İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Çinarlar diyarı Göyçayın ədəbiyyatımıza verdiyi böyük şəxsiyyətlər az deyil: Rəsul Rza, Ənvər Məmmədxanlı, Əli Kərim… Deməzsənmiş, bu sırada görkəmli müğınniyə də rast gələrsən. Azərbaycan SSR xalq artisti Rauf Atakişiyevə, məsələn.
Müğənni 15 iyul 1925-ci ildə Göyçay rayonununda dünyaya göz açıb. Moskva Dövlət Konservatoriyasını Konstantin Nikolayeviç İqumnovun sinfi üzrə bitirib və vokal üzrə Antonina Vasilyevna Nejdanovadan dərs alıb. Opera və Balet Teatrının solisti olub.
Azərbaycan Opera və Balet Teatrının səhnəsində Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında Əsgərin partiyasını ifa edib. 1965-ci ildə çəkilən "Arşın mal alan" filmində də Əsgərin mahnıları Atakişiyevin ifasında səslənib. Lenski ("Yevgeni Onegin", P. Çaykovski), Alfred ("Traviata", C. Verdi), Almaviva ("Sevilya bərbəri", C. Rossini), Faust ("Faust", Ş. Quno), Balaş ("Sevil", F. Əmirov) partiyalarını ifa edib.
Lirik-dramatik tenor səsi olub və həm də pianoçudur. Teatrda Əsgər ("Arşın mal alan"), Faust ("Faust"), Qraf Almaviva ("Sevilya bərbəri", Coakkino Rossini), Knyaz Sinoda ("Demon", Anton Rubinşteyn), Hofman ("Hofmanın nağılları", Jak Offenbax), Malxaz ("Daisi", Zaxari Paliaşvili), Alfred ("Traviata", Cüzeppe Verdi), Edmond ("Kornevil zəngləri", Rober Plaket), Anatoli ("İnsanın taleyi") partiyalarını oxuyub.
Rəşid Behbudovun ifasında daha çox məşhur olan "Явстретилдевушку" mahnısının ilk ifaçısıdır. Mahnı ilk dəfə 1957-ci ildə Tacikistan SSR-in "Stalinabad" kinostudiyasında çəkilmiş eyniadlı filmdə ifa olunub.
Onun haqqında hazırlanan məqalələrə nəzər yetirsək, həyat və sənət yolu göz önündə aydın canlanar.
Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov “Müğənni, pianoçu, pedaqoq” məqaləsində yazır:
Azərbaycan Respublikasının Xalq artisti, görkəmli musiqi xadimi, professor Rauf (Rafiq) İsrafil oğlu Atakişiyevin adı pianoçu, müğənni və pedaqoq kimi ölkəmizdə və onun hüdudlarından kənarda geniş şöhrət tapmışdır. Onun hərtərəfli fəaliyyəti təqribən yarım əsr davam etmiş və dərin iz qoymuşdur. O, böyük istedad sahibi, parlaq fərdiliyi ilə seçilən mahir sənətkar idi.
Vokal, yaxud fortepiano ifaçılığı sahəsindən tutmuş, tələbələrlə iş daxil olmaqla o, bütün sahələrdə öz yolunu taparaq, musiqi mədəniyyətinin müxtəlif sahələrinə dəyərli töhfələr
vermişdir. İstər vokal və yaxud fortepiano ifaçılığı sahəsində, istərsə də pedaqoji fəaliyyətində – bunların hər birinə sənətkar özünəməxsus tərzdə yanaşmış və bununla musiqi mədəniyyətinin müxtəlif sahələrinə yenilik gətirmişdir.
Gənc Atakişiyevin professional cəhətdən formalaşmasında A.F.Gedike (orqan sinfi), M.V.Milman (kamera ansamblı) və A.N.İqumnovun assistentləri – R.V.Tamarkin və Y.İ.Milşteyn vacib rol oynamışdır. Moskva konservatoriyasında təhsil illəri ərzində Atakişiyevin mənəvi dünyası əhəmiyyətli dərəcədə zənginləşir, onun biliyi tək musiqi sahəsində deyil, eyni zamanda incəsənətin başqa sahələrində də genişlənir.
