Onu Rəşid Behbudov öz, Polad Bülbüloğlu da öz qrupuna dəvət ediblər... Featured

İnci Məmmədzadə,

 

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

İlk müəllimi Çingiz Babayev olub. Əla qiymətlərlə oxuduğu üçün ikinci sinifdən dördüncü sinfə keçirilib. Cazla hələ məktəbdə oxuduğu vaxtlardan maraqlanmağa başlayıb. Caz kompozisiyalarını ilk dəfə "Weater Report" qrupunun, Miles Davis-in ifasında dinləyib. Sonralar onun musiqi təfəkkürünün formalaşmasında Michael Brecker'in yüksək texniki və qeyri-adi anotal ifasının rolu böyük olub...

 

Mən sizə Azərbaycanın əməkdar artisti Rain Sultanov barədə danışıram. Danışacaqlarımı çoxunuz bilmirsiniz. Təəccüblənəcəksiniz. Dünya səviyyəli bir musiqiçini biz niyə tanımırıq deyə şikayətlənəcəksiniz də.

Rain Sultanov 29 aprel 1965-ci ildə Bakıda dünyaya gəlib. Uşaqlıqdan musiqi sədaları altında böyüyən Rainin böyük sənətə gəlişində anasının və musqiçi qardaşları Raufla Raminin böyük rolu olub.

Rəsmə böyük həvəs göstərdiyindən uşaq ikən rəsm dərnəyinə gedib. Qardaşlarının məsləhətilə 14 yaşında musiqi məktəbinin klarnet sinfinə yazılıb

Məktəbi bitirdikdən sonra hərbi xidmətə çağrılıb və təxminən dörd il musiqi alayının hərbi orkestrində ifa edib. 1985-ci ildə Asəf Zəynallı adına orta ixtisas musiqi məktəbində təhsil alarkən Respublika müsabiqəsində qalib gəlib. Bitkin klassik təhsil görən Rain Çaykovski, Veber, Motsart və b. bəstəkarların əsərlərini sənətkarlıqla ifa edib. Həmin vaxtlardan etibarən o, ciddi caz kompozisiyalarını ifa etməyə başlayıb

Elə həmin il Polad Bülbüloğlunun yaratdığı "Aşıqlar" pop-qrupuna dəvət edilib. Polad Bülbüloğlunun gözəl mahnılarını improvizə ətməklə yanaşı qrupun musiqiçiləri, təbii ki, öz aralarında sırf cazla məşğul olublar. Rainin gətirdiyi Michael Brecker'ə məxsus əsərləri böyük həvəslə məşq ediblər. Bəzən xarici ölkə qastrollarında ara-bir caz kompozisiyaları ifa olunub.

 

1988-ci ildə şəxsən Rəşid Behbudovun dəvəti ilə Rain dövlət mahnı teatrında işləməyə başlayıb. Çox keçməyib ki, o yüksək texniki səviyyəyə çatdığını nümayiş etdirib və onun məharətli ifasında Charlie Parker'in "Donna Lee", Michael Brecker'in bir neçə kompozisiyası səslənib. Elə həmin il, Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1989-cu ildə dahi müğənnimiz Rəşid Bəhbudovun vəfatından sonra Rain "QAYA" dövlət caz orkestrinə dəvət alır.

O illər, orkestrin musiqi rəhbəri Tofiq Şabanovun dəvəti ilə solist kimi işləyib və özünü nəinki gözəl improvizəsi, eyni zamanda istedadlı aranjimançı kimi də təqdim edib. 1992-ci ildə Faiq Sücəddinovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Teleradio verlişləri şirkətinin estrada-simfonikorkestrine dəvət olunub. Burada da çox məhsuldar işləyərək qısa müddətdə bir neçə caz konsert proqramı hazırlayıb və solo konsertlərlə çıxış edib.

1995-ci ildə özünün "Jokers Dance" və "Day off" adlı ilk kompozisiyalarını bəstələyir. Bir müddətdən sonra əcnəbilərin diqqətini cəlb edərək, çox maraqlı təkliflər alıb. 1996–97-ci illərdə Almaniyada keçirilən caz festivallarının iştirakçısıdır. 1996-cı il Rain üçün çox uğurlu olub. 1997-ci il 14–15 iyunun tarixlərində "Syndicate" qrupu "Last moment" adlı ilk solo konsertini verir və orijinal kompozisiyaları ilə diqqəti cəlb ədən "Syndicate" qısa müddətdə pərəstişkarların dərin məhəbbətini qazanıb.

