İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İncəsənətə ruhən bağlı ailənin ilk övladı olub Zümrüd. Atası Mövlud tarixçi və eyni zamanda gözəl tar ifaçısı olub, anası Əminə ədəbiyyat müəlliməsi və həmçinin gözəl heykəltaraş, rəssam olub.
Elə bu da Zümrüdün gələcək taleyini həll edib.
Zümrüd Məmmədova 18 aprel 1956-cı ildə Quba rayonunun İkinci Nügədi kəndində ziyalı ailəsində doğulub. Musiqi təhsilini Asəf Zeynallı adına Musiqi kollecində alıb, paralel olaraq isə tibb kollecində də oxuyub. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub buranı da fərqlənmə diplomu ilə başa vurub.
İlk iş yeri Azərbaycan Dövlət Filarmoniyası olub. Peşəkar səhnəyə gəldiyi 1974-cü ildən Azərbaycanın rayon və kəndlərində, o cümlədən SSRİ dövründə bütün müttəfiq respublikalarda, 100-ə yaxın avropa ölkəsində, çoxsaylı Ərəb və Afrika ölkələrində festivallarda, qastrol səfərlərində Azərbaycan xalqının milli dəyərlərini, muğamlarımızı təmsil edərək bayrağımızı göyə qaldırıb.
Vyetnamda Xalqlar Dostluğu medalı (1980), Yaponiyada Min-On (İpək Yolu) festivalı (1989), Norveçdə festivalın lureat adına (1984), Babil festivalında laureat adına (1989) layiq görülüb. Bir çox ölkələrdə uğurlar qazanıb, bayrağımızı yüksəldib, laureat adlarını qazanıb. 1993-cü ildən isə Müdafiə Nazirliyinin Hərbi Orkestrinin Solistidir.
İncəsənət Universitetinin dostenti və müəllimi olub. Paralel olaraq İncəsənət gimnaziyasında Müəllimlik fəaliyyəti ilə məşğuldur. Hazırda Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, böyük elmi işçisi vəzifəsində çalışır. Yaradıcılığına paralel olaraq elmi fəaliyyətlə məşğuldur. Muğamlarımızın tarixin araşdırmaqda, elmi məqalələr, metodik tövsiyələr və s. yazmaqdadır.
1998-ci ildə "Əməkdar artist", 2003-cü ildə "Xalq artisti" fəxri adları ilə təltif edilib, fərdi Prezident təqaüdü ilə təmin edilib. İşində qüsursuz xidmətlərinə görə Müdafiə Nazirliyi tərəfindən dəfələrlə medallarla təltif olunub.
“Ədəbiyyat və incəsənət”
(18.04.2026)


