“Biri ikisində” Aqil Abbasın Rəmiş barədə xatirəsi ilə Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizə yazıçı, millət vəkili Aqil Abbasın mərhum musiqiçi Rəmiş barədə xatirəsi ilə tanış olacaqsınız.

 

 

Aqil ABBAS

BU DÜNYADAN RƏMİŞ KEÇDİ

 

3-cü hissə

 

***

 

Yorulmuşdu, çox yorulmuşdu.  Yaşamaqdan da yorulmuşdu. Daha doğrusu, yorulmamışdı ey, bezmişdi. Hamıdan bezmişdi. Dostlarından da, curlarından da, boynuna atılmaq istəyən qadınlardan da bezmişdi. Elə Rəmiş olmaqdan da bezmişdi. Adətən, belə halda maşına oturub gedərdi kəndə, Kəhrizin üstünə. İndi nə kənd vardı, nə də Kəhriz. İçərişəhərdə bir evin pəncərəsinin önündə bir daş vardı, hərdən hər şeydən bezəndə gedib o daşın üstündə oturardı, pərdəli pəncərəyə baxardı. Gözünü yumub öz dünyasına çəkilərdi, bir az yorğunluğu gedərdi.

         "Baksovet"dən sağ çiyninin üstündə, gözündə də böyük bir eynək sallana-sallana düşürdü aşağı, Qoşa qala qapısına tərəf. Belə bir yeriş yalnız onun özünə məxsus idi. Düzdür, yazıçı Anarın da həmişə bir çiyni o birindən yüksəkdə olurdu yeriyəndə, yuxarı qalxmış çiynindən də çanta salırdı. Gənc yazıçılar da hamısı özünü Anara oxşadıb çanta ilə gəzirdilər. Onların çiynindəki çanta yalnız Anarın çantasına oxşayırdı, özləri yox.

Gitara çalanlar da Rəmiş kimi yeriməyə cəhd edirdilər, amma alınmırdı. Qədir Rüstəmov həmişə deyirdi: "Gitara çalanların çoxu nəşə çəkdi ki, Rəmiş olsunlar, amma qəmiş oldular".

Axırıncı dəfə bu küçəylə nə vaxt piyada getdiyini yadına salmağa çalışdı. O vaxt universitetin bir neçə fakültəsi sağ tərəfdəki Xalq Təsərrüfatı İnstitutunun ikinci və üçüncü mərtəbəsində yerləşirdi.

Bir dəfə Şair dostunu bir müəllim imtahandan kəsmişdi, onda gəlmişdi filologiya fakültəsinə, onun qiymətini yazdırmağa. Saymazyana girmişdi dekanın yanına, dekan da onu ayaq üstə qarşılamışdı. Dostunu xahiş eləmişdi, dekan da demişdi, narahat olma, sən get. Dekan istəmişdi ki, Rəmiş tez getsin, çünki bütün tələbələr yığışmışdılar dekanlığın qarşısına – Rəmişi görmək istəyirdilər, danışdırmaq istəyirdilər.

Dekanın yanından çıxanda gördü qəbul otağında gözəl-göyçək bir katibə oturub və Rəmişə elə mehribanlıqla baxır ki. Qız Rəmişdən telefon nömrəsi istədi. O da əlini atıb şalvarının arxa cibindən şax bir yüzlük çıxartdı, qızın əlindəki qələmi də alıb telefon nömrəsini yüzlüyün üstünə yazıb verdi qıza. Qapıdan  çıxanda tələbələr yığışdı başına, əksəriyyəti də qız idi.

Üzünü Şair dostuna tutub dedi:

– Qaqa, heç utanmırsan, bir belə gözəl qızın içində adam da kəsilərmi?

– Elə bu qızlar qoymur də oxumağa.

Nə soruşdularsa, cavab vermədi, bircə onu dedi ki, iki gündən sonra Filarmoniyada konsertim var, kim istəyir, gələ bilər, amma gələndə gül gətirməyin, xoşum gəlmir, özünüz gülsünüz.

Sol tərəfdə bir "Aydınlıq" kitab mağazası vardı. Şair dostu həmin mağazadan Bəxtiyar Vahabzadənin bir kitabını alıb ona vermişdi ki, al oxu, adam ol, Bəxtiyar müəllim səni yaman çox istəyir.

O isə gecə evdə kitabı vərəqləmişdi, amma oxumağa hövsələsi çatmamışdı ki, adam olsun. Ömründə bircə kitab oxumuşdu, o da Şair dostunun məsləhəti ilə "Netoçka Nezvanova".

