Üzeyir Hacıbəyov onu yaratdığı Filarmoniyanın xor kapellasına dəvət edib Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Vəfatından tam 18 il keçir.

İki il öncə isə 100 illik yubileyi qeyd edildi...

Bütün həyatını musiqili teatr tamaşalarına – operalara, musiqili komediyalara həsr edib.

Zəngin bir irs qoyub gedib özündən sonra...

 

Şəfiqə Qasımova 5 dekabr 1924-cü ildə Bakı şəhərində dünyaya gəlib. Kommunist rejiminin siyasəti nəticəsində imkansızlaşan Qasımbəyovlar ailəsində anadan olub. Balaca yaşlarında valideynlərini itirmiş və nənəsi tərəfindən böyüdülüb. 14 yaşında, Maestro Niyazinin bədii rəhbəri, Həbib İsmayılovun baş rejissoru olduğu Musiqili Komediya Teatrının xorunda çalışmağa başlayıb

Həm Azərbaycan, həm də rus bölməsində oxuyub. Gözəl səsə malik olduğundan Üzeyir Hacıbəyov onu yaratdığı Filarmoniyanın xor kapellasına dəvət etmişdir. Cahangir Cahangirovun bədii rəhbəri olduğu Filarmoniyada Salman Dadaşov, Şövkət Məmmədova, "Sazçı qızlar" ansamblı, Xan Şuşinski, Seyid Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova kimi sənətkarlarla birgə işləyib

İkinci Dünya müharibəsi illərində Azərbaycan Konservatoriyasına qəbul olunub və 1951-ci ildə Əfrasiyab Bədəlbəyli tərəfindən Akademik Milli Opera Teatrına dəvət edilib (1942-1949-cu illərdə xor truppasında işləyib). Opera səhnəsində (1953-1956-cı illərdə solist kimi) Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Asiya, "Koroğlu"da Xanəndə qız, Fikrət Əmirovun "Sevil"ində Gülüş və Tafta, bir çox rus operalarında bir cox partiyaları ifa edib, obrazlar yaradıb.

Bülbül, Cavanşir Qafarov, Kamal Kərimov və digər görkəmli sənətkarlarla tərəf müqabili olub. 1956-cı ildən yenidən Musiqili Komediya Teatrında işləməyə başlayıb. Şəmsi Bədəlbəylinin bədii rəhbəri olduğu və yenidən açılan teatra ilk gələn aktrisalardan olub. Teatrın yaradılması onun aktrisa kimi imkanlarını daha da genişləndirib. Belə ki, bu teatr ilk açılışına məhz Şəfiqə xanımın baş rolu ifa etdiyi "Durna" operettası ilə başlayıb

 Oynadığı tamaşalar arasında "Gözün aydın", "Özümüz bilərik", "Səndən mənə yar olmaz", "Qızılaxtaranlar", "Toy kimindir", "Boşanib evlənərik", "Ulduz", "Qayınana", "Nazxanım naz eləyir", "Milyonçunun dilənçi oğlu", "Hicran", "Keto və Kote" və s. Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Məmmədsadıq Nuriyev, Hacıbaba Bağırov, Səyavuş Aslan, Münəvvər Kələntərli, Əzizağa Qasımov, Mobil Əhmədov, Zemfira Quliyeva, Əlihuseyn Qafarlı, Lütfiyar İmanov, İbrahim Şünasi və s. kimi korifeylərlə səhnəni uzun illər paylaşıb.

Uzun illər ərzində baş və xarakterik rolların ifaçısı olub. 1986-cı ildə təqaüdə çıxıb. Şəfiqə xanım həm də bir çox kinofilmlərdə yaratdığı obrazlarla yadda qalıb. Bu filmlər arasında rejissor Həbib İsmayılovun "Ögey ana" (Zeynəb), rejissor Tofiq İsmayılovun "Vulkana doğru" (Ana) və "Bizim məhəllənin uşaqları" (Ana) və s. filmlər vardır.

 1994-cü ildən Mədəniyyət Fondunun "Solmayan ulduzlar" kollektivinə dəvət edilib. Son illər bu teatrda oynanılan Səməd Vurğunun "Vaqif" tamaşasında Xuraman, Cəfər Cabbarlının "Solğun çiçəklər"ində Gülnisə obrazlarını ifa edib. Oynadığı Gülnisə roluna görə C.Cabbarlı adına mükafata layiq görülüb. 2 oktyabr 2002-ci ildən fəxri prezident təqaüdçüsü olub.

 Son illərdə Vaqif Mustafayevin "Manifest", "Milli bomba" (Nənə), "20 Yanvar" (Ana), "Yoxlama" və Hüseyn Mehdiyevin "Məkanın melodiyası" filmlərində rol alıb. 1960-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb.

 Şəfiqə Qasımova 3 aprel 2008-ci ildə vəfat edib.

 

Filmoqrafiya

- Görüş

- Ögey ana

- Arşın mal alan

- Bizim küçənin oğlanları

- Vulkana doğru

- Məkanın melodiyası

- Milli bomba

- Təlatüm

- Yoxlama

- Qafqaz

- Heydər Əliyev

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.