“Biri ikisində” Aqil Abbasın Rəmiş barədə xatirəsi ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizə yazıçı, millət vəkili Aqil Abbasın mərhum musiqiçi Rəmiş barədə xatirəsi ilə tanış olacaqsınız.

 

 

Aqil ABBAS

BU DÜNYADAN RƏMİŞ KEÇDİ

4-CÜ PAYLAŞIM

 

 

Qapıda fayton dayanmışdı. Rəmiş faytonçunu tanıdı, dünən onu gətirən idi, dönüb Paqaninin köməkçisinə dedi:

– Bu kişini buraxdırırsan içəri.

Faytonçu quruyub qalmışdı, qarşısında iki Paqanini durmuşdu.

Zal ağzınadək dolu idi. Küncdə-bucaqda adamlar ayaq üstə durmuşdu. Ortadakı keçiddə də oturmuşdular. 

Rəmişin yadına Musiqili Komediya Teatrında verdiyi konsert düşdü. Onda da zalda oturanlar qədər  ayaq üstə duranlar da vardı. Hətta səhnə də doluydu. Yalnız Rəmiş üçün səhnənin  ortasında bir yer düzəltmişdilər. "Neftçi"nin bütün futbolçuları da  konsertə gəlmişdi. Onlar da ayaq üstə idi.  Yalnız Səməd Qurbanov  xanımı ilə gəldiyindən ön sırada oturan iki gənc Səmədə hörmət əlaməti olaraq qalxıb yerlərini ona verdilər.

Rəmiş onda çalğısıyla hamını dəli eləmişdi. Bəs indi necə olacaqdı? İndi səhnədə tək deyildi, Paqanini də vardı. Onlar səhnəyə çıxanda zala bir sükut çökdü. Hamı çaşdı. Səhnəyə iki Paqanini çıxmışdı – biri skripka ilə, biri də gitara ilə. Necə çaşmışdılarsa alqışlamaq da ağıllarına gəlmirdi.

Vəliəhd  xanımı və əyanları ilə lojada oturmuşdu. Səhnəyə baxıb əyanlarına dedi:

– Keşişlər bir şeytanla bacarmırdılar, indi ikisi ilə nə edəcəklər?!

Nəhayət, konsert başladı. Birinci Paqanini başladı, Rəmiş isə Paqanininin çalğısına uyub getmişdi. Həmişə tamaşaçıları ələ alan Rəmiş bu dəfə zalı buraxmışdı Paqaninin skripkasına. Nəhayət, o da barmaqlarını  işə saldı. Zaldakılar ilk dəfəydi belə bir gitara dinləyirdilər. Əvvəl  Paqanininin ardınca gedən Rəmiş  bir fincan istədi, gitaranı yenə qoydu dizinin üstünə, başladı fincanla çalmağa. Gitara bəzən skripka, bəzən də tütək səsi çıxarırdı. Zalı necə uyutmuşdusa hətta Paqanini də bu çalğıya uyub indi də o, Rəmişin  ardınca gedirdi. Hamı ayağa qalxmışdı. Musiqiyə ağlaşma səsi qatılmışdı. Bəzən insanlar özlərindən çıxıb bağırırdılar. Hətta ürəyi gedənlər vardı. Paqanini də, Rəmiş də öz şeytan barmaqları ilə insanların içinə şeytan doldurmuşdu.

Bu hayqırtının içində Rəmiş qəfildən doğma bir səs eşitdi, kimsə bağırırdı:

– Ay bay! Ay bay!

Elə bildi bu səs hansısa toydan qulağında qalıb. Amma bu bağırtını bir də eşitdi:

– Ay bay! Ay bay!

Paqanini dayandı. Rəmiş isə gedirdi. Hara gedirdi, niyə gedirdi özü də bilmirdi.  Bu yol çox uzun bir yol idi,  çətin gedib sona  çataydı.

