Onun cəbhədə oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilmişdi Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycan musiqisinin korifey ifaçıları dedikdə hansı adlar yada düşür? Cabbar Qaryağdıoğlu, Sadıqcan, Xan və Seyid Şuşinskilər, Bülbül, Müslüm Maqomayev, Rəşid Behbudov, Şövkət Ələkbərova və ... Əlbəttə ki, Sara Qədimova.

Bu gün korifey sənətçinin anım günüdür.

 

Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti Sara Qədimova 31 may 1922-ci ildə Bakı şəhərində doğulub.  Əlbəttə ki, qızıl səslərin əksəriyyəti Qarabağa məxsusdur, Sara xanımın da əsli Ağdamın Abdal-Gülablı kəndindəndir. Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb.

İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib. Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.

Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur.

 

Filmoqrafiya

Qayğı

Sara Qədimova

 

Video

1. Sara Qədimova — xalq mahnısı "Girdim yarın bağçasına"

2. Sara Qədimova — xalq mahnısı "Haralısan?"

3. Sara Qədimova — xalq mahnısı "Ay dilbər"

4. Sara Qədimova, Xan Şuşinski, Şövkət Ələkbərova — Qarabağ şikəstəsi

5. Sara Qədimova — xalq mahnısı "Ay qız, ay qız, amandır"

6. Sara Qədimova — Ay işığında — musiqi: Qəmbər Hüseynli, sözlər: Zeynal Xəlil

 

Mükafatları

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Şöhrət" ordeni

- "Şərəf nişanı" ordeni

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Sara Qədimova 12 may 2005-ci ildə Bakıda vəfat edib. Bu gün onun vəfatından tam 21 il keçir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.