Şair demişdi:

– Rəmiş, burda bir skripkaçıdan söhbət gedir, özü də, taleyi də  sənə oxşayır.

O da oxumuşdu, görmüşdü  ki, o qədər də oxşarlıq yoxdu. Çünki o skripkaçı təhkimli kəndli idi, Rəmiş isə sovxoz direktorunun oğlu. O, fağır adamıydı, Rəmiş isə süpürülmüş yerdə dava kağızı axtarardı, ömründə heç kəsin qabağından qaçmamışdı. Düzdür, əsərdən məlum olurdu ki, istedadlı adamdı, amma istedadını sübut edə bilmir.  Rəmiş isə istedadını çoxdan sübut eləmişdi. Sonra əsərin qəhrəmanı Avropadan gələn bir skripkaçının konsertinə gedir. Görür o dahidi, ondan yaxşı skripka çalır, həmin axşam özünü öldürür. Amma Rəmişə görə, ondan böyük gitara  çalan yox idi ki, dinləsin, böyük olmadığını görüb özünü öldürsün. Skripkaçının həyatı qurtarandan sonra kitabın arxasını oxumamışdı. Sonra Şair dostuna demişdi:

– Sən belə gij-gij kitablarla başını doldurma, axırda onların gününə düşəssən.

Əslində, Şair dostu çoxdan o skripkaçının taleyini  yaşayırdı.

Bir az aşağı endi, sol tərəfdə fotoatelye vardı. Atelyenin  vitrinindən həmişə üç  portret asılırdı: Bəxtiyar Vahabzadə, Xudu Məmmədov və onun. Atelyenin sahibi onun portretini Xudu müəllimlə Bəxtiyar Vahabzadənin arasından  asmışdı.

O da girmişdi içəri, atelyenin sahibindən tələb etmişdi ki, onun portretini vitrindən çıxarsınlar.

– Brat, mən kiməm ki mənim portretimi o dahilərlə bir sırada asmısan, özü də ortasında.

Atelyenin sahibi:

– Rəmiş, vallah, sən də dahisən. Özü də hamı sənin şəklini görüb girir bu atelyeyə, –  sonra da bir yığın foto göstərmişdi: – Sənin şəkillərindi. Bura girən mütləq bu şəkillərdən birini alır. Qoy çörəyimizi qazanaq da.

O vaxt Bakıda dəb idi. Küçələrdə, parklarda Hindistanın kino ulduzlarının – Raç Kapurun, Racendra Kumarın, Şişi Kapurun, Nərgizin, eləcə də özümüzün ulduzlarının – Poladın, Müslümün, Zeynəbin, Rəmişin, Məmmədbağırın, Ağadadaşın biri bir manatdan şəkillərini  satırdılar. Rəmişin cibində də həmişə öz şəkilləri olardı. Biri deyəndə ki Rəmiş, çoxdandı görmürəm səni, çıxarıb şəklini verirdi ki, qoy cibinə, darıxanda baxarsan.

Baxdı, artıq  fotoatelye yox idi. Vaxtilə  onların şəkilləri  asılan vitrində indi qadın paltarları, özü də alt paltarları asılmışdı. Dayanıb xeyli baxdı və güldü.

Yanından keçənlər ona salam verirdilər, o isə başını yelləməklə cavab verirdi. Əlyazmalar İnstitutundan döndü sağa, girdi İçərişəhərə. Cavan vaxtı bu yerə tez-tez gəlirdi, bəzən gecə saat bir, ikidə. İkinci mərtəbədəki pəncərədən bir qız həmişə gözləyirdi ki, Rəmiş gələcək, üzbəüzdəki daşın üstündə oturacaq və onun pəncərəsinə tamaşa edəcək.

Rəmiş bu qızı dəfələrlə  konsertində görmüşdü. Sonra dostlarından qızın kimliyi ilə, harada yaşamağı ilə maraqlanmışdı. Evlərinin yerini öyrənəndən sonra həmişə gəlib pəncərə ilə üzbəüz daşın üstündə otururdu. Bəzən xeyli gözləyirdi ki, qız nə vaxt pəncərədən boylanacaq.

Ömründə heç kimi sevməmişdi. Onda sevgi hissi yox idi. Birinci-ikinci sinifdə oxuyanda müəlliməsindən xoşu gəlirdi, xüsusilə də onun saçlarını sığallamağından. Sonra Ağdama köçdülər, bir də o müəlliməni görmədi. Amma müəllimənin barmaqlarının ətrini həmişə burnunda hiss edirdi. Pəncərədən baxan qıza isə sadəcə vurulmuşdu. Və onunla görüşməyə də heç vaxt cəhd göstərməmişdi.  Eləcə gəlib daşın üstündə oturur, qızın baxışlarından ləzzət alırdı.

