Fortepiano ilə simfonik orkestr üçün dörd konsert, yeddi simfoniya Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Bəstəkarlıq çox böyük sənətdir. Bu sənətə yiyələnmək üçün çox çalışmaq lazımdır. Yüksək səviyyəyə nail olmaq üçün onlar ömürlərinin sonunadək öyrənməli, çox dinləməli, mütaliə etməlidirlər. Yalnız bu zaman yüksək səviyyəli əsərlər yarana bilər”, -deyirdibəstəkar Nəriman Məmmədov.

 

Nəriman Məmmədov 1927-ci il dekabr ayının 28-də Naxçıvan şəhərində doğulub. Kiçik yaşlarından musiqinin vurğunu olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xalq çalğı alətləri və musiqi nəzəriyyəsi şöbələrini bitirən Nəriman bu illər xalq çalğı alətləri üçün "Suita"sını bəstələyib. Suita görkəmli bəstəkar və dirijor Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin ifasında səslənib.

O, təhsilini davam etdirərək Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə, sonralar isə bəstəkarlıq şöbələrini uğurla bitirib. O, yeddi simfoniyanın müəllifidir. Bunlardan ikisi proqramlı əsərlərindəndir. 3-cü simfoniya orqan üçün yazılmış və Riqada müvəffəqiyətlə səslənib. Dördüncü simfoniya Hüseyn Cavidə, 7-ci simfoniya Xocalı faciəsinə həsr olunub

Onun yeddi konsertindən dördü fortepiano ilə simfonik orkestr, 7-ci konsert fleyta ilə orkestr üçün yazılıb. Fortepiono üçün yazdığı konsertlərin ikisi Moskva radiosunun fondunda saxlanılıb. Səməd Vurğunun eyni adlı poeması əsasında yazılmış "Humay" baleti 80-ci illərdə Azərbaycan Dövlət Opera və Balet teatrında səhnə təcəssümü tapıb. "Humay" baletində muğam janrından istifadə edilib. Respublikanın xalq artisti Cövdət Hacıyev o zaman deyib:

 "Nəriman Məmmədov "Humay" ilə balet tariximizin yeni parlaq səhifəsini açdı".

Nəriman Məmmədov Hüseyin Cavidin "Şeyx Sənan" baleti üzərində işini başa çatdırıb. Musiqili komediyaları — "Altı qızın biri Pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir" (Tofiq Bakıxanovla birgə) və eləcə də dördüncü musiqili komediya "Olacağa çarə yoxdur" (Ramiz Abdullayevin librettosu əsasında) bəstəkarın uğurlarındandır. Nəriman Məmmədov bir neçə simfonik poema, kamera orkestri üçün pyeslər və instrumental əsər-kvartet, trio və sonata bəstələyib.

Onun yaradıcılığında mahnı janrı da xüsusi yer tutur. Nəriman Məmmədovun 700-ə yaxın mahnısı Azərbaycanın görkəmli müğənnilərinin ifasında lentə yazılmışdır. Müəllif mahnılarının mətnləri üçün şairlərdən Rəaul Rza, Bəxtiyar Vahabzadə, Fikrət Qoca, R. Heydər, R. Muxtar, Nüsrət Kəsəmənli, R. Abdullayev, Musa Urud və Xuraman Vəfanın sözlərinə müraciət edib.

O, 1959-cu ildən bu günədək AMEA-nın Memarlıq və İncəsənət İnstiutunda elmi işçi kimi fəaliyyət göstərib. Bu illərdə onun respublikanın müxtəlif güşələrində topladığı xalq mahnıları və oyun havaları (Ə. İsazadə ilə birlikdə hazırlanmış məcmuə) çap olunub. Muğamın sirlərini mahir bilicisi, görkəmli tarzən, pedaqoq, əməkdar incəsənət xadimi və əməkdar müəllimi Əhməd Bakıxanovdan öyrənib

Nəriman Məmmədov muğamların nota yazılmasında çox işlər görüb. Müxtəlif illərdə Əhməd Bakıxanovun ifasında "Bayatı-Şiraz", "Şur" muğamları Moskvada çar olunub. Azərbaycanda "Rast", "Çahargah", "Humayun", "Segah-zabul", "Şahnaz" və "Rahab" muğamları nəfis şəkildə çıxıb.

Vokal dəstgah formasında partitura Bəhram Mansurovun və xanəndə Hacıbaba Hüseynovun, Yaqub Məmmədov və Bəhram Mansurovun ifasında çap olunub. Bu muğamlara zəmanəmizin ən görkəmli sənətkarları Qara Qarayev, Tofiq Quliyev rəylər yazıblar. N. Məmmədovun işləməlrilə İslam Rzayevin ifasında "Bayatı-Şiraz" dəstgahı, Zülfü Adıgözəlovun ifasında "Segah-Zabul" nota alınıb. Qeyd eləmək lazımdır ki, bəstəkar tamaşaya qoyulmuş xeyli əsərə də musiqi yazıb.