Paqanini gördü Rəmiş gedir, onu saxlamasa, axırda uçuruma düşə bilər, yaxınlaşıb onu qucaqladı. Rəmiş indi ayıldı. Zalda bağırtıqarışıq necə bir alqış qopdusa, yaxınlıqdakı  kilsədə eşidildi bu bağırtı, bu alqış.

Keşişlərdən biri o birisinə dedi:

– Bu şeytan yenə camaatı yoldan çıxartdı. Şəhərdən qovmaq lazımdı.

O biri keşiş:

– Deyirlər, vəliəhd də xanımı ilə konsertdədi. Onu necə qovmaq olar?

Rəmiş də ayağa qalxıb Paqaninini qucaqladı və dedi:

– Nikol, bir daha gördüm ki, sən məndən böyük sənətkarsan. Səhər açılır, uzaq yol gəlmişəm, mən gedirəm.

Paqanini:

– Səni gözləyəcəm, tez-tez gəl. Gələn  dəfə sənə bir skripka bağışlayacam.

Rəmiş gözlərini açanda gördü ki, Şair  qabağında dayanıb ağlayır.

– Şair, sən nə vaxt gəldin?

– Mən getməmişdim ki. Zalda oturub  Paqanini ilə sənə qulaq asırdım. O "bay"-"bay" deyib bağıran mən idim.

 

***

 

"Orta Sarıtel" çalırdı. Özü də bilmədən huşu getdi, keçdi "Yanıq Kərəmi"yə. Kərəm od tutub yanırda. O isə onu söndürməyə çalışırdı. Nə illah edirdi, söndürə bilmirdi. Toyda  yüzlərlə adamın gözü qabağında Kərəm yanırdı. Hamı da üzünü əllərinə alıb biçarə qalmışdı. Yenə ha elədi, Kərəmi söndürsün, əclaf keşiş onu elə yandırmamışdı ki, söndürə biləydi. Keşişi də tapmırdı, gitaranı onun başına çırpsın, ona görə də əlacsız qalıb gitaranı  atdı yerə, özü də dəli kimi çıxdı mağardan.

Qədir başını bulayıb dedi:

– Ə, avara, Yanıq Kərəmi sənnik deyil axı!

Mağardan çıxan Rəmiş oturdu maşınına və üz tutdu Qazaxa tərəf. Yol boyu da keşişə söyürdü:

– Ay şandığa, niyə yandırırsan Kərəmi? Neynəmişdi Kərəm sənə?

Sonra da Kərəmi söyürdü:

– Ə, sənə qız qəhətiydi? Stepanakert doludu erməni qızıyla. Gərəyh o oğraşın qızına vurulaydın?

Yolu necə getdi, bilmədi. Qazaxda maşını birbaşa sürdü Aşıq Ədalətin evinə. Darvazanı döydü. Ədalət ayağında şəpit darvazanı açdı. Gördü önündə rəngi-rufu qaçmış Rəmiş dayanıb.

– Qağa, noluf?

– Gəl otur maşına. Gəl, gəl, tez.

– Noluf dana?

– Otur, deyəjəm.

– Qoy gedim  ayağıma ayaqqavı geyinim.

Rəmiş:

– Ayaqqavını neynirsən, səni evləndirməyə aparmıram, –  deyib ayağındakı şəpitləri göstərdi: – Görmürsən, mən də şəpitlə gəlmişəm.

Ədalət bir söz demədən  keçib oturdu maşına. Rəmiş maşını sürdü Qarayazı meşəsinə. Düşdülər.

– Qağa, bir de görüm noluf dana?

– Heç, Ağdamda Kərəmi yana-yana qoymuşam. Çıxart sazını, onu söndür.

– Sazı götürməmişəm ha.

Rəmiş əsəbiləşdi:

– Ə, sazsız səni neynirəm.

Aşıq Ədalət:

– Eşitməmisən, dəli dəlini görəndə dəyənək göydən yağar?