Yenə oturdu həmin daşın üstündə. Pəncərəyə pərdə çəkilmişdi və özü də çox gözəl bilirdi ki, o pərdə bir daha  açılmayacaq və qız ona tərəf boylanmayacaq.  Yəqin, qız çoxdan ərə gedib və day burda yaşamır.

Bunu bilə-bilə  o, yenə, hətta gecələr darıxanda da gəlib bu daşın üstündə oturub pəncərəyə boylanırdı. Küçədən keçənlər Rəmişi görüb soruşurdular:

– Rəmiş, burda niyə oturmusan?

– Heç, burda oturmaxdan xoşum gəlir.

Yenə oturub pəncərəyə baxırdı və qəfildən pərdə açıldı. Bir qadın Rəmişə tərəf boylandı və güldü. Və ilk dəfə kəlmə kəsdilər:

– Rəmiş, uşaqlarla sənə çay göndərimmi?

Rəmiş də güldü:

– Pis olmaz.

Və qapı açıldı. İçəridən bir oğlan uşağı çıxdı, əlində bir stəkan çay, çayın yanında bir şokolad.

Uşaq eynən Rəmişin özüydü. Rəmiş uşağı görəndə əvvəl-əvvəl çaşdı.  Bir Allah bilirdi ki, Rəmişin əli heç o qızın əlinə də dəyməmişdi, bəs bu uşaq ona niyə bu qədər oxşayırdı?..

Səməd Vurğunun "Azərbaycan" şeirindən başqa  bir şeir bilməyən Rəmişin yadına Şair dostunun aşağıdakı misraları düşdü:

 

Belimdən gəlməsə də,

Tanıyıb bilməsə də

Mənə oxşayacaq

sevgimdən  doğulan oğlun,

Taleyi taleyimdən iraq.

 

Uşağı bağrına basdı, uzun saçlarını qarışdırdı:

– Adın nədi?

– Rəmiş!

– Nə qəşəng adın var. Bu adı sənə kim qoyub?

– Anam. Sənin  də adın Pəmişdi. Mən də gitara çala bilirəm.

Rəmiş yenidən oğlanın saçını sığalladı, uzun barmaqlarına baxdı və çayı içmədən qalxdı ayağa, uşağa məni gözlə, gəlirəm, deyib getdi. Uşaq da nə edəcəyini bilmədi, çay əlində oturdu daşın üstündə, Rəmişin yerində.

Anası pəncərədən baxıb gördü Rəmiş yoxdu, dedi:

– Ay oğul, o getdi? Dur gəl evə!

– Mama, dedi, gəlirəm.

Bir az keçmiş Rəmiş əlində bir gitara döndü. Evindəki ən bahalı gitaranı gətirmişdi.

Bu  gitaranı ona bir nazir  dostu bağışlamışdı, özü də bəstəkarıydı, gözəl piano çalırdı. Bir dəfə onu evlərinə qonaq çağırmışdı, Şair dostu ilə bərabər. Rəmiş gitarada, bəstəkar isə pianoda. Rəmişin gitarası bəstəkarın xoşuna gəlməmişdi. Xaricdəki hansısa bir dostuna zəng eləmişdi ki, ən bahalı bir gitara alıb təcili ona göndərsin. O da alıb göndərmişdi. Bəstəkar dostu da həmin gitaranı bağışlamışdı Rəmişə. Rəmiş o gitaranı toya aparmırdı, qorxurdu ki, Qurban əminin tarı kimi hansısa bir sarsağın başına vurub qırar, o gitaranı evdə, bağda dostları üçün çalırdı, bir də konsertdə.

İndi fikirləşdi ki, bu gitara daha ona lazım olmayacaq, qoy adaşı Rəmişdə qalsın.

Verdi adaşına və dedi:

– Al, bağışdıyıram saa.

Uşaq gitaranı götürüb qaçdı evə:

– Mama, Rəmiş mənə gitara bağışladı.

Anası istədi gitaranı qaytarsın, amma gördü ki, Rəmiş gedib və başladı ağlamağa.

Uşaq:

– Ana, niyə ağlayırsan?

– Oğul, o bir də gəlməyəcək!

