“İrəvanda xan qalmadı” deyə oxuyurmuş Cabbar Qaryağdıoğlu Featured

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

20 aprel 1944-cü il... Bakı səmasında bir sükut çökdü. Sanki şəhər nəfəsini içinə çəkdi. Çünki Azərbaycan musiqisinin canlı yaddaşı, muğamın nəfəsi, səsi ilə könülləri oyadan Cabbar Qaryağdıoğlu bu dünyadan köçdü. Bu, sadəcə bir insanın deyil, bütöv bir dövrün başa çatması idi.

 

Onun adı sadəcə bir sənətkar kimi deyil, bir epoxanın simvolu kimi çəkilir. 1861-ci ildə Şuşada dünyaya göz açan Cabbar, o torpağın ahəngini səsində, nəfəsində, ifasında daşıyırdı. Dağların vüqarı, çayların pıçıltısı, elin ağrısı və sevinci onun səsində birləşirdi.

Gənc yaşlarından xalq məclislərində oxuyan Cabbar, tədricən Azərbaycanın hər guşəsində tanınmağa başladı. Lakin o, bununla kifayətlənmədi. Muğamı toy məclislərinin çərçivəsindən çıxarıb, səhnəyə, salona, xalqın ortaq mədəni yaddaşına daşıdı. Bu, cəsarətli və inqilabi bir addım idi.

Onun səsi təkcə Azərbaycanla məhdudlaşmadı. 1906-cı ildə Riqada fonoqrafla lentə alınan ilk ifaları Qərb aləminə Azərbaycan musiqisini tanıtdı. O dövrdə bu, texnoloji və mədəni baxımdan böyük hadisə idi. Çünki muğam – yalnız ifa deyil, həm də yaddaşdır, tarixdir, milli kimliyin səsə çevrilmiş halıdır.

Cabbar Qaryağdıoğlunun sənətinin qüdrəti yalnız səsində deyildi. O həm də bir məktəb idi. Onun şagirdləri – Bülbül, Seyid Şuşinski kimi sənətkarlar Azərbaycan vokal məktəbinin əsas sütunlarına çevrildi. O, təkcə muğamı yaşatmadı, onu gələcək nəsillərə miras qoydu.

Cabbar Qaryağdıoğlu yüzlərlə xalq mahnısını, təsnifi, muğamı səsi ilə yaddaşlara köçürdü. Qrammofon valında oxunan "Bayatı-Şiraz"ın o kövrək notları, “Segah”ın ürək dağlayan avazı bu gün də dinləyicini titrətməyə qadirdir.

O, nə məğrur titullarla, nə də rəsmi adlarla yaşadı. Onun adı xalqın dilində, səsi ürəklərdə əks-səda tapdı. 20 aprel 1944-cü ildə bu böyük səs susdu. Amma əslində yox – sadəcə fiziki dünya ilə vidalaşdı. Çünki belə səslər ölmür. Onlar zamanın dərinliyində, xalqın ruhunda yaşamğa davam edir.

Ruhu şad olsun!

 

Bu arada yazıçı Varisin yenicə işıq üzü görmüş “İrəvanda xan qalmadı” romanında Cabbar Qayağdıoğlu ilə bağlı maraqlı bir hissə var. Oxuyaqmı?

 

“19-cu əsrin sonuydu, İrəvan şəhərində İrəvanın nüfuzlu şəxslərindən olan Məşədi Ələsgər qardaşı oğlu Əkbər bəyə toy edirdi, toyu məşhur xanəndə, Azərbaycanın səsi vala ilk yazılan ustad sənətkarı, şuşalı Cabbar Qaryağdıoğlu aparırdı.

Toy boyu bəyin tərifi getdi. Qızın atası xanəndəyə yaxınlaşıb qızının -- gəlinin də tərifini istədi. O zamanlar bəy toyunda gəlin iştirak etməzmiş. Xanəndə gəlinin atasından qızının hansısa bir nişanını soruşdu. Gəlinin atası da qızının üzündə qoşa xal olduğunu dedi. Və belə olduqda Cabbar Qaryağdıoğlu bədahətən oxudu:

İrəvanda xan qalmadı,

Gəncədə sultan qalmadı,

Daha məndə can qalmadı,

O xal nə xaldı qoşa düzdürmüsən?

De görüm, nə xaldı qoşa düzdürmüsən?

Tezliklə bu mahnını digər xanəndələr də oxumağa başladılar, mahnı illərdir xalqın könlündə qubar edən rus işğalının -- İrəvan, Gəncə faciələrinin bir himninə çevrildi. Amma mahnının məhz bu cür oxunuşuna çar hakimiyyəti qadağa qoydu. Və bu mahnı nəsillərdən-nəsillərə “İrəvanda xal qalmadı” şəklində gəlib çıxdı. Nə az, nə çox -- düz 100 il “İrəvanda xal qalmadı” oxundu. Cabbar Qaryağdıoğlunun, Qurban Pirimovun, Seyid Şuşinskinin, Sadıxcanın, Bülbülün, Xan Şuşinskinin, Yaqub Məmmədovun, Qədir Rüstəmovun ifasında ruhun qida yeri olan bu mahnı xalqın sevimlisinə çevrildi. Di gəl, nə sirdir ki, bu mahnının ilkin yaranışı barədə bilgisiz olsalar belə, heç kəs heç vaxt heç bir məclisdə “Kərəmi”, “Ruhani”, “Dilqəmi” saz havaları kimi bu mahnıya da qol qaldırıb oynamadı. Sanki hər kəs duyurdu ki, bu sevgi mahnısının kökündə bir xalqın milli mənlik, milli kimlik uğrunda mücadiləsi, sonunda da daha azman, daha zorlu olan irticaya yenilməsi kimi bir faciə dayanır.

İrəvanda xal qalmadı,

O xal nə xaldı qoşa düzdürmüsən?”

 

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.