Yenidən oturdular maşına, qayıtdılar Ədalətgilə. Rəmiş Ədaləti maşından düşməyə qoymadı. Düşüb darvazanı özü döydü, bir uşaq çıxdı.

– Ə, get dədəyin sazını gətir.

Aşıq Ədalət:

– Ə, qoy düşüm ayağıma ayaqqavı geyinim.

– Otur yerində. Sazı ayaqqavıyla çalassan?

– Hə! Sən niyə gitaranı ayaqqavıyla çalırsan?

– Maa baxma. Saz gitara döyül!

Uşaq sazı gətirdi. Təzədən qayıtdılar Qarayazıya.

Ədalət sazı köynəkdən çıxartdı və sinəsinə basıb "Yanıq Kərəmi" çalmağa başladı. Kərəm yanırdı, Rəmiş əl atıb ağlaya-ağlaya onun yanan paltarını  çıxarmağa çalışırdı. Əlləri yanırdı, amma əllərinin yanmağına baxmayaraq, Kərəmin əynindəki xələtin qırxıncı düyməsini  açmağa çalışırdı. Artıq Rəmiş də yanırdı.

Aşıq Ədalət gördü ki, Rəmiş də Kərəmlə bir yerdə yanır, Kürün suyunu axıtdı bunların üstünə, ikisini də söndürdü.

– Hə, razı qaldın?

Rəmiş:

– Qaqa, vallah, sənin yəən yoxdu, sən dahisən. Otur maşına.

Ədalət bir də gördü ki, maşın Qazaxdan çıxdı:

– Ə, hara  sürürsən, saxla düşüm də.

– Ağdama. Gedəyh Kərəmi orda da söndür.

Aşıq Ədalət başını buladı:

– Vallah, sən dəli deyilsən ey, zırramasan. Heç olmasa əyin-başımı dəyişərdim. 

Rəmiş:

– Darıxma, Ağdamda sənə elə bir kostyum alajam ki, heç dədə-baban da elə kostyum görmüyüf.

Nəhayət, gəlib  çatdılar Ağdamdakı toya. İkisi də birdən girdi mağara. Aşıq Ədaləti görəndə bütün mağar ayağa qalxıb alqışlamağa başladı.

Qədir Aşıq Ədaləti görüb dedi:

– Dəlinin biri də gəldi.

Ədalət:

– Qədir, üç dəli baş-başa verib görəyh neyniyirik, – dedi və sazı basdı sinəsinə, başladı "Baş Sarıtel" çalmağa.

Rəmiş:

– Ə, sənə deyirəm, Kərəm yana-yana qalıb, söndür, sən ayrı şey çalırsan.

Ədalət:

– Kərəmi elə Baş Sarıtellə söndürəjəm.

İlk dəfəydi ki, Ağdam toyunda Aşıq Ədalət saz çalırdı. Camaat Aşıq Ədalətin başına pulu xəzəl kimi tökürdü. Rəmiş Ədalətə dedi:

– Qaqa, indi bu pulnan özünə kostyum yox ey, təzə maşın da ala bilərsən. 

Amma Ədalət pulu götürmədi:

– Mən pay gəlmişəm. O pulları ikimizin adından yazdır toy dəftərinə!

 

***

 

Sarayda iki gündən sonra keçiriləcək dövlət konsertinə möhkəm hazırlıq gedir. Orkestr və ansambllar son məşqlərini eləyirlər. Hər kəs öz növbəsini gözləyir. Dirijor pultu arxasında Maestro  pəjmürdədi. Skripkaların birindən yad səs gəlir. Amma nə qədər çalışırlar yad səs çıxaran skripkanı tapa bilmirlər. Maestro əsəbi halda çubuqları pultun üstünə atıb səhnədən yendi və oturdu birinci sırada. Bu vaxt Rəmiş gəldi, Maestronu öpdü, əyləşdi yanında:

– Maestro, noluf, niyə əsəbləşmisən?

