Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
Bu günkü müsahibimiz əsərləri ilə ürəkləri fəth edən gənc bəstəkar və dəyərli yazar Vüqar Sübhandır. Bir millət o zaman xoşbəxtdir ki, onun Vüqar kimi gəncləri yetişir. Bu yolda bizlər də ona uğurlar arzulayır, yeni-yeni zirvələr diləyirik.
1. Vüqar bəy, ilk olaraq özünüz haqqında oxucularımıza qısa məlumat verə bilərsinizmi?
-Mən özümü "Duyğu bənnası" və "Kəlamçı" kimi təqdim etməyi sevirəm. Bu ifadələr mənim varlığımın iki ayrılmaz qütbüdür. Duyğu bənnası kimi səslərin memarlığını qurur, musiqiçi kimliyimlə qəlblərə toxunuram; Kəlamçı kimi isə sözün sehri ilə düşüncələrimi sətirlərə köçürür, yazıçı kimliyimi ifadə edirəm. Hər iki kimlik bir-birini tamamlayan tək bir ruhun təzahürüdür.
2. İlham mənbələriniz nələrdir?
-Həqiqi yaradıcılıq tək bir mütləq mənbədən qidalanır. Bu, tamamilə ruhun ucalığına bağlı bir haldır. Mənim üçün ilham – sükutun içindəki səs, yolun gətirdiyi dərinlik, təbiətin əzəməti və saflığın nizamıdır. Mən varlığın görünməyən tərəfindəki duyğulardan feyz alaraq o hissləri notlara və kəlmələrə çevirirəm.
3. Adətən günün hansı vaxtlarında yaradıcılıqla məşğul olursunuz? Bu vaxtın sizin üçün xüsusi bir cazibəsi varmı?
-Yaradıcılıq vaxtı dəyişkən olsa da, gecələrin mənim həyatımda xüsusi, mistik bir yeri var. Gecənin sükutu bədəni yorsa da, ruhu azad edir. Gecə – insanın öz daxili dünyası ilə üz-üzə qaldığı, ən səmimi etirafların pıçıldandığı andır. Məhz o saatlarda mən özümü daha aydın və daha bütöv hiss edirəm.
4. Yaradıcılığınızda hansı bəstəkarların və ya musiqiçilərin təsiri olub?
-Yaradıcılıq yolumda bir çox sənətkarın izi var. Adlarını tək-tək çəkməsəm də, həyatımın müxtəlif dövrlərində mənə istiqamət verən, ruhumu zənginləşdirən hər bir bəstəkarın irsindən faydalanmışam. Onların hər birinə minnətdaram; çünki sənət böyük bir zəncirdir və biz hər birimiz o zəncirin bir halqasıyıq.
5. Ən çox sevdiyiniz bəstəkar və ya əsər hansıdır?
-Doğrusu, tək bir bəstəkara bağlanmaqdansa, fərqli ruhların fərqli şah əsərlərinə aşiq olmağı üstün tuturam. Mənim nəzərimdə sevgi bəstəkarın şəxsindən çox, onun yaratdığı əsərə layiqdir. Əgər birini fərqləndirməliyəmsə, Nino Rota-nın ölməz "The Godfather" kompozisiyası mənim üçün musiqinin ən dərin və ən təsirli zirvələrindən biridir.
6. Dinləyicilərdən gələn rəylər sizin üçün nə qədər önəmlidir?
-Dinləyicilərin rəyləri mənim üçün sadəcə bir fikir deyil, musiqimin kainatda əks-sədasıdır. Əsərlərimin hansı qəlblərdə yuva qurduğunu, haralarda səsləndiyini eşitmək mənim üçün maraqlı və dəyərlidir. Bu səbəbdən hər bir səmimi rəyi diqqətlə dinləyirəm.
7. Hansı əsərini daha çox məşhurluq qazanıb?
-Çox şükürlər olsun ki, qələmə aldığım və bəstələdiyim əsərlər insanların ortaq duyğularına xitab edə bildi. Aləmlərin Rəbbi, sonsuz qüdrət sahibi Allaha minnətdaram ki, nəinki Azərbaycanda, həm də qardaş Türkiyədə dinləyicilərin qəlbinə yol tapan birdən çox əsərim var. Bu sevgini qazanmaq ən böyük mükafatdır.
8. Gələcəkdə hansı layihələr üzərində işləməyi planlaşdırırsınız?
-Planlarımda tamamlamaq istədiyim bir neçə yeni əsər var. Əslində, mənim içimdə hər bir əsər artıq tamdır və hazırdır. İndi ən önəmli mərhələ – o ilhamın "doğuşu" və reallaşmasıdır. Bu, sancılı, lakin müqəddəs bir prosesdir. Yaradıcı insana həqiqi məqam qazandıran məhz bu diriliş anlarıdır.
9. Yeni başlayan bəstəkar və musiqiçilərə tövsiyələriniz nə olardı?
-Onlara tövsiyəm odur ki, səbri özlərinə yol yoldaşı, nizam-intizamı isə həyat prinsipləri etsinlər. Ən əsas, təkəbbürdən uzaq olsunlar. Unutmasınlar ki, həyatda hər saniyə hər şey dəyişir. Sənətkarın böyüklüyü onun sadəliyində və daimi öyrənmək eşqindədir.
10. Musiqi və ədəbiyyat sizin üçün nə ifadə edir?
-Musiqi və ədəbiyyat mənim üçün həyatın özüdür. Ədəbiyyat – düşüncənin cismi, musiqi isə onun ruhudur. İnanıram ki, söz olmasaydı, insan varlığının bir mənası, bir mahiyyəti olmazdı.
11. Hobbiləriniz haqqında məlumat verə bilərsinizmi?
-Səyahət etmək mənim ən böyük ehtiraslarımdan biridir. İmkanım olsa, dünyanı qarış-qarış gəzər, ayaq dəyməyən dağlarda, sükuta qərq olmuş meşələrdə hisslərimi dinləyərdim. Dünyanı görməkdən çox, onu "hiss etməyi" sevirəm. Hər şeyə rəğmən həyat gözəldir və mənim ən böyük hobbim – yaşamaq sənətidir.
“Ədəbiyyat və incəsənət”
(23.04.2026)