 

***

 

Gecə toydan  yorğun-arğın  evə dönəndə yenə gördü qapıdan bir kağız parçası asılıb. Açıb oxudu. Yenə Aydın Dadaşovla Ceyhun Mirzəyev yazmışdı: "Rəmiş, səni and veririk Seyid Lazım Ağanın cəddinə, sabah Kinostudiyanın çayxanasına gəl, vacib işimiz var". Başını   buladı, keçdi içəri. Elə geyinili-geyinili özünü atdı divanın üstünə, ayılanda gördü ki, günortadı. Tez durub əl-üzünü yudu, elə yerə and vermişdilər ki, getməmək olmazdı.

Maşını sürdü Kinostudiyaya. Çayxananın həyətində məşhur kino ulduzları oturub dərdləşirdilər, bəziləri də şahmat oynayırdılar. Rəmiş hamıyla bir–bir görüşdü. Rasim Balayevi də bağrına basdı. Gəldi Ceyhungilin stoluna. Gördü həmin rejissor, yanında da Rəmişə oxşayan, amma boyca balaca olan bir adam. Görüşdülər, bir stul  çəkib oturdu. Birinci sözü bu oldu:

– Bu yenə gəlib?

Aydın:

– Hə, amma ayrı məqsədlə. Kinoya çəkməyə aktyor tapıb, istəyir həmin aktyor səni öyrənsin, jestlərini öyrənsin, danışığını öyrənsin.

Rəmiş üzünü tutdu rejissora:

– Lyonya, sən ki  belə həyasızsan, çox gedəssən.

Ceyhun:

– Rəmiş, sən Seyid Lazım Ağanın cəddi, bu dəfə dostlarımızın xətrinə dəymə. Toylarını saxla, bunları bir özünlə apar Qarabağa-filana, iki-üç gün gəzdir.

Rəmiş güldü:

– Elə Ağdamda toyum var, toya da apararam, görərlər bizim toyu. Gedək bir yerdə bir tikə çörək yeyək, sonra götürüm gedim, axşam Ağdamda toya çatım.

 

***

 

Qəfil göy guruldadı, ildırım şaqqıldadı. Şıdırığı bir yağış başladı. Şimşəklər  buludların arasında rəqs edirdi.

O, tarı yağışdan qorumaq üçün pencəyini çıxarıb tarın çanağına sarıdı ki, təki yağış onu vursun, tarı yox.  Bu vaxt göylərdə  qəribə bir nur parladı. Bu nə ildırım idi, nə də şimşək. Hər tərəfi işıqlandırdı. Və birdən hiss elədi ki, daha onun üstünə yağış yağmır. Elə bil kimsə  başının üstündə çadır açmışdı. Sel-su  aləmi götürsə də, o, bunu hiss eləmirdi. Bu qeyri-adi hadisədən çaşdı, özü də  bilmədi bu nədi. O, evlərinə tərəf qaçdıqca başının üstündəki gözə görünməyən çətir də onunla bir yerdə qaçırdı. Bir canavarın ona tərəf qaçdığını gördü. Qorxudan tir-tir əsdi. Bu vaxt yenə ildırım şaqqıldadı və ildırım ona çatmağa az qalmış canavarı vurdu. Qorxa-qorxa ölmüş canavarın yanından keçdi.

Nəhayət, gəlib evlərinə çatdı. İçəri girəndə anası təəccüblə baxıb soruşdu ki, harda gizlənmişdin ki, səni yağış vurmayıb?

– Heç, ay nənə, kimsə üstümdə çadır açmışdı.

 

***

 

– Şair, sən oxumuş adamsan, Paqanini haqqında nə bilirsən?

– Qeyri–adi  sənətkardı. Skripkası ilə adamları yoldan çıxarırmış. Ona qulaq asan insanlar özlərini unudurmuş, şeytana uyurmuşlar. Ona görə də onun özünü şeytan adlandırırmışlar. Çox azad insanıymış. Krallara da əyilmirmiş, ürəyi necə istəyir, elə də yaşayırmış. Elə sənin kimi!

Rəmiş getdi fikrə, gitarasını sığallayıb dedi:

– Yəni deyirsən məndən də böyük sənətkarıymış?

– İncimə, əlbəttə. Onun əsərləri var, sənsə nə çalırsansa, qalır toyxanalarda. Çaldıqlarını  lentə də aldırmamısan. Kimsə toylarda çəkir, saxlayır evində. Özünü də adam kimi aparmırsan deyin, televiziyalara da buraxmırlar, dövlət konsertlərinə də. Səni kütlə sevir, kütlə  sevgisi ilə də heç hara gedib çıxmaq olmaz. Yavaş-yavaş özün də kütləyə çevrilirsən.

