İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan muğamlarının, xalq və bəstəkar mahnılarının mahir ifaçısı kimi böyük tamaşaçı rəğbəti qazanan Abdulla Babayev düçünməyin ki, qarabağlıdır, o səbəbdən belə gözəl səsə malikdir. O, Naxçıvan torpağının yetişdirməsidir.
Abdulla Murtuz oğlu Babayev 1924-cü il aprelin 1-də Babək rayonunun Tumbul kəndində anadan olub. 1941-ci ildə orta məktəbi bitirən Abdulla Babayev 1959-cu ilə qədər Naxçıvan dəmiryol hissəsində müxtəlif vəzifələrdə çalışıb. 1959–2011-ci illərdə Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərən Abdulla Babayev öz repertuarını daim zənginləşdirib.
Onun ifasında səslənən "Naxçıvan", "O Naxçıvandır", "Təki sən səslə məni" mahnıları bu gün də sevilə-sevilə dinlənilir. Abdulla Babayev Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan və Türkiyədə qastrol səfərlərində olmuş, Azərbaycan musiqisinin təbliği və yaşadılması istiqamətində mühüm xidmətlər göstərib.
Əməyi yüksək qiymətləndirilən Abdulla Babayev 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 1998-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb, 1996-cı ildə "Şöhrət" ordeni ilə təltif olunub. Abdulla Babayev 2002-ci ildə Prezident təqaüdçüsü olub. Abdulla Babayev 2015 mart ayının 10-da vəfat edib.
Naxçıvanın Huhçıxan İnformasiya Agentliyi xanəndənin həyatının və yaradıcılığının pərdəarxası, bilinməyən məqamlarından söhbət açıb. Diqqət edək:
“Yaddaşımızda bax elə bu cür qaldı: eynəkli, ağ saçlı, şən- şaqraq ifası ilə xalqın könlündə taxt quran bir insan. Uşaqlıqdan “Aban” deyə çağrılıb, elə sonrakı illərdə də dost-tanış ona bu cür müraciət edib, ta ki böyük səhnələri fəth edib sənətdə öz imzasını təsdiqləyənə qədər...
Gözəl səsə malik olan dəmiryolçu Murtuz kişinin ailəsində dünyaya göz açıb. Murtuz kişinin hərdən bir evdə zümzümə etməsi, toylarda oxuması balaca Abdullanın da körpə qəlbini riqqətə gətirir. Elə sonralar onun müğənni olmasında atasının böyük rolu olur.
Evdə boş vaxtlarında radioya qulaq asaraq musiqini öyrənir, tava, vanna, vedrəni qaval əvəzi istifadə edərək muğamlar, mahnılar oxuyur. 9 uşaqlı ailənin böyük övladı olan Abdulla 19 yaşında ikən atası dünyasını dəyişir. Böyük ailənin yükü onun çiyinlərinə düşür. 1941-1945-ci illər müharibəsi başlayanda onu da müharibəyə aparırlar, lakin gözləri zəif oluğuna görə geri qaytarılır.
Abdulla başlayır bənnalıq etməyə. Hətta divar hörəndə də mahnı oxuyur, yoldan keçənlər ayaq saxlayıb onun səsinə qulaq asırlar. Məclislərdə, səhnələrdə çıxış etməsə də, artıq çoxları onun gözəl səsə malik olduğunu bilir. Bir dəfə kənddə yaxın qohumlarının birinin toyunda kimsə təklif edir ki, Abdulla oxusun. Onu zorla musiqiçilərin yanına gətirirlər. Şəhərdən dəvət olunmuş xanəndə qavalı ona verib deyir:
-Utanma, oxu.
Çalğıçılar elə bil himə bənd imişlər. Çox keçmir ki, Abdullanın yanğı dolu məlahətli səsi ətrafı bürüyür, məclisdəkilər yerbəyerdən deyirlər: “Bunun nə qiyamət səsi varmış, lap adamı yandırıb yaxır ki...” Mahnını oxuyub qurtaranda hər tərəfdən “əhsən”, “səsinə söz ola bilməz” sədaları eşidilir. Elə həmin gündən Abdulla böyük sənətin astanasına qədəm basır.
1959-cu ildə Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblı təşkil olunanda belə bir elan verilir ki, yaxşı mahnı oxuyanları, tar, kamaça çalanları ansambıla qəbul edirik. Abdulla həmin ansambla gedir və səsi yoxlanıldıqdan sonra məlum olur ki, o elə yaxşı oxuyandır. Ansamblda işə qəbul haqqında ilk əmr Abdulla Babayevin adına yazılır. Beləliklə, 1959-cu ildən onun solist kimi başlayan səhnə həyatı 50 ildən artıq bir dövrü əhatə edir
Uzun illər səhnələrdə olan, çox mahnılar oxuyan, konsertlər verən, özünəməxsus ifa tərzi ilə seçilən Abdulla Babayev oxuyanda qəlbinin sevinci simasında təzahür edib. “Balıq susuz yaşaya bilmədiyi kimi, mən də musiqisiz yaşaya bilmərəm” deyərmiş. Bacarıqlı bənna kimi vaxtilə çox gözəl, yaraşıqlı evlər tikən xanəndə oxuduğu mahnıların da bənnası olub.
