İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
"Qonşuluqda yaşayan dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli muğamlarımızın ifaçısını axtarırdı və onun axtardıqlarından biri də ədəbiyyatdan götürdüyü "Nəva" muğamı idi. Üzeyir bəyə deyiblər ki, həmin muğamı yeganə Əhməd Bakıxanov ifa edə bilər. Üzeyir bəy Hacıbəyli də xəbər göndərib ki, Əhməd xan, xahiş edirəm tarınla bizə gələsiniz. Atam gedib. Onu çox gözəl qarşılayıblar.
Çay süfrəsi arxasında Üzeyir bəy soruşub ki, Əhməd xan, "Nəva" muğamını çala bilərsiniz? Atam cavab verib ki, bəli, çalaram. Atam "Nəva"nı tarda ifa edib. Üzeyir bəy deyib ki, Əhməd xan, onu bil ki, axtardığımı tapmışam. Üzeyir bəy elə həmin gün atamı konservatoriyaya müəllim işləməyə dəvət edib".
Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanov
Azərbaycan SSR xalq artisti Əhməd Bakıxanov 5 sentyabr 1892-ci ildə Bakıda anadan olub. İlk musiqi təhsilini İranda alıb, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə ifa edib. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Kollecində muğamdan dərs deyib. 1931-ci ildə Xalq Çalğı Alətləri Ansamblını yaradıb, ömrünün sonunadək bu ansambla rəhbərlik edib.
1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır. "Azərbaycan xalq rəngləri" (1964), "Azərbaycan ritmik muğamları" (1968), "Muğam, mahnı, rəng" (1975) kimi not nəşrlərinin müəllifidir. Əhməd Bakıxanovun ifasından bir çox instrumental muğamlar — "Rast", "Şur", "Bayatı-Şiraz", "Segah-Zabul", "Rahab", "Şüştər", "Hümayun", "Şahnaz" muğamları bəstəkar Nəriman Məmmədov tərəfindən nota salınaraq çap olunub. Bakıxanovun mənzilində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı yaradılıb.
Burada tarzənin xalq çalğı alətlərindən ibarət zəngin kolleksiyası nümayiş olunur. Məşhur yayılmış versiyanın əksinə, Abbasqulu ağa Bakıxanovun nəvəsi deyil, bəstəkar Tofiq Bakıxanovun atasıdır. 1994-cü ildə Əhməd Bakıxanovun 100 illiyinə həsr olunmuş tələbə və gənclərin tar alətində muğam ifaçılığı üzrə respublika müsabiqəsi keçirilib.
Təltif və mükafatları
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
3. "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı
4. "Şərəf nişanı" ordeni
Sənətkarın həyatını tədqiq edən Zöhrə Fərəcova yazır:
“Atası Məmmədrza bəy uzun illərdi ticarətlə məşğuldu. Ancaq o, peşəkar musiqiçi olmasa da, bu sənətə ürəkdən bağlı idi. Sənətkarlara böyük ehtiram göstərir, onlardan özünə qarşı hörmət görürdü. Süfrəsi açıq, ocağı qonaq-qaralı idi. Məmmədrza bəy Bakı musiqisevərlərini, bacarıqlı musiqiçiləri, xanəndələri tez-tez evinə dəvət edirdi. Əslində, özü də, sadəcə, tamaşaçı, dinləyici deyildi.
Məmmədrza bəy tarda musiqilər çalır, xoş avazla oxuyurdu. Onun qaynı Mirzağa zərgər olsa da, tarda gözəl çalırdı. Məmmədrza bəy oğlanları Məmmədxanı və Əhmədi musiqiçi görmək istəyirdi. Ailədə musiqi sənətinə tükənməz sevgi ilə böyüyən, evlərində musiqiçilər görən, onların gözəl ifalarını dinləyən qardaşlar da kiçik yaşlarından tar alətinə xüsusi maraq göstərirdilər.
Hər iki qardaş tar ifaçılığında ustad tarzənlərdən geri qalmayan dayıları Mirzağaya və ataları Məmmədrza bəyə qoşuldular. Beləliklə, Məmmədrza bəyin ocağında ailə ansamblı yarandı.
Bütün bunlar Əhməd Bakıxanovun ilk musiqi təhsilinə, görkəmli tarzən və bacarıqlı pedaqoq kimi yetişməsinə böyük təsir göstərdi. Ancaq o illərdə bircə qayğısı vardı.
Evin yuxarı başında saxlanılan və hər kəsin sevimlisi olan gözəl sədəfli tarda çalmaq növbəsi atasından, dayısından və böyük qardaşından sonra ona gəlib çatırdı. Bəzən eləcə kənarda dayanıb onların ifasını həm heyranlıqla, həm də həsrətlə dinləməli olurdu. Axır ki çıxış yolu tapır.
Bir gün evdə heç kim olmayanda tarı götürüb sağdan sola çevirir ki, ondan başqa həmin tarda çalan olmasın. Atası, dayısı bundan xəbər tuturlar. "Gör Əhmədin necə həvəsi var ki, tarı soldan sağa çevirib", - deyirlər. Belə çalmaq çətin olsa da, o, nəinki bacarmış, hətta ifası ilə məşhurlaşmışdı. Və Əhməd Bakıxanov təkcə Azərbaycanda yox, Şərq ölkələrində yeganə solaxay tarzən olmuşdu.
