Lənkəran onun sayəsində ənənəni pozdu Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Adətən Lənkəran bölgəsi öz sitrus meyvələri, çayı ilə, eləcə də hərbçiləri ilə, Qarabağ bölgəsi isə füsünkar təbiəti və xanəndələri ilə özündən söz deyir. Amma haqqında danışacağımız şəxs sübut edir ki, yazılana hərdən korrektə etmək də lazım gəlir.

Bu şəxs bu gün anadan olmasının 86-cı ildönümü qeyd edilən, bir vaxtlar məşhurluğu ilə ad eləmiş xanəndə Canəli Əkbərovdur.

 

Canəli  Əkbərov 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Muğam sənətini atasından öyrənib. Azərbaycan Dövlət Filarmoniyası yanında muğam məktəbində təhsil alıb. O, 1963–1964-cü illərdə Seyid Şuşinskinin, 1969–1972-ci illərdə isə Xan Şuşinskinin tələbəsi olub. 1982-ci ildə Azərbaycan Dövlət Musiqi Məktəbini bitirib.

Canəli Əkbərov 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının, 1976-cı ildən isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev – "Şah İsmayıl"), Aşıq Qərib (Z.Hacıbəyov – "Aşıq Qərib") obrazlarını yaradıb.

Canəli Əkbərov xarici ölkələrdə — Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olub. Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiqi festivalında böyük nailiyyət əldə edib. İfa etdiyi bütün muğamlar dəsgahlar vallara və disklərə yazılıb.

Canəli Əkbərov muğam müəllimi kimi gənc xanəndələr nəslini yetişdirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışıb.

 

Filmoqrafiya

1. Havalansın Xanın səsi

2. Mənsuriyyə sorağında

3. Zəlimxan dastanı

4. Biz qayıdacağıq

5. Muğamat var olan yerdə

6. Sevda yolu. Canəli Əkbərov

7. İki xan arasında bir can

 

Təltif və mükafatları

1. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

3. "Şərəf" ordeni

4. "Şöhrət" ordeni

5. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

6. 1-ci dərəcəli "Əmək" ordeni

7. "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı)

 

Ustad sənətkar 22 oktyabr 2021-ci ildə vəfat edib. İkinci Fəxri Xiyaban'da dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.