Şərqin Sebastyan Baxı adlandırılan azərbaycanlı Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Onun "Dahiprezidentə xatirə duaları" əsəriABŞ, Fransavə Almaniyadaifaolunub. Azərbaycanınvə Rusiyanıngörkəmlibəstəkarı və orqanifaçısı olaraqo, ohannSebastyanBaxınvarisləri" beynəlxalqmedalınalayiqgörülüb. Dahi bəstəkarQaraQarayevinyetirməsidir. O, dünyadailk şəxsdirki... - “ŞərqinSebastyanBaxı” adlandırılıb

 

ArifAbdullaoğluMirzəyev 10 aprel 1944-cü ildə Bakıdaanadanolub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfində təhsil alıb. Hazırda Almaniyada yaşayır.

Bakıdakı təhsilini başa vurduqdan sonra bir müddət P.İ.Çaykovski adına Moskva Konservatoriyasında orqan sənətinin nəzəriyyəsi və tarixindən dərs deyib. Beləliklə, Arif Mirzəyev yaradıcılıq fəaliyyətini müəllimliklə birləşdirib.

Ornamental-muğam, xoral və polifonik variasiyalar formasında Şərq polifonik solo orqan əsərləri yazan ilk bəstəkardır. 1992-ci ildə dünya musiqi ədəbiyyatında ilk İslam matəm musiqisi - "Yanvar passionu"nu ("Yanvar mərsiyələri") bəstələyib.

Arif Mirzəyev dahi alman bəstəkarı İohan Sebastyan Baxın musiqi sahəsi üzrə mütəxəssisdir, eyni zamanda onun davamçılarından biri sayılır. Müasir musiqidə polistilistikanın ustadlarından biri hesab olunur.

 

Qara Qarayevin tələbəsi

O, Qara Qarayevin yaradıcılığında əldə etdiyi uğurlarında müstəsna rolunun olduğunu deyir:

"Böyük müəllimim Qara Qarayev həmişə bizə deyərdi ki, bir dəqiqənizi belə boşa sərf etməyin. Bu sözlər həmişə məni daha çox çalışmağa sövq edib. Hərdən sutkada iyirmi beşinci saatı axtarıram. Bəlkə bunun nəticəsidir ki, həyatımın çoxunu yaradıcılığa həsr etmişəm.

Çalışmışam ki, daha çox sənət nümunələri yaradım. Baxmayaraq ki, uzun illər əvvəl pedaqoji fəaliyyətlə məşğul olmuşam. Amma sonradan özümü bütünlüklə yaradıcılığa həsr etdim. Mən maksimalist insanam və çalışıram ki, yaratdığım hər bir əsər musiqidə yeni səhifə açsın".

 

Baxın varisi

2002-ci ildə "İohan Sebastyan Baxın xatirəsinə simfoniya" və "Yanvar passionu"na görə musiqi sənəti sahəsində Rusiyanın dövlət mükafatına layiq görülüb. Eyni zamanda, MDB ölkələri mədəniyyət və incəsənət xadimləri arasında "İohan Sebastyan Baxın varisləri" beynəlxalq gümüş medalı ilə təltif edilmiş ilk şəxsdir.

Bundan başqa, Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Almaniyadakı səfirliyinin fəxri fərmanları ilə təltif olunub. 2011-ci ildə Azərbaycanda "Əməkdar artist" fəxri adına layiq görülüb. Arif Mirzəyev 1979-cu ildən Rusiya və Azərbaycan Bəstəkarlar ittifaqlarının üzvüdür.

1994-cü ildən isə Almaniyanın İohan Sebastyan Bax adına Beynəlxalq Musiqi Cəmiyyətinin, 2006-cı ildən Avropa Bəstəkarlar və Orqançılar Assosiasiyasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin isə fəxri üzvüdür. Almaniyanın Robin Lenqli adına Orqan Kitabxanasının donorlarından biridir.

 

Yaradıcı konsepsiyası

Arif Mirzəyevin elmi sahəsi sənətşünaslıqdır. Arif Mirzəyevin yaradıcılıq konsepsiyasının əsasını "Şərq və Qərbin neorenessans musiqisi sahəsində polistilistika" təşkil edir. Şərq İntibahının modal musiqisi və ya muğam, Avropa və Almaniyanın klassik polifoniyası, eləcə də müxtəlif dini konfessiyalara məxsus - islam, protestant və katolik musiqilər onun yaradıcllıq və fəaliyyət sahəsinə daxildir.

 

Arif Mirzəyevin əsərlərinin ifaçıları arasında beynəlxalq müsabiqələrin laureatları var: E.Avramenko, X.Albrext, F.Bədəlbəyli, N.Qavrilova, N.Quliyev, N.Qureyeva, L.Dedova, D.Zaretski, L.Koqan, M. Makarova, A. Markov, A. Sevidov, A. Slobodyanik, A. Fiseyski, A. Xorosinski, N. Yaşvili və s.

Azərbaycanlı bəstəkarın müxtəlif illərdə Rusiya, Ukrayna, Estoniya, Macarıstan, Almaniya, Şotlandiya, İngiltərə, Azərbaycan, İsveç və s. ölkələrdə konsertləri keçirilib. 2018-ci ildə Arif Mirzəyevin Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş konserti baş tutub. Bəstəkarın 70 illik yubileyi 2014-cü ildə Bakıda keçirilib.

 

Məşhur əsərləri

- Solo orqan üçün "Xoral və klassik fuqa" (1963)

- Piano sikli 24 prelüd (1966-1989)

- "Leypsiq" sonatası (1969)

- Caz konserti (1981)

- Baxın 300 illiyi üçün "İohan Sebastyan Baxın xatirəsinə orqan simfoniyası" (1984)

- Yanvar faciəsi qurbanlarının xatirəsi üçün "Yanvar passionu" (1992)

- Xocalı soyqırımının qurbanlarının xatirəsinə "Xocalı uşaqları üçün layla" (1996)

- "Şahzadə Diana üçün sarabanda" (1997)

- 11 sentyabr Nyu-York terror aktının qurbanları üçün "Nyu-York Passionu" (2001)

- Azərbaycanın mərhum prezidenti Heydər Əliyev üçün "Dahi prezidentə xatirə duaları" (2004)

- "Üzeyir Hacıbəyov" simfoniyası (2008)

- Orkestr üçün simfoniya (2008)

- Azərbaycan Prezidenti İlham Əliyevin 50 illik yubileyinə həsr olunmuş marş (2011)

- "Nizami Gəncəvi" simfoniyası (2016)

 

Arif Mirzəyev həm də çox sayda instrumental vokal və caz əsərlərinin müəllifidir.

Qocaman sənətkarın bu gün 82 yaşı tamam olur. Bizə də, səsimiz Almaniyaya yetərsə, onu sadəcə təbrik etmək qalır.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.