– Rəmiş, sən Allah, qoy oturum.

– İstəyirsən, durum gedim.

– Yox, otur. Orkestr çalır, skripkaların birində yad səs var, tapa bilmirik. İyirmi skripka var, hamısını bir-bir yoxlayıram səsi yerində. Elə ki orkestr başlayır, yenə yad səs var.

Rəmiş:

– Maestro, olar bir dəfə çalsınlar, mən də qulaq asım?!

Maestro işarə elədi, orkestr çalmağa başladı. Rəmiş də gözünü qıyıb qulaq asır. Nəhayət, dilləndi:

– Maestro, səkkizinci skripkaya deyin, düşsün aşağı.

Maestro  işarə elədi,  səkkizinci skripka yendi zala. Rəmiş ondan skripkanı alıb gitara kimi barmaqları ilə yoxladı, sonra yenidən köklədi. Bir də barmaqları ilə bir az çalıb verdi skripkaçıya.

– İndi getsin, yenidən çalsınlar.

Orkestr təzədən başladı  çalmağa. Artıq yad səs yox idi. Maestro Rəmişi sıxdı sinəsinə:

– Sənə dəli deyənin atabatasına lənət. Sən geniysən. İndi bir daha görürəm ki, səni Ağdamdan Bakıya gətirməkdə səhv etməmişəm...

…İmarətdə böyük bir konsert proqramı keçirilirdi. Bakıdan da incəsənət ustaları gəlmişdi. Böyük sənətkarlar da rayonun qonağı idi.

Maestro da rayonun Birinci katibi ilə gəbə-xəli döşənmiş şərəf tribunasında oturub konserti izləyirdi. Səhnəyə "Şur" ansamblı çıxdı. Ansamblda bir nəfər hamıdan  fərqlənirdi. Özünəməxsus geyinmişdi. Saçları da çox uzun idi. O dəqiqə diqqəti cəlb edirdi. Sonra isə  çalğısıyla hamıdan fərqləndi. "Segah"ı tamamilə fərqli çaldı.

Çalğısı Maestronu valeh elədi, Birinci katibdən soruşdu ki, bu uzun saçlı oğlan kimdi?

– Bizim kolxoz sədri Hüseynin oğludu. Gözəl tar çalandı, amma bir az şərəşur adamdı.

Maestro:

– Mən ona qulaq asdım, o, böyük sənətkar olacaq. Ağdamda qalsa, məhv olub gedəcək. Xahiş edirəm, tapşırasınız axşam Qonaq evinə gəlsin, onla görüşüm.

Birinci katib başını bulayıb:

– Maestro, inanmıram gələ, amma tapşıraram, çağırarlar, – sonra üzünü köməkçisinə tutub dedi: – Konsertdən sonra Rəmişə denən ki, axşam gəlsin Qonaq evinə, Maestro onu görmək istəyir.

Axşam katibin "şərəşur" adlandırdığı Rəmiş Maestronun sözünü yerə salmağa cəsarəti çatmadı. Belə bir dahi insanla görüşməyi şərəf bildi və gəldi Qonaq evinə.  Və bu, onun həyatında böyük bir səhifə açdı. Maestro onu özüylə Bakıya gətirdi…

…Bu vaxt Zeynəb xanım gəldi. O da oturdu Maestronun yanında. O da soruşdu:

– Maestro, əsəbi görünürsən.

– Keçdi getdi. Yarım saatdı məşq edirik, skripkalardan biri yad səs çıxarır, tapa bilmirdim, – dedi və Rəmişi göstərdi, – bu geniy tapdı.  Allah buna hər şey verib, bircə bəxti gətirməyib ki, eseseridə doğulub. İspaniyada, İtaliyada doğulsaydı, bütün dünyaya meydan oxuyardı.

