Bu gün Vyanada “Avroviziya 2026”-da 2-ci yarımfinal başlayır. Təmsilçimizin şansı nə qədərdir? Featured

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

May ayı həm də dünyanın ən nüfuzlu musiqi yarışmalarından biri hesab olunan “Avroviziya” mahnı müsabiqəsinin keçirilmə tarixidir.  Hər il milyonlarla tamaşaçını bir araya gətirən, müxtəlif ölkələrin təmsilçilərinin səhnə performansları, fərqli musiqi üslubları və möhtəşəm şou proqramları ilə seçilən müsabiqə gənc ifaçılar üçün beynəlxalq arenaya açılan mühüm platforma hesab olunur. Zaman-zaman ölkəmiz bu müsabiqədə uğurlar da sıralayıbdır.

Bu gün növbəti müsabiqədə 2-ci yarımfinal baş tutacaq.

 

Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsində qazandığı uğurlu nəticələrə toxunduq. Ölkəmiz ən böyük uğurunu 2011-ci ildə əldə edib. Almaniyanın Düsseldorf şəhərində keçirilən yarışmada Eldar Qasımov və Nigar Camal “Running Scared” mahnısı ilə Azərbaycanın tarixində ilk dəfə müsabiqənin qalibi olublar.

Azərbaycanın qələbəsindən sonra 2012-ci ildə “Avroviziya” müsabiqəsinə Bakı ev sahibliyi edib. Bakı Kristal Zalında keçirilən yarışmada Azərbaycanı Səbinə Babayeva “When the Music Dies” mahnısı ilə təmsil edib və dördüncü yeri tutub.

Bu dəfəki müsabiqədə Azərbaycanı Jiva səhnə adı ilə tanınan müğənni Cəmilə Həşimova təmsil edəcək. O, bu gün Vyanada sayca 70-ci “Avroviziya” mahnı müsabiqəsində 2 nömrə altında səhnəyə çıxacaq. Jiva müsabiqədə “Just Go” adlı mahnını səsləndirəcək. Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur.

Qeyd edək ki, Azərbaycanın “Avroviziya 2026” müsabiqəsində iştirakı üçün keçirilən seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub və 186 mahnı təqdim edilib. Onlardan 107-si yerli müəllif və ifaçılar, 79-u isə xarici müəlliflər tərəfindən göndərilib. İlkin qiymətləndirmə mərhələsində müraciətlər peşəkar heyət tərəfindən nəzərdən keçirilib, 18 namizəd növbəti mərhələyə dəvət olunub. Namizədlərlə canlı dinləmələr və fərdi müsahibələr keçirilib, onların vokal imkanları, səhnə performansı və beynəlxalq auditoriya üçün potensialı qiymətləndirilib. Nəticədə üç nəfərlik qısa siyahı formalaşdırılıb və xüsusi fokus qrupunun yekun rəyinə əsasən Azərbaycanın builki təmsilçisi kimi Jiva seçilib.

Müğənninin yaradıcılıq yolu 2003-cü ildə keçirilən “Bakı Payızı” müsabiqəsində ikinci yer qazanması ilə başlayıb. O, 2007-ci ildə “Show Time” layihəsində iştirak edib, 2011-ci ildə isə “Avroviziya”nın milli seçim turunda ilk üçlüyə daxil olub.

Jiva sonrakı illərdə müxtəlif musiqi layihələrində uğurla çıxış edib. O, Xalq artisti Rəşad Haşımovun yaratdığı məşhur “RAST” ansamblı ilə səhnəyə çıxıb, həmçinin nüfuzlu “Montreux Jazz Festival”ında iştirak edib. Daha sonra “Hazz Band” qrupunun solisti kimi fəaliyyət göstərərək caz elementlərini müasir estrada üslubu ilə sintez edib. 2017-ci ildən etibarən solo fəaliyyətini davam etdirən müğənni pop, dance və R&B janrlarında Azərbaycan, rus və ingilis dillərində mahnılar ifa edir.

Xatırladaq ki, “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada keçirilir. Yarışmanın birinci yarımfinalı artıq başa çatıb, ikinci yarımfinal bu gün, böyük final isə mayın 16-da təşkil olunacaq.

Müsabiqədə ümumilikdə 35 ölkə iştirak edir. Bolqarıstan, Rumıniya və Moldova isə yenidən yarışmaya qayıdan ölkələr sırasında yer alır.

Qayıdaq ifaçımıza. Jiva “Just Go” oxuyacaq. Nə adında, nə mahnısında zəngin mədəniyyət artefaktları ilə tanınan Azərbaycanımıza aid heç nə yoxdur. Mahnı da qol-qabırğası qırıq ingiliscə səslənən alababat dappadurumdur.

Qabaqcadan öz proqnozumu verirəm. Belə bir repertuarla heç bir uğur qazanıla bilməz. Şahid olacaqsınız.

Avroviziya öz mədəniyyətini tanıtmaq üçündür. Jivaların “Just Go”ları isə əsla Azərbaycan mədəniyyətinin təbliğinə hesablanmayıb. Bu tərzdə ingilis dilində - jüri anlayan dildə oxumaq da bir dividend gətirən deyil.

Elə isə, gözümüzü 71-ci müsabiqəyə dikək. Bəlkə o vaxta düzələrik.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.