İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu kənddən dahi Səttar Bəhlulzadə çıxıb, dahi Ramiz Rövşən çıxıb. Eləcə də o, Ağaxan Abdullayev bu kənddən çıxıb. Bir rəssam, bir şair, bir müğənni...
Ağaxan Abdullayev 6 fevral 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958–1968-ci illərdə 84 saylı orta məkəbdə təhsil alıb. 1969–1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Muiqi Məktəbində Nəriman Əliyevin sinifində təhsil alıb.
1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub. 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.
1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.
Uzun illər xərçəng xəstəliyindən əziyyət çəkən Ağaxan Abdullayev 25 dekabr 2016-cı ildə 66 yaşında, Bakıda vəfat edib. Vəsiyyətinə əsasən, Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.
“Atam adətən ad günlərini təmtəraqla qeyd etməyi xoşlamazdı. Amma biz evdə onun üçün ad günü məclisləri qururduq. Bu, hər halda onun ürəyincə olurdu. Atamın 65 illiyi xatirəmdə bir qədər kədərli qalıb. Həmin gün biz Türkiyədə idik. Atam həkim qəbulunda idi. Yerli telekanallardan biri Ağaxan Abdullayevin 65 illik yubileyi ilə bağlı veriliş hazırlamışdı. Atamla birlikdə Türkiyədə həmin verilişi izlədik. Təsirli ad günü idi”.
Oğlu Xoşbəxt Abdullayevin sözləridir. Atasının yolu ilə gedib müğ\ınnilik sənətini seçən oğul daha sonra deyir:
“Sənətkar kimi kimsə darıxa bilər. Amma mənim valideynim olduğu üçün elə gün yoxdur ki, onu yada salmayım. Hər gün ürəyimdə onunla danışa-danışa yaşayıram. Kim valideyn itiribsə, başa düşür ki, bu itki nə deməkdir. Böyüyümü, arxa-dayağımı itirmişəm. Atam hər zaman qəlbimdədir. O, mehriban ata olub. Bizə düzgün tərbiyə verib. Bu gün el-oba arasında hörmətimiz varsa, ona borcluyuq”.
Filmoqrafiya
1. Ver sözə ehya ki... (film, 1989)
2. Dağıdılmış körpülər (film, 1996)
3. Abşeron lövhələri (film, 2004) (qısametrajlı sənədli film)
4. Küçələrə su səpmişəm (film, 2004)
5. Ağaxan (film, 2006)
6. Bakı bağları. Nardaran (film, 2007)
7. Biz qayıdacağıq (film, 2007)
8. Biz qayıdacağıq (veriliş, 2007)
9. Muğam (veriliş, 2007)
10. Əslində Ağaxan Abdullayev (2005)
Mükafatları
1. "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 3 fevral 1993
2. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 may 1998
3. "Humay" milli mükafatı — 2002
4. "Şöhrət" ordeni — 3 fevral 2010
5. "Qızıl çinar" beynəlxalq mükafatı — 10 may 2015
2000-ci ildə pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 2001-ci ildə Azərbaycan Respublikası Simurq Milli Mükafat Fondu, 2003-cü ildə "Yaşa Azərbaycan" mükafatı ilə təltif olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.02.2026)