1997–98-ci illərdə Rain eyni zamanda Bakının və Almaniyanın bir çox caz klublarında John Coltrane, Miles Davis və s. standarts kompozisiyalarını ifa edib. Rain deyir : John Coltrane və Miles Davis kimi dahi ifaçılar dünya cazı tarixində əvəzolunmaz iz buraxıblar. Onlar bir çox caz istiqamətlərinin təməlini qoyublar. 1998-ci ildə Novosibirsk şəhərində keçirilmiş ümumdünya caz festivalına dəvət olunan "Syndicate" orda da öz sözünü deyir.

Kurtis Fuller (trombon), Adam Rogers (qitara), Donny Mckazlin (saksofon) kimi dünya şöhrətli cazmenlərlə birgə "Jam-Session"-də iştirak edib. Bundan sonra festivalın təşkilatçıları tərəfindən "Syndicate" – a kompakt-disk yazılmaq təklif edilib. Artıq peşəkar səhnədə öz sözünü demiş "Syndicate" qrupu 1998-ci ilin 12 dekabrında "Last Moment" adlı ilk albomunu buraxıb. Bunun ardınca Rain özünü başqa bir tərəfdən, yəni üslubla bəstəkarlıq bacarığını və çalğı məharətini göstərmək qərarına gəlib

O, Azərbaycan xalq musiqisinin əsasında qurulmuş "Muğam-məqam" adlı yeni albomunu yazıb. 2006-cı ildən Almaniyanın ''JAZZAHEAD'' Ümumdünya Caz Sərgisində Azərbaycan pavilyonunu təşkil edib. Azərbaycanda cazın inkişafinda və qorunması məqsədilə iki kitab yazıb. Son illərdə İsfar Sarabski ilə birgə Avropanın müxtəlif ölkələrində konsert verərək, Azərbaycan cazını tanıdıb. Onun ən maraqlı layihələrindən biri də əməkdar artist pianoçu Şahin Növrəsli, dünya şöhrətli sənətkar Xalq Artisti Alim Qasımov və digər musiqiçilərlə birlikdə hazırlanan ''Voice of Karabagh''dır.

 

''Last Moment'' albomu 

"Syndicate" qrupu 1998-ci ilin 12 dekabrında "Last Moment" adlı ilk albomunu buraxır.

- Rain Sultanov (soprano, tenor saksofon, EWI, bass clarinet)

- Eldar Rzakulizadeh (piano, keyboards)

- Rauf Sultanov (bass guitar, acoustic bass, guitar)

- Ramin Sultanov (drums, vocal #5)

1. 20th

2. Dedication to Rafig Babayev

3. Last Moment

4. Crazy World

5. Intro Gara

6. Gara

7. Miraje

8. Day off

 

''Mugham-Megham'' albomu

Rain Sultanovun ilk albomu 2000-ci ildə işıq üzü görüb.

- Rain Sultanov (soprano&tenor saxophones, alt flute)

- Nadir Talibov (balaban, zurna, tütək)

- Eldar Rzakulizadeh (keyboards, piano)

- Siyavuş Kərimi (ud)

- Rauf Sultanov (bass guitar, acoustic bass)

- Ramin Sultanov (drums, tabla, nağara, zərb, qoşa nağara)

- Tofig Jabbarov (percussion)

 

1. İçəri Şəhər (Old City)

2. Days Gone by

3. Qaçaqaç

4. Muğam-məqam

5. Araba

6. Qobustan Dastanı

 

''City of Jazz'' albomu

Rain Sultanovun ikinci albomu 2003-cü ildə işıq üzü görüb.

- Rain Sultanov (soprano, tenor saksofon, EWI, bass clarinet, keyboards)

- Yasəv Eyvazov (ud)

- David Koyfman (acoustic bass #4)

- Rauf Sultanov (acoustic bass #1,2)

- Ramin Sultanov (drums, tabla)

- Oqtay Rüstəmov (trumpet)

- Salman Qəmbərov (piano #2)

- Ruslan Hüseynov (bass guitar #7)

- Tofig Jabbarov (percussion)

1. City of Jazz

2. Bakı xatirələri

3. Leyla

4. Mart

5. Azərbaycan

6. Ağlama

7. Reyhan

8. Tale about Caspian

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.