Zeynəb xanım:

– Bu günlərdə Tehranda konsert verirdim, konsertin ortasında zaldan bir nəfər əlində tar çıxdı səhnəyə və başladı çalmağa. Aftandilə işarə elədim ki, sən də çal. Başı ilə işarə elədi ki, çala bilmərəm. Çöndüm Vəliyə tərəf, o da çalmaq istəmədi. Özümdən asılı olmayaraq dedim ki, hardan alım o dəli köpəyoğlunuku, bunu oturtsun yerində.

Maestro təəccüblə:

– Xaricə gedəndə Rəmişi aparmırsınız ki?

– Yox, heç pasport da vermirlər. Hamıdan xahiş etmişəm, nazirdən də, xeyri yoxdu. Deyirlər ki, qorxuruq gedə, qayıtmaya. Deyirəm mən zamin dururam, deyirlər, o heç atasını eşitmir. Heç görmürsən, saçını qırxdıra bilmirsən, ümumi ansamblın geyimini də geyindirə bilmirsən.

Rəmiş:

– Saçımı qırxdırsam, mən də ütülü geyinsəm, başqalarından nə fərqim? O qədər saçı qırxılı, qalstuklu gitara çalan var ki. Məni neynirsiniz, onlardan birini götürün də ansambla. Azad insanları niyə sevmirsiniz? Vaqif Mustafazadəyə dedilər bığını qırxdır, guya bığıyla çalırdı pianonu? Televizora, konsertə buraxmadınız, o da küsüb getdi Gürcüstana, indi orda kef edir. Bir də ki məni xaricə buraxmayanların başı xarabdı, mən Bakıdan kənarda yaşaya bilmərəm.

Maestro:

– Zeynəb xanım, mən çalışıb ona pasport alaram.

Zeynəb:

– Bir dəfə istədim Kişinin özünə deyəm, utandım, demədim ki, Allahın xarici pasportunu da Kişidən istəyəm. Bir-iki ay bundan qabaq dövlət konsertiydi, gördüm ki, mədəniyyət naziri deyir ya saçını qırxdır, ya da səni dövlət konsertinə buraxmayacam. Ansambl da səhnədədi. Mən də xahiş elədim, dedi, yox, bu görkəmdə mən bunu səhnəyə buraxa bilmərəm. Məcbur oldum gitarasız çıxım səhnəyə. Elə ansambl təzə başlamışdı ki, gördüm gitaranın səsi gəlir. Rəmiş bir əliylə çalır, bir əliylə də gitaranın şunurunu çəkə-çəkə girdi sənhəyə, gəlib oturdu yerində. Necə çalmağa başladısa, uydum getdim, oxumaq yadımdan çıxdı. Yaxşı ki özü bir qeyri-adi ayaq verdi, yoxsa biabırçılıq olacaqdı. Konsertdən sonra soruşdum ki, necə oldu, nazir icazə verdi? Dedi ki, gözlədim o getdi zala, sonra xəlvətcə girdim içəri.

Rəmiş:

– Bu dəfə də məni səhnəyə buraxmasa, gitaranı onun başına çırpıf çıxıb gedəjəm, nə ola-ola.

Zeynəb xanım:

– Yaxşı, sarsaqlama. Yenə dəlilik eləmə.

Rəmiş  üzünü tutdu Maestroya:

– Maestro, vallah, mən dəli döyüləm. Mənə dəli deyənnərin özdəri Maştağalıxdı. Mən məjburam ki, hamı kimi fikirləşim, hamı kimi oturum-durum? Onda Rəmiş olmaram ki.

Maestro güldü:

– Konsertdən sonra gələrsən yanıma, mən sənin pasport məsələni həll edəcəm.

 

***

 

Rəmiş  başının dəstəsi ilə Filarmoniyanın bağında çay içirdi. Ordan-burdan danışıb gülürdülər. Bu vaxt bir nəfər yaxınlaşıb Rəmişi bağrına basdı:

– Bütün günü səni axtarmışam. Axırda dedilər ki, bir Filarmoniyaya dəy.

