İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Zabit Nəbizadə Oxu.az-a müsahibəsində bilirsiniz nə deyir?
Deyir ki, “hərdən fikirləşirəm ki, səhv edib bu sənətə gəlmişəm. Çünki indi yaxşı bilən ilə bilməyənin, öyrədə bilən ilə bilməyənin fərqi yoxdur”.
Zabit Nəbizadə 1965-ci ildə Şamaxı rayonunun Şıxzahırlı kəndində doğulub. 1991-1995-ci illərdə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun "Solo oxuma" (xanəndəlik) şöbəsində, 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissoru" fakültəsində təhsil alıb.
2000-ci ildən Bakı Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərən Zabit Nəbizadə, 2003-cü ildən Azərbaycan Milli Konservatoriyasının muğam şöbəsində pedaqoq kimi çalışır. Sənətçi dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində Azərbaycanı layiqincə təmsil edib. 2005-ci ildə Əməkdar Artist fəxri adına layiq görülüb. 2011-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülüb
Sənətçi sənətə gəlişini belə xatırlayır:
“Bu sənətə uşaq vaxtından həvəsim olub. Gözümü açandan ailəmizdə musiqi səsi eşitmişəm. Dayım Musaxan Güləliyev zurna-balaban ifaçısı idi. Hərdən evdə züm-zümə də edərdi, rəhmətlik. Bir oğlu xanəndə, bir oğlu aşıq idi. Hətta onlar 1997-ci ildə Moskvada “Ailə” ansmablı ilə çıxış ediblər. Onların ən kiçik musiqisi mənim balaban ifaçım və həmyaşıdım Abuzər Güləliyev idi. Xatırlayıram, biz dərsdən çıxandan sonra onlara gedərdik. O balaban ifa edər, mən də onun üçün dəm saxlayardım. Belə-belə məndə bu sənətə həvəs yarandı.
Amma bir nüansı qeyd etmək istəyirəm. Mənim ilk pedaqoji fəaliyyətim Uşaq Filarmoniyasında olub. Mən oraya öz övladlarını gətirən valideynlərə həsəd aparırdım. Çünki ailəm mənə bu məsələdə təkan vermirdi. Valideynlərim həmişə mənə deyirdilər ki, səndən oxuyan olmaz. Get, özünə sənət tap.
O vaxtlar kəndimizin uşaq klubu var idi. 6-cı sinifdə oxuyarkən ilk dəfə həmin səhnədə mahnı ifa etmişəm. Özfəaliyyət dərnəyi həmin tədbiri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil etmişdi. Mən isə “Anacan” adlı mahnı oxumuşdum. Amma 17-18 yaşlarımda bayağı musiqiyə çox meyil edirdim. Hərbi xidmətə yollanmaq ərəfəsində idim. Bir dəfə kənd toylarından birinə Alim Qasımov gəlmişdi. Onu diqqətlə dinlədikdən sonra qərar verdim ki, mən muğam ifaçısı olmalıyam. O vaxt efirdə Hacıbaba Hüseynov, Arif Babayev, İslam Rzayev, Yaqub Məmmədova qulaq asırdım. Hərbi xidmətdən qayıtdıqdan sonra Alim Qasımovun kasetlərini axtarıb tapdım. Onu dinləyə-dinləyə bir neçə muğamı öyrəndim.
O zamanlar Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil almaq üçün Bakıya qeydiyyatın olmalı idi. Bu da mənim üçün çətinlik törədirdi. Ona görə mən çalışırdım ki, hansısa zavoda işə düzələrək Bakıya qeydiyyata düşüm. Lakin bu mənə ilk dəfədən qismət olmadı.
Sonra Ələt qəsəbəsində yerləşən Ağac Emalı Kombinatında işə düzəldim ki, Bakıya qeydiyyatım olsun. 2 il orada çalışdım. Həmin illər ərzində kombinatın nəzdində ansambl yaratdıq. Ayda bir dəfə oranın işçilərinə konsert verirdik.
Nəhayət, 1991-ci ildə mən A.Zeynallı adına musiqi məktəbinə daxil oldum. Oraya qəbul olana qədər çox əzablı yollar keçdim. Həmin musiqi məktəbinə daxil olmamışdan əvvəl mən toylara gedirdim. Tələbə olanda artıq xanəndə kimi qəbul olunmuşdum. 1-ci kursda oxuya-oxuya məni Bakı kəndlərinə toylara aparırdılar. O zaman müəllimim, rəhmətlik Hacıbaba Hüseynov idi.
O mənə deyərdi ki, oğlum sən tələbə deyilsən. Əgər səni birinci kursdan Nardarana toya aparırlarsa sən özün böyük bir xanəndəsən. Şükür edirəm ki, az da olsa onun kimi sənətkarın əlindən su içmişəm. Hər dəfə tələbələrimə dərs keçəndə Hacıbaba Hüseynov nəfəslərindən istifadə edirəm və ona rəhmət oxuyuram”.
“Ədəbiyyat və incəsənət”
(01.05.2026)