Rəmiş əsəbiləşdi:

– Bunları mənə başqa adam desəydi, gitaranı vurardım başına. Bu ölkədə məndən azad adam var? Deyirsən ki,   azad deyiləm.

– Saçını  qırxdırmamaq, qalstuk taxmamaq, konsertlərə cins şalvarda, ala-bula köynəkdə çıxmaq azadlıq deyil, hamıdan fərqlənməkdir.

Rəmiş xeyli fikrə getdi. Beynində nə dolaşdı-dolaşmadı, olmayan ağlından nə keçdi, dedi:

– Şair, bəlkə, gedək Paqaninini görək? O skripkada, mən gitarada deyişək. Görək kim  böyük sənətkardı.

Şairi gülmək tutdu:

– Yox, sağ ol. Apardın Əmir Teymurla görüşdük, əlimiz bala batdı. Paqanininlə də görüşəndə əlimiz p.. batacaq. Yenə sarsaq-sarsaq danışırsan.

– Pis oldu? Əmir Teymuru gözlərinlə gördün, bir heylə adamın içində də şalvarını da batırdın. Dostun Qədirlə də çay içdin.

– O çay zəhrimar olub burnumdan töküldü. Boş-boş danışma.

– Boş-boş sən danışırsan ey. Dur ordan,  o konyakı gətir bura, adama yüz-yüz süz, – dedi, – sonra əlini atıb divanın altından bir çəngə quru ot  çıxartdı: – Al, bunu da at qazın üstünə. Qoy ətri bizi bihuş eləsin.  Sonra da çıxaq gedək Paqanininlə görüşməyə.

Şair konyakı gətirdi, yüz-yüz süzdü, qurumuş otu da qazın üstünə atdı və dedi:

– Rəmiş, mən getdim evimizə. Sən özün get Paqanininlə görüş, sonra danışarıq.

– Ə, kişisən ə. Qorxma, bu dəfə bizi asmayacaqlar.

– Qardaş, mən getdim.

– Onda diplomatını aç, gitaranı da qoş  usilitelə, səsini də az ver, sonra cəhənnəmə get.

Şair diplomatı açdı. Dinamikləri qoşdu gitaraya, sonra da ironiya ilə dedi:

– Sənə yaxşı yol. Səhər görüşərik. 

Amma Şair darvazadan geri döndü ki, dostu tək qoymaq kişilik deyil. Otağa girmədi, oturdu mətbəxdə.

Rəmiş bir yüz də konyak vurdu və başladı gitaranın pərdələrində gəzişməyə. Çaldığı  özünə ləzzət eləyirdi və onu götürüb özüylə harasa aparırdı.

Küçədə kimi görürdü, Paqanininin evini soruşurdu. Adamlar təəccüblə ona baxırdılar və deyirdilər:

– Evinin yerini  tanımırsan? 

Axırda bir faytona mindi və faytonçuya dedi:

– Brat, sür bizim evimizə.

Faytonçu dar dalanların birində  bir qapının qarşısında saxladı və dedi:

– Nikol, buyur.

Rəmiş istədi çıxarıb pul versin.

 Faytonçu:

– Lazım deyil. Sən bizim başımızın tacısan.  İmkanın varsa, məni konsertinə buraxdır.

Rəmiş düşüb qapını döydü. İçəridən bir nəfər çıxdı. Təəccüblə Rəmişə baxıb dedi:

  Nikol, bu gecə vaxtı hara getmişdin? Mən də elə bilirəm yatmısan.

Rəmiş özünü onda qoymadı, dedi:

– Heç, darıxdım, dedim bir havamı dəyişim.

Keçdilər böyük otağa. Şamlar otağı yaxşı işıqlandırmırdı, yarıqaranlıq, cansıxıcı bir otaq idi.  Paqanini də oturmuşdu cansıxıcı, yarıqaranlıq otaqda köhnə bir kresloda. Qabağında bir fincan qəhvə, bir də yarımçıq  konyak butılkası siqar çəkirdi, otağa da Rəmişə yaxşı tanış olan bir qoxu yayılmışdı.  Rəmiş fikirləşdi ki, bizim adamdı.

Paqanininin köməkçisi quruyub qaldı. Bir Nikol yanındaydı, bir Nikol da oturub kofe içirdi. Necə çaşdısa, dili söz tutmadı.