Bakıxanovlar ailəsi bir müddət İranın Rəşt şəhərində yaşamalı olub. On altı yaşlı Əhməd Bakıxanov da ilk təhsilini orada məşhur xanəndə Əbdülhəsən xandan almağa başlayıb. Qabiliyyətli şagird olduğunu ilk günlərdən göstərib. Qısa vaxtda musiqi sənətinin çox dərinliklərindən, incəliklərindən xəbərdar olub. Ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərini öyrənib.
Ailəlikcə Bakıya qayıtdıqdan sonra Əhməd Bakıxanov təhsilini doğma şəhərində davam etdirmək istəyib. O illərdə maddi vəziyyətləri buna imkan verməyib. Amma həvəsdən düşməyib. Nə könlü, nə də barmaqları tarın mizrablarından uzaq düşüb. Gənc Əhməd Bakıxanov böyük arzularla və musiqi sənətinə sonsuz sevgi ilə öz üzərində çalışıb. Dövrünün görkəmli tarzənlərinin yanına gedib, onların ifaçılıq ustalığına diqqət yetirib, daim öyrənib.
1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə fərqli ifası ilə tanınıb və sevilib. Böyük arzularını həyata keçirməsində, Azərbaycan musiqi sənətinə bacardığı qədər, misli-bərabəri olmayan xidmətlər göstərə bilməsində Üzeyir bəy Hacıbəyli ilə tanışlığının böyük rolu olub.
Əhməd Bakıxanov Üzeyir bəy Hacıbəylinin dəvəti ilə 1930-cu illərdən Azərbaycan Dövlət Konservatoriyasında, sonralar Azərbaycan Dövlət Musiqi Kollecində dərs deyib. 1931-ci ildə Xalq Çalğı Alətləri Ansamblını yaradıb. Ömrünün sonunadək bu ansambla rəhbərlik edib. Amma repressiya tufanı respublikanı çənginə alanda Əhməd Bakıxanov bu sahədəki xidmətinə də ara vermək məcburiyyətində qalıb...
1930-cu illərdə sovet hakimiyyətinin həyata keçirdiyi repressiya siyasətinin ağır zərbələrindən Bakıxanovlar ailəsi də qurtula bilməyib. 1937-ci ildə Əhməd Bakıxanov və böyük qardaşı Məmmədxan həbs olunublar. Tofiq Bakıxanov onlara qarşı irəli sürülən saxta ittihamlar barədə danışıb:
"Atamı və əmimi Azərbaycanda muğamları İran adı ilə təbliğ etməkdə təqsirləndirirdilər. Deyirdilər ki, Əhməd Bakıxanov "Bayatı-Şiraz"la bizi Şiraza çəkir... Buna görə həbs olundular. İkiotaqlı evdə yaşayırdıq. NKVD-nin əməkdaşları gəlib axtarış apardılar. Ancaq evdə Əhməd Bakıxanovun dəftərindən, kitablarından başqa heç nə olmadığına görə akt tərtib etmədilər. Anam Məsmə xanım Üzeyir bəyin yanına gedib və baş verənləri ona danışıb.
Üzeyir bəy anama səbirli olmağı məsləhət görüb. Deyib ki, mən respublika rəhbərləri ilə bir yerdə Moskvaya gedirəm, bu məlumatları onlara çatdıraram. Atamla əmim hələ həbsdə ikən Moskvada Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyü keçirilirdi. Onlar qayıdandan sonra Üzeyir bəy bizə zəng vurub şad xəbər verdi ki, yaxın vaxtlarda Əhməd xanı və Məmmədxanı buraxacaqlar. Atamla əmim üç ay sonra azad edildilər".
Onlar həbsdən qurtulduqdan sonra da böyük məhəbbətlə, təəssübkeşliklə Azərbaycan musiqi sənətini qoruyub inkişaf etdiriblər. Əhməd Bakıxanov çoxşaxəli fəaliyyət göstərib. Muğamlarımızı dərindən bilən, milli musiqimizin cəfakeşlərindən olan sənətkar ömrünün sonlarına qədər yorulmadan çalışıb. Onun qardaşı Məmmədxan Bakıxanov istedadlı tarzən kimi tanınıb. Əməkdar artist Məmmədxan Bakıxanov Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən biri, filarmoniyanın solisti olub.
Əhməd Bakıxanovun həm tarzən, muğam bilicisi, həm də pedaqoq kimi Azərbaycan musiqi sənətinə göstərdiyi xidmətlər böyükdür. Onun Azərbaycan muğamının qorunmasında və inkişafında böyük xidməti var. Tara, muğama hücum edilən keçən əsrin 30-cu illərində Əhməd Bakıxanov dahi bəstəkar Üzeyir bəy Hacıbəyli ilə birlikdə xalqımızın milli sərvəti olan muğamın, tarın qorunub saxlanılmasında böyük işlər görüb.
Əhmd Bakıxanov 1973-cü il martın 26-da vəfat edib. İkinci Fəxri xiyabanda dəfn olunub. Yaratdığı və rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblı həmin ildən Əhməd Bakıxanovun adını daşıyır. Sənətkarın ifasında lentə alınmış muğamlarımız, eləcə də bəstələdiyi əsərlər gözəl sənət nümunələri kimi musiqi tariximizdə qalıb”.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.03.2026)


