“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizə yazıçı, millət vəkili Aqil Abbasın mərhum musiqiçi Rəmiş barədə xatirəsi ilə tanış olacaqsınız.
Aqil ABBAS
BU DÜNYADAN RƏMİŞ KEÇDİ
2-ci hissə
***
… Bağda uşaqlar yığışmışdılar Rəmişin başına. Heyrətlə Qurban əminin bu qeyri-adi tarına baxırdılar. Rəmiş də bu qeyri-adi tarı çalmırdı ey, inlədirdi. İnləyən tarın səsini eşidən göylər qəfil şaqqıldadı, ildırım çaxdı. Tarın iniltisi göyləri də kövrəltdi, necə bir yağış başladısa hamı durub evinə qaçdı. Rəmiş gördü yağış tarı isladacaq, əynindəki pencəyi çıxarıb sarıdı tara. Getdikcə yağış güclənirdi. Yağışdan gizlənmək üçün oturmuşdu bir ağacın altındakı daşın üstündə. Amma yağış elə yağırdı ki, yarpaqlar damcıları saxlaya bilmirdi.
Bayaqdan Rəmişin çalğısını dinləyən mələklər qollarını açıb bir araya gəldilər və bu vaxt göyün üzü nurlandı. Və o nur təkcə Rəmişin üzərinə düşürdü. Aləmi sel-su aparsa da Rəmişin üstünə yağış yağmırdı, mələklər başı üstündə çətir açmışdı. Bunu görən Rəmiş qalxıb evlərinə tərəf üz tutdu. Nur da onun başı üstündə gedirdi.
Bu vaxt meşədən çıxan bir canavar ona tərəf qaçmağa başladı. Rəmiş qorxusundan tir-tir əsirdi. Canavarın Rəmişə yetişdiyini görən mələklər qəfil bir ildırım çaxdırdılar və ildırım canavarı vurdu. Rəmiş çaşmışdı. Yavaş-yavaş, qorxa-qorxa ildırımın vurduğu bədheybət canavarın yanından keçdi, sonra götürüldü evlərinə, nur da başının üstündə. Qapını anası açdı, Rəmişi belə yağışda islanmamış görüb təəccüblə soruşdu:
– Ay bala, sən harda gizlənmişdin ki, islanmamısan?!
– Nənə, vallah, bilmirəm, elə bil kimsə başımın üstündə çadır asmışdı.
***
Şairlə oturmuşdular Rəmişin balaca, xudmani otağında.
– Ə, avara, o gün televizorda mənim haqqımda nə sarsax–sarsax danışmısan? Demisən ki, Rəmiş nə atadı, nə anadı, nə bajıdı, nə qardaşdı, nə vətəndaşdı. Ruhdu, mələkdi, şeytandı, adam deyil, ruhdu.
Şair:
– Nə demişəmsə, düz demişəm. Bircə mələyi düz deməmişəm, sən şeytansan. Mələk dərisinə bürünmüş şeytan.
Rəmiş bozardı:
– Dostum olmasan, səni salardım təpiyin altına. Madam ki mənə şeytan deyirsən, onda sənə şeytanlığımı göstərərəm, – dedi, – gitarasını qoydu dizinin üstünə, köklədi, sonra da dedi ki, o çantanı aç, qoş gitaraya.
Şair diplomat çantanın içinə dinamiklər quraşdırmışdı, batareya ilə işləyirdi. Çölə, meşəyə gedəndə həmişə özləri ilə götürərdilər.
Şair çantanı açdı, dinamikləri qoşdu gitaraya.
– Qaqa, istəyirsən səni Qədirlə görüşdürüm?
– Nə axmağ-axmağ danışırsan, Qədir indi cənnətdə hurilərlə kef edir. Mənimsə ölmək fikrim yoxdu. Özü də nə səni, nə də məni cənnətə buraxmazlar. Bizim yerimiz cəhənnəmlikdi, amma bir az sərin yeri.
Rəmiş başını buladı:
– Axmağ-axmağ sən danışırsan ey, özün də şairsən. Şairlər dünyanı hamı kimi görürsə, ondan şair olmaz. İndi mən səni aparıf Qədirlə görüşdürərəm, onda bilərsən ki, Rəmiş kimdi, şeytandı, yoxsa mələyh. Onda görərsən şair sənsən, yoxsa mən. Orda konyak var, gətir yüz-yüz süz, usiliteli də qoş, – dedi və sonra cibindən bir çəngə ot çıxartdı; – bunu da at qazın üstünə, qoy ətri yayılsın.