 

Əsərləri

Baletlər

- "Humay (balet)" (1981)

- "Şeyx Sənan (balet)" (2012)

 

Musiqili komediyaları

- Altı qızın biri Pəri (Tofiq Bakıxanovla birgə)

- Məmmədəli kurorta gedir (Tofiq Bakıxanovla birgə)

- Qız görüşə tələsir (Tofiq Bakıxanovla birgə)

 

Digər

- 7 simfoniya (dördüncüsü Hüseyn Cavidə, yeddincisi isə Xocalı faciəsinə həsr olunub)

- bir neçə simfonik poema, kamera orkestri üçün pyeslər və instrumental əsər-kvartet, trio və sonata

- 700-ə yaxın mahnı

 

Mahnıları

- Baba Mahmudoğlu — Arpa çayı, sözləri Gülhüseyn Kazımındır

- Elmira Rəhimova — Darıxmışam, sözləri Rəfiq Zəkanındır

- Mirzə Babayev — Döyünən ürəyim, sözləri Ramiz Abdullayevindir

- Yusif Savalan — Azad edəcəyəm, sözləri Ramiz Abdullayevindir

- Yusif Savalan — İki dövlət bir millət, sözləri Ramiz Abdullayevindir

- İlhamə Quliyeva — Yenə peşman olmaram, sözləri Dəmir Gədəbəylinindir

- Zaur Rzayev — Gözüm axtarır səni, sözləri Bəşir Əmiroğlunundur

- Zaur Rzayev — Sənin eşqin, mənim eşqim, sözləri Tofiq Mütəllibovundur

- Bilal Əliyev — Gözüm qalıb o baxışda

 

Naxçıvan televiziyasının baş redaktoru Nihad Bayramlı bəstəkar barəsində yazır: “Ötən əsrin 50-ci illərində şifahi peşəkar musiqinin bilicisi, bəstəkar Nəriman Məmmədov muğam dəsgahlarının silsilə şəkildə yazılması işinə başlayır. Bunun nəticəsində müxtəlif illərdə “Bayatı-Şiraz”, “Şur” instrumental, “Çahargah” və “Rast” vokal instrumental muğam dəsgahları Moskvada, “Rast”, “Şahnaz”, “Çahargah”, “Humayun”, “Segah”, “Zabul” və “Rahab” instrumental muğamları isə Bakıda nəşr olunur. Bu nəşrləri Azərbaycan musiqi irsinin mənimsənilməsində və öyrənilməsində mühüm bir mərhələ saymaq olar. Bütün bunlar bəstəkar-musiqişünas Nəriman Məmmədovun milli musiqimiz qarşısında qiymətli xidmətləridir. Nəriman Məmmədov həm də gözəl lirik mahnılar müəllifi idi.

“Nə zaman darıxmışam”, “Döyünən ürək”, “Yenə peşiman oluram”, “Gözüm axtarır səni”,“Sənin eşqin mənim eşqim”,“Səndə çoxdan gözüm var”, “Kaş güləydi bəxtimiz”, “Ulduzun olaydım”, “Küsmüşəm, dindir”, “Ayrılıq olmasaydı”, “Tez səni axtarıram”, “Mən səni axtarıram”, “Mən səninəm”-oxunsa yenə xəyalımızda ölümsüz bəstəkar canlanacaq.

 

Qeyd edək ki, bəstəkarın mahnılarını bütün dövrlərin ən məşhur müğənniləri oxuyub - Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Flora Kərimova və digərləri. Təbii ki, bu siyahını uzatmaqda olar, ancaq bəstəkarın əsərləri kim tərəfindən oxunursa oxunsun, daim müəllifinin ünvanına gur alqışlar qazandırıb. Hər dəfə bu mahnıları dinləyəndə bəstəkar qəlbinin həzin pıçıltıları, kövrək hissləri, zərif duyğuları aydınca hiss olunur.

Görkəmli bəstəkarın yaradıcılığında qırmızı xətt kimi keçən və bəstəkara böyük şöhrət gətirən üç musiqili komediyası Azərbaycan musiqisinin qızıl fondunu bəzəyir. “Altı qızın biri Pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir” musiqili komediyaları Azərbaycan Dövlət Musiqili Komediya Teatrında uğurla tamaşaya qoyulub.

Bəstəkarın böyük şairimiz Səməd Vurğunun “Komsomol” poemasının motivləri əsasında yazdığı  “Humay” baleti 1981-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uğurla səhnəyə qoyularaq müəllifinə böyük şöhrət gətirib.Qeyd edək ki, bəstəkarın müəllimi olan Cövdət Hacıyev adını çəkdiyimiz balet haqqında yazırdı ki, “Nəriman Məmmədov Humay baleti ilə balet tariximizdə yeni bir parlaq səhifə açmışdır”.

Görkəmli bəstəkar həm də elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq ömrünün sonunadək Azərbaycan Dövlət Musiqi Akademiyasının professoru olub. Azərbaycan xalq yaradıcılığının örnəklərinin toplanıb nəşr edilməsində onun böyük xidmətləri var. “Azərbaycan Xalq Mahnıları və Təsnifləri” kitabı bu cəhətdən diqqətə layiqdir…”

Qeyd edək ki, bəstəkarın əməyi dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. “Əməkdar incəsənət xadimi”, “Xalq artisti” kimi  fəxri adlara layiq görülüb.

Görkəmli bəstəkar 6 aprel 2015-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.