Operamızın Mürsəl Bədirovu Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın bariton səsli opera müğənnisi! Özü də, hədsiz uğurlu bir opera müğənnisi.

Razılaşın ki, belələri çox olmayıb.

 

Mürsəl Bədirov 27 oktyabr 1931-ci ildə Dağıstanda anadan olub. O, orta təhsilini Dağıstanda alıb. 1951-ci ildə Azərbaycan Milli Konservatoriyasının Vokal şöbəsinə daxil olub. Tələbə vaxtı opera tamaşalarında epizodik rollarda oynayıb. 1956-cı ildə təhsilini başa vuran Mürsəl Bədirov Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. Mürsəl Bədirov teatrda işlədiyi illərdə bir çox tamaşalarda fərqli obrazları canlandırıb.

O, Jorj Bizenin "Karmen" (Eskamilo və Morales, Dankayro), Pyotr Çaykovskinin "Yevgeni Onegin" (Onegin), Cakomo Puççininin "Toska" və "ÇioÇio-San" (Sezar Anjelotti, Şarples), Şarl Qunonun "Faust" (Valentin), Sergey Raxmaninovun "Aleko" (Aleko), Leo Delibin "Lakme" (Frederika), İvan Dzerjinskinin "İnsanın taleyi" (Andrey Sokolov), Rucero Leonkovallonun "Məzhəkəçilər" (Silvio), Boris Zeydmanın "Alay oğlu" (Əsgər) operalarında ifa edib.

Mürsəl Bədirov həmçinin azərbaycanlı bəstəkarların da yaradıcılığına müraciət etmişdir. O, Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Alı), "Leyli və Məcnun" (Nofəl), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Qoca ərəb), Cahangir Cahangirovun "Azad" (Xan və Həcir), Fikrət Əmirovun "Sevil" (Atakişi), Ramiz Mustafayevin "Vaqif" (Eldar), Süleyman Ələsgərovun "Bahadır və Sona" (Soltan) operalarında ifa edib. Opera müğənnisi Mürsəl Bədirov 1972-ci ildən etibarən Konservatoriyanın vokal kafedrasında çalışıb. Habelə 1992-ci ildə professor elmi adını alıb.

 

Mükafatları

- "Əməkdə fərqlənməyə görə" medalı

- "Azərbaycan SSR Əməkdar artisti" fəxri adı

- "Azərbaycan SSR Xalq artisti" fəxri adı

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Azərbaycan Respublikasının xalq artisti Mürsəl Bədirov 2003-cü il fevral ayının 26-da Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.