Konyakı içdilər.
– Yüz-yüz də süz.
Şair yüz-yüz də süzdü.
– Götür, bunu da içəyh Qədirin sağlığına. Hərçənd ki, adam döyül.
Sonra başladı çalmağa. Barmaqlar pərdələrin üzərində gəzir, qəribə bir melodiya yaradırdı. Şair ilk dəfə eşidirdi bu melodiyanı. Sonra lap həzin çalmağa başladı. Səslər lap zəif eşidilirdi. Əvvəl-əvvəl otağın işığı yavaş-yavaş közərdi və söndü, düşdülər bir qaranlığa.
İnsanların çığırtısı eşidilirdi, qadınlar fəryad edirdi. Şəhərin ayrı–ayrı yerlərində yanğınlar vardı. Şair hara düşdüyünü bilmirdi. Bu yanğınlar, insanların çığırtısı sanki Rəmişin vecinə də deyildi, öz halındaydı. Bir darvazanı döydü və uca səslə çığırdı:
– Qədir, ay Qədir!
İçəridən səs gəlmədi. Yenə çığırdı:
– Qədir, ay Qədir, ölmüsən?
Darvazanın qapısı şaqqıltı ilə açıldı:
– Ə, nə bağırırsan?
Qarşılarında Qədir Rüstəmov durmuşdu. Qəlyanı da əlində, özü də çox pəjmürdə:
– Keçin içəri. Sən nə həyasız adamsan, yenə gəlmisən? Görmürsən şəhər od tutub yanır? Əmir Teymurun qoşunları girib şəhərə, – sonra məni göstərib dedi: – Bu yanındakı avara kimdi?
Şair çaşıb qalmışdı, illərin dostu Qədir Şairi tanımadı. Haqqında kitab yazdığı, onlarla məqalə həsr etdiyi, bir yerdə ova, balığa getdiyi Qədir, hər dəfə "Sona bülbülləri"nə qulaq asanda onu ağladan Qədir indi Şairi tanımadı.
Şair:
– Qədir, mənəm də mən, Aqil.
Qədir turşumuş üz-gözünü bir az da turşutdu:
– Nə Aqil, hansı Aqil? Tanımıram. Day gəlmisiz də, keçin içəri, görək başımıza nə iş gəlir.
Səliqəli, xəli döşənmiş bir otaq idi, stolun üstündə də şamlar yanırdı. Divardan tar və qaval asılmışdı. Keçib oturdular.
Rəmiş:
– Mən bu Şairi inandıra bilmədim ki, sən ölməmisən, ona görə götürüf gəldim gözü ilə görsün.
– Ə, niyə ölürəm? Ölsün məni istəmiyənlər! Amma qorxuram bu gejə Əmir Teymur məni dar ağajından asdıra. Eşitmişəm ki, əsgərləri məni tapmaq üçün şəhəri ələk-vələk edirlər.
– Ə, Əmir Teymur kimdi ki səni öldürtsün? Onun saa gücü çatmaz. Səni Allah qoruyur. Sən hələ Rəmişi tanımırsan, Seyid Lazım Ağanın cəddi haqqı onları cırıx-cırıx edərəm, – sonra üzünü tutdu Şairə: – Ə, Şair, Əmir Teymur kimdi?
İndi Şair bunu necə başa salsın, ömründə bircə kitab oxumayan adama, beynində gitaradan, tardan başqa heç nə olmayan adama.
– Nəsimi kinosunu görmüsən?
– Hə. Rasim Balayev mənim dostumdu.
– Orda bir hökmdar var ey, özü də axsıyır, Əmir Teymur odu.
– Qaqa, bəs o ölmüyüf?
Şair əsəbi halda:
– Qədir ölməyibsə, o da ölməyib də. İndi özün görərsən.
Qədir adama bir stəkan çay süzdü, ortaya kişmiş qoydu. Heç bir qurtum içməmişdilər ki, qapı təpiklə açıldı. İçəri dörd-beş zirehli, saçları uzun, üz-gözlərindən zəhər-zəhrimar tökülən döyüşçü girdi. Salamsız-kəlamsız soruşdular:
– Qədir kimdi?
Qədir qalxdı ayağa:
– Mənəm, nə lazımdı?
– Bəs bunlar kimdi?
– Dostlarımdı.
Döyüşçü Qədirin dostlarını tərs-tərs süzdü, deyəsən, Rəmişin sir-sifəti xoşuna gəlmədi. Şairin də rəngi-rufu qaçmışdı. Yanındakılara əmr elədi:
– Bunların qollarını bağlayın.
