Erməni terroru və bir musiqi səhifəsinin qapanması Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

1994-cü il martın 19-da erməni ekstremistlərinin təşkil etdiyi metro stansiyasındakı terror hadisəsi nəticəsində həlak olanların arasında o da var idi, istedadlı musiqiçiRafiq Babayev.

Beləcə, musiqi tariximizin bir səhifəsi qapandı...

 

Rafiq Babayev 1936-cı il martın 31-də Bakı şəhərində partiya orqanlarında işləyən Fərzi Babayevin ailəsində anadan olub. 1937-ci ildə XDİK (Xalq Daxili İşlər Komissarlığı) həbsxanasına salınan Fərzi Babayev güllələnmə cəzasına məhkum edilib (1956-cı ildə o, bəraət qazanaraq azadlığa buraxılır). Rafiqin anası Şahbəyim xanım 6 övladını – Mərziyə, Vəsilə, Emilya, Oqtay, Rafiq, Armanusa-nı hədsiz çətin şəraitdə tərbiyə etməyə məcbur olub.

Sonradan bu uşaqların hamısı peşəkar musiqiçi kimi tanınıb. 1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvartetini də məhz bu məktəbdə yaradıb. 1950-ci ildə həmin məktəbi bitərək, A. Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olub, R. S. Levinanın sinfində təhsil alıb. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyib.

O, caz musiqisi ilə də maraqlanıb və improvizasiya ustalığını təkmilləşdirib. 1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilib. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən Rafiq Babayev 1959-cu ildə Bakı Konservatoriyasını bitirdikdən sonra həmin qrupun musiqi rəhbəri kimi, Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxıb.

Rafiq Babayev Bakıya qayıdandan sonra görkəmli müğənni Rəşid Behbudovla tanış olub. 1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilib. R. Babayev və R. Behbudov teatrlaşdırılan böyük konsert proqramı hazırlamağa başlayıblar. Rafiq bu tamaşanın səhnəyə qoyulması üçün çox böyük işlər görüb. Bütün bu illər ərzində Rafiq caz musiqisi sahəsində yaradıcı işini də davam etdirib.

 1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festifalında Rafiq Babayevin ansamblı laureat olub. Onun "Bayatı-kürd" ladında ifa edilən kompozisiyası xüsusi qeyd edilib.

Müxtəlif illərdə bu kollektivin heyətində Gennadi Stepanişşev (fleyta, saksofon), Rauf Sultanov (bas-gitara), Ələsgər Abbasov (gitara), Səyavuş Kərimi (ud, klavişli alətlər), Cəmil Əmirov (klavişli alətlər), Tofiq Cabbarov (zərb alətləri), Firuz İsmayılov (sintezator), Ramin Sultanov (zərb alətləri), Emil Həsənov (bas-gitara), Vaqif Əliyev (zərb alətləri), Emil K. Həsənov (bas-gitara) və başqa peşəkar musiqiçilər fəaliyyət göstəriblər.

Həmin illərdə Rafiq Babayev ictimai işlərlə də məşğul olub, müxtəlif musabiqələr, baxış və festivallar təşkil edib. Onun bütün yaradıcılıq fəaliyyəti gənc instrumental musiqiçi və vokalçılarla pedaqoji işlə həmişə bağlı olub. 1991-ci ildə Rafiq Babayev "Cəngi" folklor-caz kollektivini təşkil edib və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası yaradıb.

 O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə – Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradıb. 1993-cü ildə Rafiq Babayevə Azərbaycan Respublikasının xalq artisti adı verilib.

 

Filmoqrafiya

1. Anlamaq istəyirəm

2. Baharla birgə

3. Basatın igidliyi

4. Bir axşam

5. Çalışan adam

6. Çörək

7. Bircəciyim

8. Fəryad

9. İmtahan

10. Kişi sözü

11. Qara leylək

12. Qobustan

13. Əzablı yollar

14. Padarçöl

15. Su niyə yoxdur?

16. Suvenir

17. Təhminə

18. Tələ

19. Tilsim

20. Ömür urası

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.