İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Elza İbrahimova mahnı janrında lövhə ustasıdır. O, gözlə görünən dünyanın deyil, görünə bilməyən, içəridən bizi dalğalandıran hisslərin, həyəcanların, bir sözlə iç dünyamızın rəssamıdır” deyirdi Bəxtiyar Vahabzadə.
Həqiqətən də, onun mahnıları insanın içini tərpədir. “Unuda bilməzsən” mahnısı – İlhamə oxuyanda, “Ağlamasın salxım söyüd” mahnısı – Flora oxuyanda sanki insanı özündən alır, aparır, hisslərini oyadır, düşüncələridə təlatüm qoparır...
Eıza İbrahimova 10 yanvar 1938-ci ildə Hacıqabul (Qazıməmməd) şəhərində anadan olub. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A. Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirib.
Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o musiqi məktəbinə yazılıb. Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyib. Məmməd Rahimin sözlərinə bəstələnən "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olub.
Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilib.
Amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə. Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulub.
Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibətilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.
Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən" əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olub. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dillərində onlarla poetik nümunəyə musiqi yazıb.
1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülüb. 2008-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb.
Əsərləri
- "Afət" operası (əsərin müəllifi: Hüseyn Cavid)
- "Yanan laylalar" operası (libretto – Ramiz Heydər)
- Z. Ziyadoğlunun söz. solist və simfonik orkestr üçün "Neftçilər himni"
- "Dünya sevənlərindi" kinofilminə musiqi
- R. Heydər, B. Vahabzadə, O. Qoçulu, V. Əziz, V. Səmədoğlu, R. Əfəndiyeva və b. şairlərin söz. mahnı və romanslar
- Maykl Ceksonun xatirəsinə "Rekviyem"
- B. Vahabzadə söz. "Gecələr bulaq başı"
- Z. Ağayeva söz. "Yoxluğunu bilə-bilə"
Həyatından bəzi məqamlar:
*Onun musiqiyə olan həvəsini ilk dəfə anası hiss edir. Musiqi məktəbini bitirdikdən sonra anasının dəstəyi ilə sənədlərini ali məktəbə verir. İmtahan verdiyi ilk ildə ixtisas fənlərindən əla qiymətlər alsa da, bir fəndən kəsilir. Həvəsdən düşən Elza İbnrahimova yenidən imtahan vermək istəmir və anasına dərzi olmaq istədiyini bildirir. Lakin anası ona “Mən sənə çit paltar tikdirəcəm” deyib Elzanı fikrindən daşındırır və o ikinci dəfə ali məktəbə imtahan verir və Cövdət Hacıyevin sinifinə daxil olur.
Anası Sona xanım qızının Qara Qarayevin sinfində təhsilinə davam etməsini istəyir. Buna səbəb isə anasının həmin dövrdə məşhur olan “Yeddi Gözəl” operasını çox sevməsi olub.
Elza İbrahimova Qara Qarayevin sinifində təhsil aldığı beş il müddətində bir mahnı belə yazmamışdı, simfonik musiqiylə məşğul idi.
*Mahnılarının əksəriyyətini Flora Kərimova üçün yazıb.
İlhamə Quliyevanın ifasında məşhurlaşan “Gəl-gəl, gülüm” mahnısını Flora Kərimova üçün yazıb. Həmin ərəfədə Flora Kərimova qastrol səfərinə getməli olduğu üçün onunçün yazdığı “Bilməzdim” və “Sən yadıma düşəndə” mahnılarını başqa sənətkarlara verməli olub.
Elza İbrahimovanın ən çox bir yerdə çalışdığı şair Ramiz Heydər olub. Belə ki, İbrahimova şairin 300-ə yaxın şeirinə mahnı bəstələyib.
*24 yaşında özündən yaşca xeyli böyük olan professor Adil Ələkbərovla ailə qursa da bu evliliyin ömrü uzun olmayıb. Cəmi bir il davam edən ailə həyatından cütlüyün Zəhra adlı qızları dünyaya gəlib. Qızlarının 1 yaşı olmamış Adil Ələkbərov naməlum səbəblə Elza İbrahimovanı tərk edir. Hətta qızının üzünü belə görmək istəmir. Yaşadığı bu uğursuz ailə həyatından sonra sənətkar bir daha evlənmir.
*Təbiətcə sakit, azdanışan və sadəliyi sevən Elza İbrahimova heç vaxt zinət əşyalarına maraq göstərməz və istifadə etməzdi. Hətta deyilənə görə onun bir qızıl üzüyü belə olmayıb.
*Elza İbrahimova Xalq artisti adı alanda 70 yaşı var idi.
*Üzeyir Hacıbəyovdan sonra muğam əsasında opera yazan ikinci bəstəkardır.
*Onun Qarabağ faciəsinə həsr etdiyi “Yanan laylalar” operası Opera Balet Teatrının səhnəsinə yol tapa bilməyib. 1993-cü ildə Mədəniyyət Nazirliyi əsərin səhnəyə qoyulması ilə bağlı qərar imzalamasına, teatrın o vaxtkı rəhbəri ilə müqavilə bağlanmasına baxmayaraq əsərin səhnəyə ayaq açmasına çox ciddi manelər yaradılıb. Bu məsələdən sonra Elza İbrahimova ciddi sarsıntı keçirib, səhhətində problem yaranıb.
*Deyilənə görə, yaxşı plov və borş bişirməyi varmış. Hətta Flora Kərimova həmişə onlara gedəndə ondan borş bişirməsini xahiş edərmiş.
*"Ey vətən" və "Bilməzdim" mahnılarını daha çox sevər, hətta bu iki mahnını özünü şah əsərləri hesab edərmiş.
*Qarmonda gözəl ifa etməyi bacarardı.
*Bəstəkarın “Qurban verərdim” mahnısının sovet ruhuna uyğun olmadığı bildirilib və uzun illər mahnının efirlərdə səslənməsinə qadağa qoyulub. Deyilənə görə mahnının ilk ifaçısı olan Akif İslamzadə bədii şura tərəfindən töhmət alıb.
*Uzun illər şəxsi evi olmayan Elza İbrahimovaya ömrünün sonlarında verilən evdə yaşamaq qismət olmayıb.
Ömrünün sonlarına yaxın depressiyaya düşən sənətkar heç kimi görmək və danışmaq istəməyib. Ömrünün son bir ayından isə yemək içməkdən imtina edib. 2012- ci ildə uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib. Bəstəkar İkinci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
Dünən gözəl bir xəbər də eşitdik. Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Azərbaycanın Xalq artisti Elza İbrahimovanın adı verilib. Şükür.
“Ədəbiyyat və incəsənət”
(11.02.2026)