Rəmiş müqavimət göstərmək istədi. Bayaq "onları cırıq-cırıq edərəm" deyən Rəmişin qollarını elə burdular ki, mıqq da edə bilmədi. Şair isə yazıq-yazıq əllərini uzatdı.
Döyüşçü üzünü tutdu Qədirə:
– Hökmdar səni istəyir.
– Neynir məni?
– Özün soruşarsan. Bizə əmr edib ki, səni aparaq hökmdarın hüzuruna.
Qədiri də, dostlarını da çıxartdılar sokağa, Qədiri ata mindirdilər, dostlarını isə at döşündə apardılar.
Şair bircə onu deyə bildi:
– Rəmiş, Allah evini yıxsın.
– Qaqa, mənim evim varkı?!
Hərdən kürəklərindən itələyirdilər ki, tez-tez gedin.
Rəmiş:
– Siz nətəhər döyüşçüsünüz, əliyalın adamlardan qorxursunuz. Qollarımızı açın dana.
– Yeri, az danış.
Onları gətirdilər böyük bir çadırın önünə. Hər tərəfdə silahlı əsgərlər qaynaşırdı. Saçları çiyinlərinə tökülən, üzlərindəki çapıqlar onları daha qorxulu göstərən və bir suları da Rəmişə oxşayan əsgərlər, bir sözlə hər yer Rəmişlə doluydu və hamısı da onlara baxırdı. Rəmişə oxşayan iki əsgər də dayanmışdı çadırın qapısı ağzında. Boyunlarından basıb saldılar içəri.
Bu çadır deyildi, bir saray idi. Hər yana gəbə, xəli döşənmişdi. Bu sarayın ortasından yüzlərlə şam yanan şamdan asılmışdı. Tavan sədəflərlə işlənmiş dörd sütunun üstündə dayanmıqdı. Rəmiş sədəfli sütunları görəndə yadına toyda bir sarsaq sərxoşun başına vurduğu Qurban əminin tarı düşdü.
İçəridə xeyli adam vardı, əslində adamdan çox adamyeyənə oxşayırdılar, özləri də iki səfə düzülmüşdülər.
Çadırın yuxarı başında da taxt qurulmuşdu. Bu vaxt taxtın arxasından çiynində pələng dərisi olan, ortaboylu, ağır-ağır yeriyən bir nəfər çıxdı, pələngin pəncələri də çiyinlərində general rütbəsinə oxşayırdı. Baxışları çox itiydi, adamı dəlib keçirdi. Başında sadə bir tac vardı, belində də qəbzəsi daş-qaşla işlənmiş bir xəncər, əlində də qamçı.
Onu görən kimi hamı diz çökdü. Qədirlə Şair də diz çökdülər. Rəmiş isə dik dayanıb baxırdı. Onları gətirən döyüşçü Rəmişin çiynindən basıb dedi:
– Diz çök!
Rəmiş:
– Brat, mən heç dədəm Hüseynin qavağında diz çöhməmişəm. O kimdi ki diz çöküm?
Şair üzünü Rəmişə tutdu:
– Ə, gic… bu Əmir Teymurdu, diz çök.
– Çöhmürəm.
Bu vaxt onları gətirən döyüşçü əlindəki baltanın küpüylə Rəmişin kürəyindən necə vurdusa ağzı üstə düşdü yerə. Sonra döyüşçülər qaldırıb diz çökdürdülər. Rəmiş onu vuran döyüşçüyə baxıb dedi:
– Dayan, oğraş, sənin ananı ağladajam.
Əmir Teymur taxtdan yenib onlara tərəf yaxınlaşdı.
Rəmiş:
– Qaqa, bəs bu axsamır axı, kinoda axsıyırdı.
– Ə, mən nə bilim niyə axsamır?
Əmir Teymur əlindəki qamçıyla Qədirin çənəsindən qaldırdı:
– Qalx! Qədir sənsən? Səsi ilə Şərqi lərzəyə gətirən?!
– Bəli, əlahəzrət, mənəm. Amma Şərqi lərzəyə gətirdiyimdən xəbərim yoxdu.
– Bəs bunlar kimdi?
– Müsafirlərimdi. Qarabağdan gəliblər.
Rəmişin dikbaşlığı Əmir Teymuru qəzəbləndirmişdi. Üzünü onları gətirən döyüşçüyə tutub dedi:
– Bunları aparın dar ağacına, əmrimi gözləyin.