Sonra stolda oturanlarla da bir-bir görüşdü, bir stul çəkib  oturdu. Rəmiş onu dostlarına təqdim elədi:

– Qazaxlı balasıdı. Yaxşı da saz çalır. Mənim də balelşikimdi. Gəmi kapitanıdı.

Gəmi kapitanı:

– Mən burda oturanların hamısını tanıyıram, hamısı böyük sənətkarlardı.

Rəmiş:

– Məni vurhavur axtarmaqda xeyir ola, toyunuz var?

– Yox, sənin üçün darıxmışdım.  Bu axşam Həştərxana səfərim var. Dedim ki, elə dostlarını da götür sizi aparım Həştərxana, gəzdirim. Gəmidə yaxşı restoran var, istərsiz, orda, istərsiz, kayutada yeyib içə-içə gedib-gələrik.

Rəmiş dostları ilə məsləhətləşdi, hamısı razılaşdı. Qazaxlı balasına bir şərt qoydu:

– Amma gitara  çalmeyjam ha.

Qazaxlı balası:

– Eybi yox, mən sizin üçün saz çalaram. Görərsiniz ki, saz heç gitaradan geri qalmır.

Axşam, deyilən vaxt hamısı oldu limanda. Kapitan özü qarşıladı və qaldırdı gəmiyə. Həştərxana yola düşdülər.

Kapitan bütün sərnişinləri yola salandan və gəmi heyətinə tapşırıq verəndən sonra dedi:

– Hə, Rəmiş, indi gedək, burda az-çox gözəl bir restoran var. Özü də  Azərbaycan mətbəxi də var.

Taksilərə oturub gəldilər deyilən restorana. Doğrudan da, deyilmişkən vardı. Restoranda adam əlindən tərpənmək mümkün deyil. Hələ bir on-on beş nəfər də növbə gözləyirdi. Foyedə  oturub növbələrini gözləməyə başladılar.

Kapitan:

– Eybi yox, bir az gözləyək.

Rəmiş:

– Ə, Bakıdan bura gəlif növbə gözlüyəjiyik?

Sonra cibindən yüzlük çıxarıb verdi nağaraçalana ki, apar ver administratora, stol boşalanadək çöldə gözləməyək. İçəridə üç stul versə, bəsdi, iki-iki oturub içəridə gözləyərik. Az keçmiş nağaraçalan qayıtdı ki, keçək içəri, məsələ həll olundu. İçəridə qapının ağzında üç dənə stul qoymuşdular, iki-iki oturdular və növbələrini gözləməyə başladılar. Restoranın ansamblı rəqs havası çalırdı, adamların əksəriyyəti də rəqs edirdi.

Rəmiş nə fikirləşdisə Kapitana dedi:

– Qazaxlı balası, çıxart o nağaraçalana yüz maat ver, – sonra üzünü tutdu nağaraçalana: – Get pulu ver ansamblın rəhbərinə, denən bizim bir gitaraçalan var, icazə versinlər  bir on-on beş dəyqə gitara çalsın.

Nağaraçalan durub getdi. Nə danışdı-nə danışmadı, qayıtdı ki, Rəmiş, razı oldular. Rəmiş qalxıb sallana-sallana, bir çiyni üstündə getdi səhnəyə. Gitaranı götürdü, zərb aləti çalana da gitaranın üstündə barmaqları ilə nağara kimi çalaraq dedi ki, bu ritmi tut. Bir-iki dəqiqə pərdələrdə gəzişdi, amma hamının diqqətini cəlb elədi. Sonra tufanı qopartdı. Necə çalmağa başladısa, səs-küylü restorana sükut çökdü. Hamı yeməkdən əlini çəkib ona qulaq asmağa başladı. Rəmiş tufanı saxladı, keçdi tans çalmağa. İndi də camaat qalxdı, başladı rəqs etməyə. Rəmiş də uyub getmişdi. Pulu yağış kimi yağdırırdılar Rəmişin üstünə.