“Naxçıvan”, “O Naxçvandır”, “Təki sən səslə məni”, “Dəli ceyran”, “Yaxan düymələ”, “Almanı atdım xarala”, “Qoy gülüm gəlsin”, “ İrəvanda xal qalmadı”, “Tel nazik” və daha neçə-neçə mahnılar onunla oba-oba, oymaq-oymaq gəzib, sənət yoluna işıq salıb və Naxçıvan mədəniyyətinə şan-şöhrət gətirib. Ulu Naxçıvanımıza həsr olunan, bu yurdu tərənnüm edən, qəlbləri ovsunlayan “O Naxçıvandır” mahnısı da məhz Abdulla Babayevin ifasında daha çox sevildi, özünə böyük mövqe qazandı.
Xanəndənin böyük sevgi, ilham və şövqlə oxuduğu “O Naxçıvandır” mahnısı insanların ruhuna, qəlbinə, yaddaşına hopdu. Sənətkar elə bu mahnıyla da məşhurlaşdı. Bu sirr deyil ki, çoxları sözləri Əliheydər Qəmbərova, musiqisi Vahid Axundova məxsus olan bu mahnının elə müəllifinin Abdulla Babayev olduğunu düşünür. Və bir də “Təki sən səslə məni” mahnısı ilə sevildi ölməz sənətkar.
Mahnıya məhz onun ifasında qulaq asanda insan böyük zövq, mənəvi istirahət alır. Müğənni konsertlərini “O Naxçıvandır” mahnısı ilə başlayıb “Təki sən səslə məni” ilə sona çatdırarmış. Naxçıvan torpağında bir ucu Ordubad, bir ucu Sədərək harada şənlik olubsa, Abdulla Babayev o məclisin başında olub.
Həmin şənliyə ucalıq, hörmət və məhəbbət gətirib. Qədim Naxçıvan torpağının əbədiyaşar nəğməkarı 80 yaşında da əlində dəf səhnəyə çıxıb, gözəl ifaları ilə qəlbləri riqqətə gətirib. Ömrünün 80 yaşında zilə qalxmaq, asanlıqla zildən bəmə enmək hər oxuyana qismət olmasa da, ulu tanrı Abdulla Babayevə bu qisməti əta etmişdi.
Xalq artisti Abdulla Babayevlə Ulu Öndər Heydər Əliyevin dostluğu isə 1937-ci ildən başlayıb. Sənətkar bu barədə xatirələrini dilə gətirərək deyib:
“Həmin illərdə mən Naxçıxan dəmiryol orta məktəbində oxuyurdum. Dəmiryol vağzalının yaxınlığındakı gölməçə qış aylarında donanda məktəbli uşaqlarla buz üzərində yarışırdıq. Naxçıvan şəhər məktəblərindən də məktəblilər bu yarışda iştirak etmək üçün gəlirdilər. O zaman, yarış vaxtı Heydər Əliyevlə tanış oldum.
Dostluğumuz beləcə başladı. Biz həmişə boş vaxtlarımızda görüşər, dərslər barədə söhbətlər edərdik. 1941-ci ildə müharibə başladı və bir-birimizdən ayrıldıq. Uzun müddətdən sonra mən onunla Naxçıvanın 40 illiyində görüşdüm.
Naxçıvanın 50 illiyi ilə bağlı keçirilən konsertdə isə “O Naxçıvandır” mahnısını oxuyanda Ulu Öndər Heydər Əliyev mənə – “Ay Aban, sən bütün mahnıları yaxşı oxuyursan. Bu mahnını isə daha yaxşı oxuyursan. Bu mahnını həmişə oxu”, -dedi.”
Abdulla Babayev muğamın beşiyi sayılan Qarabağın hər qarışına ayaq basıb, orada məşhur xanəndələrlə muğam məclislərində qarşılıqlı oxuyub. Elin bütün toy-düyününün iştirakçısı olan sənətkar elə öz elçiliyini də özü edib, Bakıdan olan Bibixanım adlı qızla evlənib. Xanəndə gənclik illərindən ov həvəskarı olub. Bu isə təbiətə vurğunluğundan irəli gəlib.
Olduqca zarafatcıl, yumoru sevən, bamazə bir insan kimi saysız-hesabsız lətifələr bilib. Başına gələn qəribə əhvalatları güclü yumor hissi ilə danışar, məzəli söhbətləri ilə hamı tərəfindən sevilərmiş. Həyatda heç kəsin qəlbinə dəyməyib və həddindən artıq səliqəli, zövqlü, humanist, qəlbi təmiz, ürəyi pak insan olan xalq artisti 9 övlad böyüdüb.
Oğlu, tarzən Zeynalabdin Babayevlə isə hər zaman bir səhnəni bölüşüb. Həm dost, həm də həmkar kimi ata-bala saysız-hesabsız dövlət tədbirlərində, məclislərdə, toy-düyünlərdə, qastrol səfərlərində olublar. Oğul tar çalıb, ata isə oxuyub. Naxçıvan Dövlət Filarmoniyasının solisti kimi çox yerlər, şəhərlər gəzən Xalq artisti ömrünün 45 ilini səfərlərdə keçirib. Xarici ölkələrdə də Azərbaycan muğamlarını, el havalarını, bəstəkar mahnılarını təbliğ və tərənnüm edib.
Xaricdə yaşayan azərbaycanlılar vətənimizin ətrini onun şirin, mərhəm səsindən alıblar. Naxçıvanın musiqi həyatında, ifaçılıq aləmində xidmətləri olan müğənninin ömrü başdan-başa nəğmələrlə, musiqi ilə yoğrulub”.
1970-ci ildə Abdulla Babayevə Naxçıvan Muxtar Respubikasının Əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adını veriblər. 1996-cı ildə isə Ulu Öndər Heydər Əliyev onu “Şöhrət” ordeni ilə təltif edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(01.04.2026)


