İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İpək kimi səsə malik Xalq artisti Tükəzban İsmayılova xalq mahnılarının, muğam və təsniflərin mahir ifaçısı idi. Həmişə onu tarda həyat yoldaşı - Xalq artisti Həbib Bayramov müşayiət edirdi. Bu ailədə daha bir Xalq artisti var idi – sonradan estradamızın ulduzuna çevriləcək İlhamə Quliyeva.
Bir gün Həbib Bayramov bu dünyadan köçdü. Tükəzban xanım uzun səhnə fəaliyyətini həyat yoldaşının ölümündən sonra dayandırdı. Sonra Tükəzban xanım özü də dünyadan köçdü.
İndisə İlhamə Quliyeva da daha yoxdur...
Tükəzban İsmayılova 1923-cü il dekabrın 21-də Bakı şəhərində anadan olub. Erkən yaşlarından özünü büruzə verən musiqi istedadı onu bütün həyatı boyu muğam sənətinə bağlayıb. O, 1939–1944-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb və peşəkar xanəndə kimi çıxış etməyə başlayıb. Əmək fəaliyyətinə ilk əvvələr İkinci Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib
Daha sonra 1944-cü ildə Azərbaycan Radio Komitəsinin xor kollektivində müğənni kimi başlayan Tükəzban İsmayılova 1948–1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olub.1994–2004-cü illərdə isə İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib. Milli musiqimizin böyük sənətkarlar nəslinin nümayəndəsi olan Tükəzban İsmayılova yüksək ifaçılıq qabiliyyəti və səhnə mədəniyyəti ilə fərqlənib.
Ömrünün altmış ildən artıq bir dövrünü muğama həsr edən Tükəzban İsmayılova musiqimizin inkişafı naminə böyük əmək sərf edib. Müğənninin oxuduğu klassik Azərbaycan muğamları və xalq mahnıları ifaçılıq sənəti tariximizə həmişəlik daxil olub. Repertuarında muğam, təsnif, xalq mahnıları ("Kürdün gözəli", "Yeri, dam üstə yeri", "Qarabağ şikəstəsi", "Qaragöz" və s.) və Azərbaycan bəstəkarlarının mahnıları əsas yer tutub.
Onun özünəməxsus üslubda oxuduğu "Qatar", "Xaric segah", "Şahnaz", digər muğam və mahnılar milli musiqi xəzinəmizi zənginləşdirib. Tükəzban İsmayılova mədəniyyətimizdə öz dəst-xətti ilə seçilən sənətkar olub. Bir çox mahnı və təsnif məhz onun təkrarsız ifası ilə geniş yayılıb. Tükəzban İsmayılova dünyanın bir çox ölkələrinə (Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair və s.) qastrol səfərləri zamanı Azərbaycan mədəniyyətini layiqincə təmsil edib
O, respublikamızda gənc xanəndələr nəslinin yetişdirilməsində də öz qüvvəsini əsirgəməyib. Tükəzban İsmayılovanın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının ali mükafatlarından biri olan "Şöhrət" ordeni ilə təltif edilib.
1993-cü ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adı, 1998-ci ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilib.
Mükafatları
- "Əməkdə fərqlənməyə görə" medalı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
- "Şöhrət" ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Müğənni 2008-ci il mart ayının 24-də Bakıda vəfat edib. Məzarı II Fəxri Xiyabandadır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.03.2026)