Rəmişlə Şairi hop götürdülər. Çadırdan çıxarıb dar ağacının yanına apardılar. Həyətdəki dar ağaclarından xeyli adam sallanırdı.
Rəmiş isə onu vuran döyüşçüyə deyirdi:
– Səni cırajam, köppəyoğlu.
Çıxartdılar kətilin üstə, kəndiri də keçirtdilər boğazlarına və əmri gözlədilər.
Şair özünü islatmışdı. Rəngi-rufu qaçmışdı, hələ asılmamışdan əvvəl ölmüşdü. Birtəhər üzünü Rəmişə tutub səsi titrəyə-titrəyə dedi:
– Ay axmaq, bizi asırlar ey, sənə nə pisliyim dəymişdi, məni bu xarabaya gətirdin?!
Rəmiş:
– Şair, bizi biyabır elədin, şalvarını batırmısan. Nədən qorxursan? Səni birinci dəfə asıllar? Məni bir dəfə Çingiz xan asdırmışdı, Qacar da Cıdır düzündən atdırmışdı. Görürsən, hələ sağam.
– Nə sarsaq-sarsaq danışırsan?!
– Qaqa, ağciyər olma. Sən nətəər ağdamlısan?
– Nə ağdamlı?! Boğazında kəndir olanın ağdamlılığı qalar?
Əmir Teymur Qədirin cılız bədənini, ağarmış üzünü bir qədər süzdü, sonra dedi:
– Oxu. Xoşuma gəlsə, sən nə arzu eləsən, onu da görəcəksən.
Qədir əlindəki qəlyanı qoydu cibinə. Bəlkə, tarixdə yeganə adam idi ki, Əmir Teymurun yanına qəlyanla girmişdi. Özünü toxtadıb dedi:
– Gərək məni müşayiət edən olsun ki, oxuya bilim. Məni müşayiət edən oğlanları da əmr eləmisən ki, assınlar. Həm də tar-qavalımız qalıvf evdə.
Əmir bir qədər fikrə getdi, sonra üzünü yanındakı əyanlarına tutub dedi:
– Onları qaytarın. Sonra da gedin bunun evinə, o dikbaşı da aparın, Qədirin dediyi tar-qavalı gətirsinlər.
Kimsə çıxdı onların yanına. Şair elə bildi təpik vurub kətili aşıracaq. Amma elə olmadı, boğazlarındakı kəndirləri çıxartdılar.
– Düşün aşağı. Hökmdar sizi istəyir.
Rəmiş üzünü Şairə çevirib:
– Gördün, ə, ağciyər?!
Sonra onları götürüb yenidən apardılar Qədirin evinə. Amma atdöşü aparmadılar, qollarını açıb ata mindirdilər. Dedilər ki, hökmdar əmr edib ki, tar-qavalı götürüb qayıdaq geri. Rəmiş gitarasını, Şair də Qədirin qavalını və diplomat çantanı götürüb yenidən at belində qayıtdılar geri.
Girdilər çadıra. Əmir Teymur oturmuşdu taxtında.
Rəmiş onun kürəyindən vuran əsgərə sakitcə dedi:
– Brat, darıxma, sənin ananı ağladajam.
Əmir Teymur Rəmişin əlindəki gitaraya baxıb yanındakı əyanların birindən soruşdu:
– O nədi?
– Hökmdar, bizim qopuz kimi bir şeydi. Deyəsən, yunanlarındı.
– Gətirsinlər baxım.
Gəlib gitaranı apardılar Əmirə. Bir orasına baxdı, bir burasına baxdı, barmaqları ilə simləri tərpədib səsinə qulaq asdı və təəccüblə çiyinlərini çəkib gitaranı qaytartdı.
Rəmiş:
– Şair, aç o dinamikləri, qoş gitaraya.
Şair diplomatı açdı, gitaranı dinamiklərə qoşdu. Üç kətil gətirdilər. Qədirlə Şair oturdu. Amma Rəmiş oturmadı, həmişəki kimi sol ayağını qoydu kətilin üstünə, ayaq üstə gitaranı köklədi. Elə kökləyəndə dinamiklərdən çıxan səslər Əmir Teymuru da, çadırdakıları da heyrətə gətirdi. Qədir qavalı üzünə söykəyib dirsəyini olmayan böyrəyinin üstünə basdı və dedi:
– Ə, dəli, həyatımız bundan asılıdı! Başla!
