Bu gün Xan Şuşinskinin anım günüdür Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bəli, mübaliğəsiz olaraq deyə bilrəik ki, o bir musiqi dahisi idi, mədəniyyətimiz tarixinə adını qızıl hərflərlə yazdırmış bir əfsanə idi.

Xan Şuşinski!

 

O, 1901-ci ildə avqust ayının 20-si Şuşada anadan olub. Əsı adı İsfəndiyar idi. Ailəsinin Qarabağ xanları nəsli ilə qohumluq əlaqəsi olub. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xan İqbalın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını verib.

Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub. Qeyd etmək lazımdır ki, Xan Şuşinskinin təsirləndiyi şəxslərdən biri olan Şeyid Şuşinski o dövrün görkəmli xanəndəsi Əbdülhəsən xan İqbali Azər ilə yaxından dost olub. Əbülhəsən xan vallarından birində "Hümayun" muğamını oxuyaraq, üzərində onu Seyid Şuşinskiyə həsr etdiyini yazdırıb.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. 1920-ci ildə Bakıdan Qarabağa təbliğat konsertləri vermək üçün gələn bolşevik təşviqat briqadasınnı içində Cabbar Qaryağdıoğlu da olub. Cabbar Qaryağdıoğlu Xan Şuşinskini də yanına alaraq bütün Qarabağ da konsertlər verib

Xanın repertuarında "Mahur–Hindi", "Bayatı-Qacar", "Qatar" dəsgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onlara yeni bir çalarlar aşılayıb.

Bakıya gəldikdən sonra buradakı ilk rəsmi çıxışını 1923-cü ildə həyata keçirib. Bu çıxış Azərbaycan Dövlət Filarmoniyasında həyata keçirilib. Bundan sonrakı illərdə böyük məşhurluğa sahib olub və bir çox ölkələrdə və şəhərlərdə qastrol səfərlərində olub. Həmçinin, Səməd Vurğunun "Azərbaycan" poemasında da adı keçib.

1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görülüb. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil edib

1943-cü ildə birbaşa sürətdə olmaqla Azərbaycan Xalq Artisti adına layiq görülüb. Bu fəxri ada layiq görülməsindən bir il sonra, yəni 1944-cü ildə Məhəmməd Rza Şah Pəhləvinin dəvəti ilə İrana qastrol səfəri edib. Bu səfər zamanı Tehran da daxil olmaqla, 4 şəhərdə konsert verib

1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində "Muğam studiyası" yaradıb və burada gənc xanəndələrə muğamın sirrlərini öyrədib. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslini yaradıb. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirib. Bu baxımdan onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olub

Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz" mahnısının ilk ifaçısı olub və mahnını yüksək zövqlə oxuyaraq yaşadıb. Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib.Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə "Qaragöz"ü dinləməkdən zövq alıb.

Xan Şuşinski həmçinin, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində (Asəf Zeynallı adına Musiqi Məktəbi) müəllimliklə də məşğul olub. Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən cəmi 240 dəqiqəlik lent yazısı qalıb. Xan Şuşinski 18 mart 1979-cu ildə vəfat etmişdir. İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

Əsərləri

-  Yaxşı adamın hekayəti

-Nəğmələr susmur

- Səs, söz və ifaçılıq

 

Filmoqrafiya

- Bakı bağları. Buzovna

- Biz qayıdacağıq

- Havalansın Xanın səsi

- Muğamat var olan yerdə

- Muğamlar

- O olmasın, bu olsun

- Özgə ömür

- Prima

- Qızıl fonddan seçmələr

- Səs

 

Mükafatları

1. "Azərbaycan SSR xalq artisti" fəxri adı (birbaşa)

2. "Şərəf nişanı" ordeni

3. "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

4. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı

 

Xan barədə mətbuatda bir-birindən maraqlı faktlara rast gəldim. Onlardan bəzilərini sizinlə bölüşürəm:

Qarabağ məclislərinin birində İranın böyük xanəndəsi Əbülhəsən Xan İqbalın “Kürd-Şahnaz” muğamını dinləyirlər. Xanəndə İslam Abdullayev üzünü şagirdi Xan Şuşinskiyə tutur. O vaxt o, hələ İsfəndiyar idi.

-Belə oxuya bilərsən?

Xan Şuşinski cavab verir:

-Bir dəfə də dinləsəm, oxuyaram!

Muğamı bir dəfə də dinləyirlər və Xan “Kürd-Şahnaz”ı necə oxuyursa, İslam Abdullayev heyran qalır. O, şagirdinə baxıb razılıqla gülümsəyərək deyir:

-Əbülhəsən İranın xanıdır, sən də bu gündən oldun Azərbaycanın Xanı!

O vaxtdan gənc İsfəndiyara hamı Xan, bir az yaşlanandan sonra isə Xan əmi deyə müraciət edir.

***

Cavanlığında at sürməyi, ov-ovlamağı xoşlar, iti görmə qabiliyyəti və cəld hərəkəti hesabına sərrast güllə atmağı bacararmış.

Hafizəsi güclü olduğundan hətta ömrünün ixtiyar çağlarında belə yaddaşında minə yaxın şeir və qəzəli təhrifsiz saxlayıb, söyləyə və oxuya bilirdi. Eyni zamanda müasirlərindən, əsasən də Əliağa Vahiddən ilk dəfə o qəzəl oxuyur və onları məşhurlaşdırır.

***

Bir gün Xan Şuşinski musiqiçi yoldaşları ilə toydan gəlirmiş. Quldurlar onları soymaq üçün faytonlarını saxladırlar. Sənətkar olduqlarını biləndə Xandan oxumasını istəyirlər. Xan necə oxuyursa, uzun müddət ev-eşiyindən uzaq düşmüş quldurbaşını ağlamaq tutur, onlara xələt verib sağ-salamat Şuşaya yola salır.

***

Qadın ifaçı ilə ilk duetin təşəbbüskarı və ifaçısı Xan Şişinski olub. Üzeyir bəy Hacıbəyov 1920-ci ilin payızında Qarabağda gənc ifaçılar axtarışına çıxır. Xan Şuşinski Üzeyir bəyin hüzurunda oxuyur, böyük bəstəkar onun səsini çox bəyənir və beləliklə müğənninin sənət karyerası başlayır.

 Sonralar Üzeyir Hacıbəyov Xan Şuşinskinin səsini və yaradıcılığını yüksək qiymətləndirərək ondan zövq aldığını dilə gətirir. Moskvada, Böyük Teatrda Azərbaycan mədəniyyəti ongünlüyündə o, Sara Qədimova və Şövkət Ələkbərova ilə birlikdə “Qarabağ şikəstəsi” ifa edir.

Zil pərdələri necə oxuyursa, kulisdə durmuş teatrın aparıcı solisti, SSRİ Xalq artisti İvan Semyonoviç Kozlovski heyrətə gəlir, iki əli ilə başını tutur və “Boje moy nu i qolos” deyə qışqıraraq səhnə arxasında var-gəl etməyə başlayır.

***

Xan Şuşinski ölümünə 10 il qalmış heç vaxt əlinə qaval alıb bircə ağız belə oxumur və təbii ki, səhnəyə çıxmır. Bu, Azərbaycanın mədəniyyət tarixində vaxtında səhnədən getməyin ən ağayana nümunəsi hesab olunur.

Çünki indi, necə ki, heç kəs yaşlaşanda vəzifədən getmək istəmir, eləcə də səhnədən getmək istəmirlər.

Allah sənə rəhmət eləsin, Xan əmi!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.