Erməni həkimin qurbanı Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Geniş yayılması belə, sovet dönəmində də plastik əməliyyatlar ara-sıra keçirilirdi. Belə əməliyyatlardan birini Rusiyanın Soçi şəhərində Azərbaycanın çox populyar müğənnisi Nəzakət Məmmədova keçirmək istədi. Sənətçi boynundakı qırışlardan azad olmaq istəyirdi. Müğənninin cəmi 36 yaşı var idi. Tale onu plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı birinin pasienti olmağa sürüklədi. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb oldu. Bu, 21 oktyabr 1980-ci ildə baş verdi. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edildi. Amma bu, təsəlli oldumu?

 

Nəzakət Məmmədova 28 fevral 1944-cü ildə Gəncə şəhərində anadan olub. Uşaq yaşlarında atasını itirib. Valideynləri onu müəllimə görmək istəyiblər. Onların bu istəyini nəzərə alan gənc qız Bakıya gəlib və Xarici Dillər İnstitutuna daxil olub. Amma təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olub.

 Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov verirlər. Onların qarşısında "Bayatı-Qacar" oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edib. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir müddət "Lalə" qızlar ansamblında çalışıb.

1968-ci ildə Opera və Balet Teatrına qəbul olunub və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxıb. Nəzakət Məmmədova opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirib. Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlardan sonra Nəzakət Məmmədova da Leyli obrazları arasında yeni bir səhifə açıb.

 O, "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınıb. Azərbaycan musiqi sənətinin incəliklərini gözəl və məlahətli səsi ilə vətənindən çox-çox uzaqlara da apara bilib. Türkiyə, İran, Əfqanıstan‚ Almaniya, Belçika, İtaliya və s. ölkələrdə qastrol səfərlərində olub.

 

Filmoqrafiya

1. Payız melodiyaları

2. Xanəndənin taleyi

 

Xanəndə Çəmbərəkənd qəbirstanlığında dəfn olunur. Lakin, illər keçəndən sonra Nəzakət Məmmədova Gəncədə yaşayan bacısı Kifayət Məmmədovanın yuxusuna girib ona deyir ki, məni Bakıda tək qoymusan, mən sənin yanında olmaq istəyirəm. Kifayət xanım, bacısını yuxuda görəndən sonra onun və anasının məzarını Bakıdan Gəncəyə - İmamzadə Məzarlığına köçürür.

N.Məmmədovanın oğlunu xalası öz himayəsinə götürüb böyüdür, evləndirir. Evlənəndən sonra Ceyhunun bir qızı dünyaya gəlir. Ceyhun qızına anası Nəzakətin adını verir və beləcə Nəzakət Məmmədovaya nəvəsinin timsalında yenidən həyat bəxş edilir. Ancaq nə yazıq ki, nəvə Nəzakət Məmmədova da nənəsinin nakam taleyini yaşayır. Oxuduğu institutdan evə qayıdanda Nəzakətin olduğu maşının üstünə ağac aşır. Və beləcə nəvə Nəzakətin də çox gənc yaşında həyat kitabı yarımçıq qalır.

Qızının dərdinə dözə bilməyən Ceyhun da 43 yaşında vaxtsız dünyasını dəyişir.

Bax belə bir faciəvi nəsil hekayəti...

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.