Violino ifaçılığından bəstəkarlığadək Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən təqvim qeydlərindən daha birinə toxunmaq istəyirəm - Bəstəkar, Azərbaycan Respublikasının Əməkdar artisti Fərhəng Hüseynovun anım günüdür. Bəzi adlar geniş ictimaiyyətə məlum deyil, onları yada salmaq bizim borcumuzdur.

 

Fərhəng Hüseynov 16 iyul 1949-cu ildə Bakıda doğulub. 1975-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının ifaçılıq fakultəsini (violino - professor L.Koqanın sinfi), 1976-77-ci illərdə həmin Konservatoriyanın assistentiura-stajorluğunu, 1982-ci ildə isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsini (professor F.Qarayevin sinfi) bitirib.

“Böyük İpək Yolu” Beynəlxalq müsabiqənin laureatı, “Sülh naminə” Beynəlxalq müsabiqənin və “Xose Asunsyon Flores” adına I Beynəlxalq müsabiqənin laureatıdır. Bakı Musiqi Akademiyasının “Simli alətlər” kafedrasının dosenti olmuş, uzun müddət Türkiyədə çalışıb.

Simfonik orkestr üçün “Zaman üzrə səyahət”, “Kiçik şahzadə” operası, Orqan üçün “Mərasimlər”, “Kodayu” operası, Solistlər, xor və simfonik orkestr üçün “Qoy dünyada sülh olsun!”, “Kiçik cantata”, 4 romans, Skripka və piano üçün Sonata, Soprano və simli kvartet üçün “Stabat Mater”, Simfonik orkestr üçün “Quarani kapriççiosu”, 2 saylı Simli kvartet və s. əsərlərin müəllifidir.

1991-ci ildə Yaponiyada YUNESKO-nun təşəbbüsü ilə «İpək yolu» beynəlxalq simfonik musiqi müsabiqəsi keçirilir. Tədbir bir çox ölkələrin musiqiçiləri tərəfindən maraqla qarşılanır və müsabiqəyə 278 əsər göndərilir. Fərhəng Hüseynovun bu müsabiqəyə təqdim etdiyi 5 hissədən — «Böyük düzənlik», «Hərb və sülh», «Böyük elçilik», «Oyunlar», «Kəhkəşan» — ibarət olan «Zaman üzrə səyahət» əsəri II mükafata layiq görülür.

Bütün dünya xalqlarını sülhə, əminamanlığa səsləyən bu orkestr kompozisiyasında bəstəkar əsərin əsas qayəsini ustalıqla təcəssüm etdirmişdir. «Yaponiya ilk dəfə Azərbaycanı sizin simanızda tanıdı!» — bu sözləri müsabiqə təşkilatçıları F.Hüseynova diplomu təqdim elərkən söyləmişlər. 1992-ci ildən F.Hüseynov Türkiyənin Adana şəhərinin Çukurova Universitetində simli alətlər kafedrasının müdiridir.

 Tələbələrinə skripka alətinin sirlərini öyrədən, dəfələrlə Ankara, İzmir, Mersin, Bursa və başqa şəhərlərdə müvəffəqiyyətlə çıxış edən F.Hüseynov təkcə Universitetin deyil, həm də türk ictimaiyyətinin dərin məhəbbətini qazanmışdır. Onu da qeyd etmək lazımdır ki, uzun illər F.Hüseynovun və onun tələbələrinin konsert çıxışlarını bəstəkarın həyat yoldaşı, istedadlı pianoçu Leyla Hüseynova müşayiət edir.

Fərhəng Hüseynovun İsrail dövlətinin dəvəti ilə Hayfa şəhərində dünyanın bir çox ölkələrindən bura toplaşan tələbələrlə birlikdə konsertdə çıxışları musiqisevərlər tərəfindən rəğbətlə qarşılanmışdır. Professor Roberto Kanettinin həmyerlimiz haqqında dediklərini misal gətirmək yerinə düşərdi:

«Mən skripkaçı, bəstəkar, pedaqoq, professor F.Hüseynovu çoxdan tanıyıram. O, bizim musiqi festivalımıza dəvət almış və bu böyük sənətçinin tələbələri həmin tədbirdə uğurlu çıxışları ilə müəllimlərinin yüksək professionallığını nümayiş etdirdilər»

Mütəmadi olaraq ayrı-ayrı ölkələrin tanınmış musiqiçilərindən müxtəlif tədbirlərdə iştirak etmək üçün dəvətlər alır. Belə ki, o, 2003-cü ildə Lissabonda (İspaniya), 2004-cü ildə Kremonada (İtaliya) keçirilən skripka müsabiqələrində münsiflər heyətinin üzvü olmaqla yanaşı, gənc musiqiçilərlə master klass nümayiş etdirmişdir.

 2005-ci ildə isə Macarıstanda dünyanın bir çox ölkələrindən toplanmış professional musiqiçilər heyətində skripka üzrə kurslar keçirmişdir. Fərhəng Hüseynovun irihəcmli əsərlərindən biri Mersin Opera və Balet Teatrının sifarişi ilə yazdığı «Kraliça Aba» baletidir. Baletin musiqi dili Azərbaycan və türk folklorunun ritm-intonasiyalarının üzvi vəhdəti ilə diqqəti cəlb edir. Klassik balet janrının, xüsusilə də rus baletinin təsiri burada özünü büruzə verir.

«Kraliça Aba» baleti Türkiyədə böyük uğur qazanaraq, antik mövzuda ilk balet kimi qəbul olundu. «Mərmərə Balet Yarışması» müsabiqəsində həmyerlimiz Fərhəng Hüseynovun baleti birinci mükafata layiq görülüb.

Fərhəng Hüseynov 16 fevral 2010-cu ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.