Bu vaxt ofisiantlar mətbəxdən stol və stul gətirdilər dostların qabağına və süfrəni doldurdular. Növbə gözləyənlər də qapının ağzına yığışıb bu qeyri-adi musiqiyə qulaq asırdılar.

Stola bir zabitəli kişi və bir qadın yaxınlaşdı. Salamlaşandan sonra kişi dedi:

– Mən xanımımla mərc gəmişəm, mən deyirəm ki, bu oğlan bakılıdı, xanımım deyir ki, yox, Leninqraddandı, orda Gitara Akademiyasını bitirib.

Dostlar dedi:

– Siz düz demisiniz, bakılıdı. Heç bir akademiya da qurtarmayıb, samouçkadı.

Kişi əlindəki  konyakı qoydu stolun üstünə:

– Konyakdan mərcləşmişdik, buyurun, sizin olsun.

Və getdilər.

Rəmiş təxminən yarım saat çalandan sonra gitaranı qoydu yerə və ortaya  yığılmış pulu da ansamblın üzvlərinə göstərib dedi:

– Bu pullar sizindi.

Və düşdü gəldi dostlarının yanına. Konyakdan yüz qram vurub dedi:

– Hə, nətərdi?

Gəmi kapitanı:

– Aləmsən də. Mən də sənə bu çalğıya görə gəmiyə qayıdanda bir sürpriz edəcəm.

– Nə sürpriz?

– Onu gəmiyə qayıdanda bilərsən.

Nəhayət, yeyib-içəndən sonra ofisiantı çağırıb hesab istədi. Ofisiant dedi:

– Sizin hesabı ödəyiblər.

– Kim ödəyib?

– Bayaq sizə konyak gətirən. O, general-mayordu, Həştərxanın milis rəisidi. Arvadı da vəkildi. Hərdən axşamlar gəlib burda bir tikə çörək yeyib musiqiyə qulaq asırlar.

Rəmiş gülümsəyib dedi:

– Rəmişin vesin görürsüz?!

Gəmi Kapitanı:

– Səndən Azərbaycanda yoxdu ey!

– Mənnən mirdə yoxdu!

Durub restorandan çıxdılar, qayıtdılar gəmiyə. Kapitan hamını öz kayutuna dəvət elədi. İçəri girən kimi bir meymun atıldı kapitanın qucağına. Balaca bir meymunuydu. Kapitan meymunu sığallayıb verdi Rəmişə:

– Sürpriz budu. Bu meymunu sənə bağışlayıram. Mənə də bir türk kapitan bağışlamışdı, – sonra da gülüb əlavə elədi: – Rəmiş, bir suyu da sənə yaman oxşayır ey!

– Brat, mən meymun saxlıyanam? Heç özümü saxlıya bilmirəm.

– Qağa, sən öl, ona elə öyrəşəcəksən ki, heç ayrılmaq istəməyəcəksən. Çox şirin baladı.

Yol boyu  meymun Rəmişdən əl çəkmirdi. Gecə yatanda da gəlib oturmuşdu sinəsində uşaq kimi, o da yatmışdı. Rəmiş  meymunu gətirdi evə. Nə fikirləşdi-fikirləşmədi, cins şalvarlarından birini götürüb düşdü Beşmərtəbənin altındakı dərzi atelyesinə. Burda bir erməni dərzi dostu vardı. Şalvarı dərziyə verib dedi:

– Suren, bu şalvarı sök, ondan bu meymuna  bir şalvar, bir saroşka tik.

Suren təəccüblə:

– Meymuna?

– Hə də, meymuna.

Suren day heç nə demədi. Rəmişin köməyi ilə birtəhər meymunun ölçülərini götürdü və dedi ki, sabah gələrsən.

Səhər yenidən gəldi Surenin yanına, yenə də birtəhər meymunu geyindirdilər. Meymun heç geyinmək istəmirdi. Rəmiş onun qulağını nə təhər çəkdisə, meymun  çığırdı.

