Sən məni unuda bilməzsən ancaq... Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O getdi, amma mahnıları qaldı.

Hər gün minlərlə insan dönə-dönə onu dinləyir.

O fərqli oxuyurdu, qəlbləri fəth edə bilirdi.

Həyəcanlandırır, duyğulandırır, kövrəldirdi.

 

Bu şəhərdən çıxıb gedə bilərsən,

İlləri illərə qata bilərsən.

Bir vaxt sevdiyini dana bilərsən,

Sən məni unuda bilməzsən ancaq...

 

Azərbaycan Respublikasının xalq artisti İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.1965–1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970–1980-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olub. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir.

İlhamə Quliyeva 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. 1962-ci ildə Moskvada Ümumittifaq Tələbə Festivalında birinci yer tutur. Dövlət Teleradio Komitəsi Estrada Simfonik Orkestrinin bədii rəhbəri, xalq artisti Tofiq Əhmədov onu kollektivə dəvət edir. 1963-cü ildə Zinyət Əlizadənin dəstəyi ilə ailəsindən xəbərsiz universitetin "Sevinc" estrada ansamblında çıxışlar etməyə başlayır.

 

1964-cü ildə Moskvadakı universitetlər arası ümumittifaq gənc istedadlar müsabiqəsində iştirak etmək üçün Moskvaya gedir. Anası Tükəzban xanım elə bilir ki, qızı festivala tamaşaçı kimi gedib. Orada Rauf Hacıyevin "Azərbaycanım", Tofiq Quliyevin "İlk görüş" mahnılarını ifa edir və yarışmanın qalibi olur.

1972-ci ildə, Moskvada keçirilən Azərbaycan bəstəkarlarının gecəsindən sonra Fikrət Əmirov onunla görüşür və ona yaxşı mahnılar yazacağını deyir. Və beləcə “Mən səni araram”, “Göygöl”, “Gülür ellər", "Gülərəm gülsən”, “De görüm, neyləmişəm” kimi mahnılar bəstələnir.

Sənətçi Süleyman Rüstəmin, Teymur Elçinin, Vaqif Səmədoğlunun, Baba Vəziroğlunun, Vahid Əzizin, Xanım İsmayılqızının, hətta Uilyam Şekspirin sözlərinə mahnı oxuyub. İlhamə Quliyevanın dediyinə görə, uzun illər qaçqın, məcburi köçkün ailələrinə yardım edib, müharibədən zərər çəkmiş 7 ailənin dolanışığına köməklik göstərib.

1994-cü ildə Həbib Bayramov dünyasını dəyişdikdən sonra Tükəzban İsmayılova səhnələrə çıxmaqdan imtina edir, oxumağa yox, susmağa üstünlük verir. Bu susqunluq İlhamə xanıma da təsir edir, o da bir müddət öz dünyasına çəkilir.

Günlərin bir günü bəstəkar Faiq Sücəddinov İlhamə xanıma zəng edir: "İlhamə, səninçün yeni mahnılar yazmışam". İlhamə xanım isə oxumaq arzusunda olmadığını deyir. Faiq Sücəddinov “Neylərsən” mahnısını pianoda çalmağa başlayır. Mahnı onu təsirləndirir. "Neylərsən" İlhamə Quliyevanın yaradıcılığında dönüş nöqtəsi olur.

 

Videoqrafiya

- Incitmə Qəlbimi ft. Rəşad İlyasov

- Unuda Bilməzsən

- Gedirəm

- Ay Qaragilə

- Oyan, Bəxtim ft. Hüseyn Dərya

- Bu Gedən Karvan

- Bu sevgi hekayəti

- Ağla

- Çox darıxmışam

- Gülüm

- Sevgi Dünyamız

- Unut məni

- Azərbaycan bayrağı

 

Filmoqrafiya

Göy göl

Oxuyan ürəkdir

Adam ol!

Payız melodiyaları

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı

- "Şöhrət" ordeni

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

- "Şərəf" ordeni.

 

İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilib...

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.