir. R. Hacıyevin Moskvada tamaşaya qoyulan ilk operettası "Romeo mənim qonşumdur (film, 1963)". Həmin əsər əvvəl Bakıda "Qonşular" adı ilə gedib.
Əsər Moskvanın operetta teatrında müvəffəqiyyətlə göstərildikdə tamaşanın quruluşçu rejissoru A. Zaks operetta haqqında belə deyib ki, bu Azərbaycan operettasını teatrımızın repertuarına salmağa bizi sövq edən onun mövzusunun yeniliyi və müasirliyi, R. Hacıyevin coşqun musiqi dili, sırf milli koloriti, əsl mənada müasir musiqi dilidir.
O da diqqətəlayiqdir ki, "Romeo mənim qonşumdur" operettası keçmiş SSRI respublikaları bəstəkarlarının əsərlərinə baxışda üçüncü mükafata layiq görülmüşdür. Ümumiyyətlə, "Romeo mənim qonşumdur" operettası 23 teatr səhnəsində tamaşaya qoyulub. Operettanı "Azərbaycanfilm" studiyası 1963-cü ildə rejissor Şamil Mahmudbəyovun quruluşunda ekranlaşdırıb.
Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən "Dördüncü fəqərə", "Qafqaz əsiri", "Ana, mən evlənirəm", "Yolayrıcında" operettalarıdır. "Dördüncü fəqərə" Finlandiyanın satirik yazıçısı Marti Larninin eyni adlı romanı əsasında yazılıb. Əsər əvvəlki operettalardan fərqli olaraq məişət komediyası səciyyəsindədir.
Bəstəkar kəskin siyasi – ictimai qayəli operetta yaratmaga nail olub. Onu da deyək ki, Marti Larni operettanın premyerasına gələ bilməyib, lakin o, bu əsərə yaxşı bələd idi. Cünki, 1969-cu ildə yazıçı Azərbaycanda olarkən Rauf Hacıyev yazdığı operettadan bir çox nömrəni onun üçün nümayiş etdirib. M. Larni bu ecazkar musiqiyə qulaq asandan sonra deyib:
"Bu, gözəl, müasir musiqidir. O, təkcə əsərin əsas qayəsini əks etdirmir, həmçinin öz ifadə vasitələrilə əsəri daha da zənginləşdirir".
Təqdirəlayiqdir ki, "Qafqaz əsiri" operettasının Moskva operetta teatrında tamaşa təcəssümündə iştirak edən yaradıcı heyət əsasən azərbaycanlılardan ibarətdir. Rejissor – Fikrət Sultanov, rəssam – Adil Quliyev, baletmeysterlər – Rəfiqə Axundova və Maqsud Məmmədov, dirijor – Elmar Abusəlimov.
70-ci illərin sonunda R. Hacıyevin daha bir yeni operettası "Ana, mən evlənirəm" Moskva operetta teatrında tamaşaya qoyulub. Əsər tez bir zamanda özünə geniş rəğbət qazanıb. Çünki, həminə olduğu kimi bəstəkar təzə operettasında yenə də aktual məsələlər qaldırıb. Bunlar gənc nəslin tərbiyəsi, onların öz həyat yolunu düzgün seçməsi məsələləridir.
Rauf Hacıyevin bütün operettaları kimi bu operettasında da musiqi aparıcı amildir. Əsərin kompozisiya, dramaturji planı diqqəti cəlb edib. Musiqi operettada milli xalq rəqslərinin ritmləri ilə rövnəqlənib. Bu cəhət səhnə əsərinə bütövlükdə ehtizaz, nikbinlik, şənlik, xoş əhvali-ruhiyyə aşılayıb. Bu baxımdan əsərin partiturası çox zəngin alınıb.
1982-ci ildə Moskva operetta teatrında "Yolayrıcında" operettası öz səhnə təcəssümünü tapıb. Rejissorlar – Y. Petrov, F. Hacıyev, Z. Hacıyeva, dirijor – E. Abusəlimov, rəssam – F. Qafarov olub.
R. Hacıyevin axırınçı operettası Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunan "Ordan-burdan" əsəridir. Xüsusi olaraq Azərbaycan televiziyası və radio verilişləri şirkətinin sifarişi ilə yazılıb və televiziya tamaşası üçün nəzərdə tutulmuş həmin operetta müəllifin musiqili səhnə formalarını mavi ekrana keçirmək işində maraqlı təcrübə olub.
Operetta janrında çalışmaqla yanaşı R. Hacıyev musiqili teatrın başqa janrlarında da öz qələmini sınayıb. 60-cı illərdə o, opera və baletlə də maraqlanıb. Belə ki, 60-cı illərin sonunda balet janrında daha intensiv çalışmağa başlayıb. Bunun nəticəsində R. Hacıyev əvvəl iki xoreoqrafik miniatür – "Ləzgihəngi" və "Yallı"nı bəstələyib. Hər iki əsər ayrı-ayrılıqda parlaq səciyyəli kompozisiya-lövhələrdir.
Xalq rəqs ənənələri əsasında qurulmuş bu əsərlərdə müəllif istər melodik, istərsə də ritmik məziyyətləri qabarıqlıqla acıb göstərə bilib. 1969-cu ildə "Ləzgihəngi" (quruluşçu-baletmeysterlər – R. Axundova və M. Məmmədovdur) Parisdə və Fransanın bir çox şəhərlərində, eləcə də Lüksenburq və Monakoda göstərilib və tamaşaçıların rəğbətini qazanıb. Bu zaman Fransada VII Beynəlxalq rəqs festivalı keçirilib. Və bu əsər Azərbaycan Dövlət opera və balet teatrının balet truppasının proqramına salınıb.
Musiqili komediyalar, operettalar
1. "Romeo mənim qonşumdur" (1960) — 1963-cü ildə Şamil Mahmudbəyovun quruluşunda ekranlaşdırıb.
2. "Gülüşünü gizlətmə" (1969)
3. "Mənim məhəbbətim – Kuba" (1963)
4. "Qafqaz əsiri"
5. "Ana, mən evlənirəm" (1976)
Balet
- "Yallı" (1969) — xoreoqrafik miniatür
- "Ləzgihəngi" (1969) — xoreoqrafik miniatür
- "Azərbaycan süitası" — xoreoqrafik miniatür
- "Üç inqilab" (1973)
Simfonik poemalar
- "Şeyx Sənan" (1982)
- "Səbuhi" (1983)
- "Həzi Aslanov" (1984)
- "Səməd Vurğun" kantatası
Fortepiano üçün 3 pyes
- "Taratella"
- "Dağıstan"
- "Lezginka"
Filmoqrafiya
- Abşeron ritmləri (film, 1970) -musiqisindən istifadə edilən bəstəkar
- Azərbaycan elləri (film, 1976)
- Azərbaycan mədəniyyətinin baharı (film, 1959)
- Bəstəkar Rauf Hacıyev (film, 1982)
- Bir qalanın sirri (film, 1959)
- Əhməd haradadır? (film, 1963)
- Əmək və qızılgül (film, 1962)
Təltif və mükafatları
- "SSRİ xalq artisti" fəxri adı — 6 may 1978
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 29 iyun 1964
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960
- "Lenin" ordeni — 14 may 1982
- "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959
- "Şərəf nişanı" ordeni
Rauf Hacıyev 19 sentyabr 1995-ci ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.05.2026)