Və Rəmiş başladı. Barmaqlar pərdələrin üzərində gəzir, çox qəribə səslər çıxarırdı. Əvvəl mələklərin pıçıltısı eşidildi, sonra yanından uçan ulduzların, sonra kəndlərindəki kəhrizin şırıltısı, meşədən gələn səs. Aləmi qatdı bir-birinə. Sonra gitara bir ana kimi fəryad elədi, bir uşaq kimi çığırdı. Yanan evlər barmaqlarından töküldü pərdələrə, çadırdakıları da yandırdı. Təmiz uyumuşdu. Nə çaldığını bir özü bilirdi, bir də Allahı.
Qədir:
– Ə, səfeh, ayaq ver dana!
Elə bil Rəmiş yatmışdı, ayıldı. Keçdi "Ağ Segah"a. Qədir bir dəfə ağzını yumub açdı, ikinci dəfə də ağzını yumub açdı və sonra Rəmişin çaldıqları sözə çevrilib, ağzında bulaq kimi qaynayıb çay kimi tökülməyə başladı. Əmir Teymur da, çadırdakılar da qaldılar bu çayın altında. Qədir bir az "Ağ Segah"da gəzişəndən sonra keçdi "Sona bülbüllər"ə. Sonra da özü Rəmişə ayaq verdi ki, Rəmiş çalsın. Rəmiş yenə dağı qatdı arana, aranı qatdı dağa, gah yağış yağdırdı. Onu kürəyindən vuran döyüşçü hönkür-hönkür ağlayırdı. Bu vaxt Əmir Teymur qalxdı ayağa, əli ilə işarə elədi ki, saxlayın. Rəmiş saxlamaq istəmirdi. Ağlayan döyüşçü əyilib Rəmişin qulağına pıçıldadı ki, qardaş, hökmdar deyir, dayan. Rəmiş də dayandı.
Əmir Teymur gəlib dayandı Qədirin qarşısında:
– Səsini kəs. Əsgərlər bu səsi eşidəndən sonra adam öldürə bilməzlər. İndi nə arzun var, de.
Qədir:
– Əmr edin Təbrizdə talanı saxlasınlar. Mənim bu dostlarımı da bağışla.
Əmir Teymur üzünü tutdu Miranşaha:
– Deyin şəhərdə talanı saxlasınlar, heç kəsə toxunmasınlar, – sonra üzünü tutdu Qədirə: – Bu gündən səni Miranşaha vəzir verirəm. Əsəbiləşib özündən çıxanda, haqsız yerə əlini qılınca atanda bir ağız oxuyarsan, özünə gələr. Dostlarını da bağışlayıram. Amma bir şərtlə ki, o gitaradı-nədi onu və yanındakı çantanı da mənə bağışlasınlar.
Rəmiş:
– Qurbandı ey, o qədər adama gitara bağışdamışam ki, bu da olsun biri. Amma padşah adamsan, heç olmasa çalıb-oxumağımızın pulun ver. Mən heş qardaşım Vaqifin toyunu pulsuz çalmamışam.
Əmir Teymur tutuldu:
– Sən nə həyasız adamsan, – dedi və işarə elədi.
Xəzinədar yaxınlaşıb iki kisə qızıl çıxartdı, birini verdi Rəmişə, birini də Şairə.
Şair götürmək istəmədi, Rəmiş tərs-tərs ona baxıb:
– Götür, ə, kasıbçılığın daşını at!
Və sonra qalxıb gitaranı verdi Əmir Teymura. Sonra da onu vuran döyüşçüyə üzünü tutub dedi:
– Saa demişdim ananı ağladajam?
Döyüşçü özündən asılı olmayaraq əyilib Rəmişin barmaqlarından öpdü.
Onları yola salanda Rəmişin kürəyindən baltanın küpüylə vuran, sonda ağlayıb onun barmaqlarından öpən döyüşçü kövrək halda soruşdu:
– Qardaş, bir də nə vaxt gələssən?
Rəmiş:
– Əmir Teymurun yasında!
***
Gecə evə gələndə gördü qapıya bir kağız parçası qoyublar. Açıb oxudu: "Rəmiş, sabah saat on birdə səni "Araz"da gözləyirik. Çox vacib bir işimiz var. Sən həmişə hər yerə gecikirsən, xahiş edirik, gecikmə. Moskvadan qonaqlarımız gəlib, səni görmək istəyirlər. Ceyhun Mirzəyev. Aydın Dadaşov".