Nikol dilləndi:

– Nə olub, məni niyə narahat edirsən?

Köməkçi birtəhər özünü ələ aldı:

– Qonağın var.

– Gecə vaxtı nə qonaq?

Çevrilib gələn qonağa baxdı, çaşdı.  Elə bil güzgüdə özünə baxırdı. Sadəcə olaraq, güzgüdə baxdığı adam ondan bir az canlıydı, qolları da uzunuydu.

– Sən kimsən?

– Sizdə qonağa xoş gəlmisən demirlər?

– Hələ bir de görüm sən kimsən, hardan gəlmisən?

Rəmiş cibindən bir siqaret çıxarıb yandırdı, otaqdakı Rəmişə tanış olan qoxuya yeni, amma bir qədər fərqli bir qoxu qatıldı. Paqanini də eynən onun kimi fikirləşdi, hər kimdisə, bizim adamdı.

Rəmiş:

– Olar oturum?

Nikol ona yer göstərdi:

– Buyur, – sonra üzünü köməkçisinə tutub dedi, – Ordan bir dənə də bardaq gətir.

Köməkçi bardaq gətirdi və konyak süzdü.

Rəmiş konyakı çəkdi başına və dedi:

– Mənim adım Rəmişdi. Özü də Bakıdan gəlmişəm.

Paqanini ha fikirləşdi, Bakı adında bir yer yadına sala bilmədi:

– O hansı ölkədi?

– Azərbaycan.

Paqanini bu adı da eşitməmişdi deyin, başını buladı. Rəmiş bu dəfə qayıtdı ki:

– Neyləyirsən hardan gəlmişəm, göydən gəlmişəm. Dedilər Milanda mənə oxşayan bir dahi yaşayır, gəldim tanış olam. Görüm, doğrudan, dahidi, yoxsa uydurublar? Mənə yaman  oxşuyursan. Dədəm Hüseyn də heş vaxt Milanda olmayıf ki, fikirləşəm qardaşımsan.

Paqanini onun nə demək istədiyini başa düşmədi:

– İndi məndən nə istəyirsən? Konsertə bilet lazımdı?

– Nə konsert, nə bilet? Gəlmişəm sən skripkada çalasan, mən gitarada. Görək kim böyük sənətkardı.

Paqanini ironiya ilə gülümsədi:

– Nədi, mənnən yarışmaq istəyirsən? – dedi, – sonra da üzünü köməkçisinə tutub: – Ordan skripkanı gətir mənə. 

Rəmiş də qalxıb diplomat çantanı açdı, dinamikləri gitaraya qoşdu.

Paqanini soruşdu:

– O nədi?

– Usilitel.

– Usilitel nədi?

– Səsucaldan, – dedi  Rəmiş, mizrabı vurdu simlərə. Otağa gur səs doldu.

Paqanini təəccüblə barmaqlarını gitaranın simlərinə toxundurdu. Yenə otağa gur səs doldu və bu səs onun xoşuna gəldi.

Sonra Paqanini skripkasını götürüb yavaş-yavaş çalmağa başladı. O nə çalırdısa, Rəmiş də gitarada onu müşayiət edirdi. Sonra Rəmiş  fincandakı qəhvəni götürüb atdı yerə, gitaranı da qoydu dizinin üstünə və fincanla çalmağa başladı. Gitara artıq skripka səsi verirdi, elə bil iki skripka çalınırdı. İkisi də uyub getmişdilər. Paqanininin köməkçisinin gözləri çıxmışdı kəlləsinə, ömründə belə gitara səsi eşitməmişdi. Melodiya onu dəli etmişdi. Xeyli, yorulanadək çaldılar. Axırda Paqanini skripkanı qoydu stolun üstə, Rəmiş  isə hələ də çalırdı. Nəhayət, o da dayandı.

Paqanini soruşdu:

– Hə, necədi?

Rəmiş siqaretindən bir qullab vurub dedi:

– Böyük sənətkarsan. Məndən də böyük sənətkarsan.  Deyilən kimi varsan, sən, doğrudan da, şeytansan.

Paqanini gülüb dedi:

– Mənə şeytan deyən az idi, biri də göylərdən gəldi. Sən  də mələk deyilsən!

 Heyrətdən özünə indi-indi gələn köməkçisi üzünü Paqaniniyə tutub dedi:

– Nikol, bəlkə, sabahkı konsertinizi birgə təşkil edək?

Paqanini:

– Olar. İkimiz birləşsək, bizi keşişlər elə sabah qovarlar.

 

                         (davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.