– Geyin, köpəyoğlu.

Sonra da meymunu çiyninə alıb qayıtdı evə. Yoldan iki-üç kilo banan aldı. Küçədən keçənlər hamısı Rəmişə baxırdı. Rəmiş hirsləndi:

– Nədi, ə, meymun görməmisiz? Ulu babanızdı dana.

Səhərisi gün çıxdı şəhərə. Yuviler mağazasından bir qızıl zəncir aldı. Sonra getdi zərgərin yanına bir qızıl lövhə aldı, üstünə də çox sevdiyi dostunun, Gəmi Kapitanının adını yazdırdı, bağlatdı zəncirə.

Evə qayıdıb asdı meymunun boynundan. Meymun da o zəncirlə başladı oynamağa.

Qapını bağlayıb çıxırdı şəhərə, bəzən toydan çox gec qayıdırdı. İçəri girən kimi meymun atılırdı üstünə, Rəmişin boynunu qucaqlayırdı. Meymun çox zaman Rəmişin çiynində otururdu. Bəzən də başına qalxıb saçını bitdiyirdi.  Bəzən də gitaranı qurdalayırdı, simlərindən qəribə səslər çıxırdı, bu da meymunun xoşuna gəlirdi. Rəmiş gülüb deyirdi:

– Belə getsə, saa gitara çalmağı da öyrədəjəm.

Bir axşam Gəmi Kapitanı gəldi onlara:

– Rəmiş, eşitdim meymuna mənim adımı qoymusan? Gəldim gördüsünə.

Özüylə də xeyli banan gətirmişdi.

Rəmiş:

– Çox fikirləşdim, nə ad qoyum. Öz adımı da qoymaq istədim, sonra fikirləşdim, iki Rəmiş bir yerdə yola gedə bilməz. Səni çox istədiyimdən sənin adını qoydum.

Gəmi Kapitanı gülüb dedi:

– Dur, adaşımı da götür gedək bizim bağa. Arvad-uşaq da bağdadı. Qoy tanış olsunlar.

Dostunun Şüvəlanda çox gözəl və geniş bir bağı vardı. Adətən, qışda  yığışardılar o bağa yeyib-içməyə, çalıb-oxumağa. Durub gəldilər bağa. Uşaqlar meymunu görəndə necə sevindilərsə elə meymun kimi atılıb-düşdülər. Meymun da qoşuldu uşaqlara.

Axşam çörək yeyəndə dostu Rəmişə dedi:

– Qağa, bu meymunla şəhərə az çıx. Onsuz da adına yüz şəbədə qoşurlar. İndi də sənə deyəcəklər meymun gəzdirən Rəmiş.

– Brat, sarsax adamları yanımda gəzdirməkdən yorulmuşam. Bu meymun onlardan sədaqətlidi. Görürsən, çörək yeyəndə də gəlib qucağımda oturur.

– Sən o meymunu  Ağdama aparsan, dədən səni öldürəcək.

Rəmiş gülüb dedi:

– Dədəmin yan-yörəsində o qədər meymun var ki, mənim meymunum onnarın yanında kişi adamdı.

Dostu bir az fikirləşdi:

– İndi mən sənin meymununa nə bağışlayım? – dedi, – sonra dərhal qolundakı bahalı İsveçrə saatını açdı, bağladı meymunun qoluna: – qoy məndən adaşıma  yadigar olsun.

Rəmiş:

– Bəzən gitara çalanda elə çığırır ki, mən də onun acığına gitaranı elə çığırdıram ki, qorxuf çıxır şkafın üstünə. Ciyiltisinə öyrəşmişəm. Sonra gitaranı ciyildədirəm, o dəyqə düşüf gəlir, başdıyır  o da ciyildəməyə. Bilirsən necə kef verir.

 

 

                         (davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.