Fikirləşdi ki, nə vacib işdi belə, özü də Moskvadan gələnlər, iki əziz dostu buna məktub yazıb. Kağızı qatlayıb qoydu döş cibinə.
Həmişə hər yerə gecikən Rəmiş düz saat on birdə maşını "Araz"ın qabağında saxladı və düşdü. Çayxanada oturanlar onu görən kimi qalxdılar ayağa. Hamı öz stoluna dəvət elədi, o isə əliylə hamını salamladı, bir stol arxasında oturan dörd–beş nəfərlə özünəməxsus şəkildə görüşüb-öpüşdü və dedi:
– Ə, sizin eviniz-eşiyiniz yoxdu, havaxt keçirəm, görürəm oturmusuz burda.
Biri gülüb dedi:
– Rəmiş, ev-eşiyimiz olsa, burda nə gəzirik?
Stolların birinin arxasında Ceyhun Mirzəyevlə Aydın Dadaşov və iki nəfər də ayrı adam oturmuşdu. Onlar da Rəmişi görəndə qalxmışdılar ayağa. Rəmiş onlara yaxınlaşdı, salamlaşdı və oturdu.
Üzünü tutdu Aydına:
– Məllim, noluuf, yağınız daşıf, yoxsa toyunuz var? Bu qonaxlar kimdi?
Ceyhun:
– Rəmiş, tanış ol. Bu dünyanın ən məşhur rejissorudu, yanındakı da operatorudu. Moskvadan durub gəliblər bura sənin dalınca.
– Xeyirdimi, toyları var?
– Sən də hər şeyi toyla ölçürsən.
Rəmiş ayağa qalxıb hər ikisinə özünü təqdim elədi. Onlar da özlərini təqdim elədilər.
– Rəmiş!
– Leonid!
–Vladimir!
– Rəmiş!
Ceyhun söhbətə rus dilində başladı ki, qonaqlar da başa düşsün:
– Rəmiş, məşhur skripaç Paqaninini eşitmisən?
– Eşitmişəm.
Aydın:
– Qaqa, bu rejissor Paqanini haqqında dörd seriyalı kino çəkir. İstəyir Paqanini roluna səni çəksin. Bütün dünyada göstərəcəklər.
Ceyhun:
– Səni ves mir tanıyacaq.
– Maa ves mir lazım döyül, Azərbaycanda tanıyıllar, dədəmə də bəsdi.
Aydın:
– Yenə boş-boş danışma, qulaq as. Bu rol üçün sənə iyirmi-otuz min manat da pul verəcəklər. Film geniş yayılandan sonra əlavə də pul verəcəklər.
– Qaqa, nətəər olur Rasim Balayev o boyda Nəsimi oynayır, cəmi üç min manat pul verirlər, bunlar Paqanini oynayana otuz min. Özü də, qaqa, mənnən pulnan danışma dana. Bilirsən ki, mən pul xoşduyan adam döyüləm. Ceyhun neçə ildi filmə çəkilmir, onu çəksinlər də, gül kimi aktyordu. Mən aktyor döyüləm ha. Mənim bir rolum var, o da Rəmiş. Hələ ki pis də oynamıram. Bir də ki bunlar məni hardan tanıyır?
Bayaqdan susub oturmuş Leonid dilləndi:
– Səni bizə jurnalist dostlarımız məsləhət görüb.
– Bəs onlar hardan tanıyır?
– İki-üç il bundan qabaq onlar bütün İttifaqı gəzib sonra da yol təəssüratlarını yazıblar. Azərbaycanda sənin də qonağın olublar. Bir yerdə bir neçə şəkliniz var. Mənə göstərdilər, gördüm ki, heç kastinq eləmək lazım deyil, əsl Paqanini sənsən. Xarakterini, jestlərini, hətta qəribə maşın sürməyini danışdılar.
Rəmiş bir az fikrə getdi:
– Həə, yadıma düşdü, Tiflisdən toydan gəlirdim, Gəncəni keçəndə gördüm bir Moskviç saxlıyıb, kapodunu qaldırıflar. Üç dənə də tulaşaya oxşayan rus balası düşüb maşınnan əlləşir. Qabaqlarına verib saxladım. Dedim ki, dostlar, noluf, mənim maşından başım çıxır. Amma gördüm ki, mən düzəldən iş deyil. Dedim oturun mənim maşınıma, hara istəyirsiniz, aparım, sonra adam göndərərik, gəlib maşınınızı düzəldib göndərərlər. Bir də soruşdum kimlərsiz və hara gedirsiz? Dedilər, jurnalistik, ölkəni gəzirik, bütün respublikalarda olmaq istəyirik. Azərbaycanı da gəzmişik, indi Bakıdan paromla Türkmənistana keçəcəyik. Tanış olduq. Oturtdum maşınıma, sürdüm Gəncəyə. Dostlara dedim ki, Qaiyə çatmamış bir Moskviç var, xarab olub, onu gətirin düzəldin, mən də bunları aparım Göygölə, bir iki-üç saatdan sonra qayıdıb gələcəyik.
