Xalq artisti Aftandil İsrafilovun anım günüdür. Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Bir də, barmağı hərəkətə gətirən ürək əsas şərtdir. Cümlə nədir? Bitmiş bir fikri ifadə edən bir və ya bir neçə sözdən ibarət söz birləşməsi... Qarmonda da gərək cümlə olsun. Yoxsa olacaq "qart-qurt"”, Aftandil İsrafilov.

 

Bu gün Azərbaycan musiqi xəzinəsinə həm ifası, həm də bəstələri ilə incilər bəxş edən Xalq artisti Aftandil İsrafilovun anım günüdür.

Görkəmli qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilov 1941-ci ilin yanvarın 24-də Bakıda anadan olub. O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə qəbul olub. Qarmona olan marağına görə təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr edib.

 "Azkonsert"in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirib.  1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində müxtəlif ölkələrdə silsilə konsertlərdə çıxış edib.

Nağıllarda olduğu kimi ona verilən buta – fitri istedadı ustad sənətkarı ölkəmizin hüdudlarından kənarda da tanıdıb. O vaxtilə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə respublikanı ləyaqətlə təmsil edib.

 "Zemfira", "Kəmalə", "Nazilə", "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir.

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 dekabr 1982

- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 may 1998

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003

- "Dağıstan Respublikasının xalq artisti" fəxri adı — 22 aprel 2008

- "Şöhrət" ordeni — 25 yanvar 2016

 

Filmoqrafiya

- Ad günü (film, 1977)

- Məhəllə (film, 2003)

- Məhəllə 2 Moskvada (film, 2004)

- Xalq təranələri (film)

 

A. İsrafilov fəaliyyətinin ilk illərində “Azkonsert”in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirib. 1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində dünyanın dörd bir yanında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə konsertlərdə çıxış edib.

Sənətçi bu konsertlər barəsində danışarkən bildirib: “Beş dəfə Amerikada konsert vermişəm. Onun üçündə böyük sənətkar Zeynəb Xanlarova ilə birlikdə olmuşam. Orada bizi elə dinləyiblər ki, özümüzü Azərbaycanda hiss etmişik”.

Peşəkar qarmon ifaçısı müxtəlif illərdə nəhəng sənətkarlarla birlikdə işləyib. Sənətçiyə kino sahəsində çalışmaq da qismət olub. Belə ki, o, rejissor Rasim Ocaqovun “Ad günü” filmində ifa etdiyi “Nazilə” rəqsi ilə böyük şöhrət qazanıb.

Tahir və Cabir İmanovun təklifi ilə isə “Məhəllə” filmində professor rolunda yer alıb. Xalq artisti bu haqda danışarkən qeyd edib: “Qardaşlar gəlib təklif etdilər. Dedim baş üstə. Necə istədilərsə, elə də etdim. Qəti məşq etməmişdik. Həmin kadr da bir dəfəyə çəkilmişdi”.

Görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun atasına hədiyyə etdiyi piano az sonra onun sevimli alətinə çevrilib. Hər dəfə futbol oynadıqdan sonra pianoda ifa edib. Bu, onun musiqiyə olan həvəsini daha da artırıb.

Qarmonda ifa edərkən sənətçinin barmaqlarında həmişə bahalı üzüklər olub. Səbəbini soruşanlara Xalq artisti bu üzükləri sadəcə özünə maraqlı göründüyü üçün taxdığını bildirib.

Sənətçi olduğu məclislərdə tez-tez gəncləri başına yığıb onlara nəsihət verib:

 

“Yaş ötüb gedir onu saxlamaq olmur. Arzu edirəm ki, bizdən sonra gələn gənc nəsil də yaşlanmağa tələsməsin. Mən bu yaşda elə bilirəm 500 ildir ki, yaşayıram. Bu ömürdə boş keçən dəqiqələrim olmayıb. İndiki gənclərə də bunu arzulayıram”.

Xalq artisti Ramiz Quliyevin sözlərinə görə, o, heç vaxt ölümdən danışmayıb. Həyatı sevən adam olub: “Heç vaxt yasa gedə bilmirdi. Deyirdim, ay Aftandil, niyə getmirsən? Deyirdi ürəyim gəlmir. Heç kimi itirmək istəmirəm...”

Aftandil İsrafilov səhhəti ilə bağlı 2 dekabr 2022-ci ildə reanimasiya yerləşdirilib. 2023-cü ilin mart ayında yenidən səhhətində problemlər yaranıb. 29 aprel 2023-cü ildə vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Allahrəhməteləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.