Maşını sürdüm Hacıkəndə, meşənin içində bir restorana. Restoranın müdiri məni görən kimi yüyürüb gəldi, görüşüb-öpüşdü. Restorandakılar da bizi öz stollarına dəvət elədilər, hamısına təşəkkür edib özümüz ayrıca oturduq. Baqatı bir süfrə açdılar. Biri içmədi ki, mən maşın sürəcəm, mən içəndə soruşdular ki, Qaidən qorxmursan? Güldüm, dedim ki, bütün Qailər mənim dostlarımdı. Sonra da restoranın gitaraçalanından gitaranı alıb bunlar üçün rus bəstəkarlarının əsərlərini çaldım. Çaşıb qalmışdılar. Elə bil birinci dəfəydi gitaraçalan görürdülər. Biri fotoaparatı verdi ofisianta, xahiş elədi ki, bizim şəkillərimizi çəksinlər. Heç demə, mən gitara çalanda da şəkillərimi çəkibmiş. Soruşdular kiməm, mən də dedim, Rəmiş, gitara çalanam. Dedilər, yəqin, sən Leninqradda Gitara Akademiyasını bitirmisən. Güldüm, dedim, Ağdamda Muzuçilişdə oxumuşam, onu da yarımçıq atmışam. Sonra qayıtdıq ustaların yanına, gördük maşın hazırdı. Mən də dedim ki, bəs bilmirsiniz Moskviçlə yola çıxmazlar? Dedilər ki, Moskviçi də reklam edirik, ona görə. Bu Moskviç Londondan Sidneyə gedən yarışda qalib olan Moskviçdir. Sonra da biri mənim maşınıma oturdu, ikisi də onların, düşdük Bakıya. Bir yaxşı qonaqlıq da Şamaxıda verdim. Gəldik Bakıya, apardım paroma, mindirdim gəmiyə, yola saldım Krasnavodskiyə. Üstündən iki-üç ay keçmişdi, Şair dostum mənə bir qəzet gətirdi, deyəsən, adı "Arqumentı faktı" idi. Baxdım ki, bu boyda Azərbaycandan bircə abzas yol qeydi yazıblar. Yazıblar ki, Azərbaycanda Rəmiş adlı bir gitaraçıyla yol yoldaşı olduq, barmaqları qızıl idi. Mən də hirsləndim ki, yəni Azərbaycanda başqa şey görməmişdilər.
Leonid:
– Onlar da bütün bunları bizə danışdılar, şəkilləri göstərdilər, mən də şəkillərinə baxandan sonra gördüm ki, əsl Paqaninisən. Durub Moskvadan gəldik Bakıdakı dostlarımızın yanına, xahiş etdik, onlar da səni tapdılar.
Rəmiş:
– Brat, mən aktyor döyüləm və bacarmaram. Bu Ceyhun Azərbaycanın ən məşhur aktyorudu, elə onu çək.
Ceyhun:
– Ə, məsləhət olsa, məni çəkərdilər də. İndi sənə yalvaraq?
Rəmiş qalxdı ayağa:
– Nə isə, durun, qonaqların başını çayla aldatmayın. Gedək bir yerdə bir qismət çörək yeyək, söhbətimizi orda edərik, – dedi və stolun üstünə bir yüzlük atdı.
Hamı qalxıb oturdu Rəmişin maşınına. Leonid öndə əyləşdi.
Rəmiş keçdi sükanın arxasına. Kürəyini yan pəncərəyə söykədi və beləcə yola düşdülər. Leonid maraqla onun tərs oturmağına və maşın sürməyinə tamaşa edirdi. Gəldilər "Çanaqqala"ya. Həyətdə adam çox idi. Rəmişi görən kimi bəziləri gəlib onu bağrına basdı, stollarına dəvət elədilər. O da hamıya təşəkkür elədi, bir küncdə ağacın altında oturdular. Ofisiantdan qabaq restoranın inzibatçısı yüyürüb gəldi:
– Rəmiş, xoş gəlmisiniz.
– Sən belə elə, bir baqatı süfrə aç. Asetrin, ikra, bir də qara quzunun kababı. Bunlara araq gətir, mənə konyak.
Həyətin ortasında ansambl çalırdı, onlar da Rəmişi görəndə ayağa durub, baş əyib salam verdilər.
Leonid çəkinə-çəkinə dedi:
– Doğrudan, sənin barmaqların qızıldı?
Rəmiş:
– Barmaqlarım adi barmaqdı, sadəcə olaraq, sənin barmaqlarından bir az uzundu, bir az da kobud. Mənim ürəyim qızıldı.
Aydın:
– Rəmiş, mən ölüm, bir dur çal, bunları dəli elə.
– Qaqa, mən ölüm niyə deyirsən? – dedi Rəmiş sonra qalxıb yaxınlaşdı ansambla.
Gitaraçıya dedi:
– Brat, icazə versən, bir balaca çalardım.
Gitaraçı:
– Buyur, Rəmiş.
Rəmiş keçib əyləşdi gitara çalanın yerində, gitaranı götürüb öz bildiyi kimi köklədi və başladı çalmağa. "Sarı gəlin"də bir az gəzişdi, sonra qəribə bir keçid eləyib "Lunnaya sonata"ya keçdi. Bir az da orda gəzişəndən sonra gitaranı qoydu dizlərinin üstünə, stəkanı da götürdü və bu dəfə barmaqları ilə yox, stəkanla çalmağa başladı. Özü də Paqaninin əsərlərini. Stəkanı necə işlədirdisə, gitara skripka səsi çıxarırdı.
Leonidin də, operatorun da gözləri böyümüşdü. Təəccüblə deyirdilər:
– Bu neyləyir?
Ceyhun:
– Rəmiş budu da.
Restorandakılar qalxıb musiqiçilərin stolunun üstünə pullar tökürdülər. Rəmiş bir xeyli çalandan sonra dayandı, qalxdı ayağa, gitaranı da verdi sahibinə, pulları da göstərib dedi:
– Bunların hamısı sizinkidi.
Gəlib oturdu. Oturan kimi də yüz qram konyak içdi və bir siqaret yandırdı.
Leonid:
– Rameş, sən dahisən. Elədiyin improvizasiyaları heç Cimmi Xendriks də edə bilməz.
Rəmiş:
– Cimmi məndən böyük sənətkardı. Bir də onun altı tondu, yeddi tondu texnikası var. O texnikaların köməyi ilə gitaranı danışdırır, mən isə barmaqlarımla.
Leonid:
– Bəs Paqanininin əsərlərini hardan öyrənmisən?
Rəmiş güldü:
– Dörd-beş gün bundan qabaq darıxdım, durdum getdim İtaliyaya Paqanininin yanına.
Leonid:
– Kimin yanına?
– Paqanininin.
Ceyhun:
– Rəmiş, bir az ciddi ol, bunlar ciddi adamlardılar. Düşük-düşük danışma.
– Mən ciddi deyirəm. Paqanininlə hələ fransız konyakı da vurduq.
Leonid:
– Aydınçik, bu nə danışır?
Aydın:
– Heç, bu sadəcə olaraq Rəmişdi.
Rəmiş:
– Aydın, bunlar maa inanmadısa, mən burda artıq adamam. Dostlarım məni bağda gözləyir. Mən getdim, bu siz, bu da qonaqlarınız, – dedi, maşının açarlarını da verdi Aydına, – Səhər gəlib maşını götürərəm.
Üzünü tutdu inzibatçıya:
– Hesab mənlikdi.
İnzibatçı:
– Hesabı müdir ödəyib, narahat olma.
Və Rəmiş yerində özünəməxsus fırlandı, əlini qəribə şəkildə qaldırıb vidalaşdı və çıxıb getdi.
Hamı pərt olmuşdu, ən çox da rejissor:
– Aydınçik, bu, dəliymiş.
Aydın:
– Dəli olmasa, Rəmiş olmaz.
Ceyhun:
– Bu indiyədək nə televizora çıxıb, nə radioya. Buraxmırlar. Yalnız toylarda çalır, ya da ayda-ildə bir dəfə Filarmoniyada plan dolmayanda orda konsert verir. Amma hamının evində lentləri var.
– Bizim Vısotski kimi.
– Hə, elə bir ağıldadılar.
(davamı var)
“Ədəbiyyat və incəsənət”
(06.02.2026)