O, təkcə şəxsiyyət kimi deyil, həm də sənətkar kimi formalaşır. Atakişiyevin istedadı musiqi mədəniyyətinin yüksəlişi, tələbkarlıq mühitində inkişaf edirdi. Moskvanın musiqi həyatında həmin illərin bütün zənginliyi onun maraq dairəsinə daxil idi: o, şöhrət qazanmış sənətkarların – dünyanın məşhur dirijor, müğənni, skripkaçı və pianoçuların çıxışlarını dinləyir. R.Atakişiyev üçün müharibədən sonrakı Moskva həyatı çətinliklərə “tab gətirmək”də sınaq dövrü idi. 12 oktyabr 1946-cı ildə anasına məktubda o, belə yazır:
“qara payok çörəyi (100 qr. ağ çörək kartoçka ilə verilir, böyük növbə olduğundan almaq mümkün deyil), kartof və dağ suyu ilə dolanıram: burada çay bahadır, onsuz da onu dəmləməyə heç nə yoxdur. Bütün tələbələr bu çətinlikləri yaşayırlar, mən də tab gətirərəm. Bu, yaxşı həyat dərsidir, bu çətinlikdən keçmək lazımdır”.
Konservatoriya təhsilinin ödənilməsi və yataqxanaya düzələnə qədər mənzil haqqı ilə bağlı maddi çətinlikləri də buraya əlavə etmək lazımdır.
Qızı Lalə Atakişiyeva isə “İnteryerdə ailə portreti” məqaləsində yazır:
“Mənə atam haqqında yazmağı təklif edəndə düşündüm ki, nə yaxşı, oturub birnəfəsə yazaçağam. Lakin əlimə qələm alıb atamla bağlı xatirələrimi yazmağa başlayanda...anladım ki, bu, o qədər də asan iş deyilmiş. Atamın o təbəssümünü, baxışlarındakı evlad sevgisini, qəlbindəki səxavəti sözlə necə ifadə etmək olar...
Xalq artisti, pedaqoq, vokalçı, pianoçu Rauf İsrafil oğlu Atakişiyev haqqında onun dostları, həmkarları və gözəl musqiçi olan tələbələrinin danışması daha təsirli alınar. Mənim qarşımda isə başqa bir vəzifə dururdu: sevən və sevilən, doğma atam haqqında qəlbimdə gəzdirdiklərimi sözlə ifadə etməliydim.
Atamın söylədikləri:
...Mən səsimin bariton olduğuna əmin idim. Ona görə də bariton səsə uyğun bir-iki ariya oxuyurdum. Qonşuluğumuzda keçmişdə yaxşı müğənni olmuş qoca bir kişi yaşayırdı. O, bir vaxtlar U.Mazettidən dərs alıbmış. Səhv etmirəmsə, soyadı Speranski idi. Günlərin birində o, həyətdə mənə yaxınlaşıb dedi: “Cavan oğlan, mən sizə qulaq asmaq istəyirəm”.
Qalxdıq evə. Alayarımçıq bir-iki ariya oxuyandan sonra qətiyyətlə bildirdi:
-Siz mütləq oxumağı öyrənməlisiniz. Tanrı sizə səs verib, amma Oneqin deyil, Lenskisiniz, yalnız Lenski. Siz ki açıq-aydın tenorsunuz.
A.V.Nejdanova və V.V.Barsova da Mazetti məktəbinin yetirmələri olduğundan belə çıxır ki, atamın da taleyinə görkəmli pedaqoq Mazetti məktəbinin davamçısı olmaq yazılmışdır.
Atam danışırdı ki, nənəmin də cavanlıqda dərin tembrli gözəl səsi varmış. Dramatik sopranoya uyğun romanslar oxuyarmış. Ona opera teatrına işə girməyi dəfələrlə təkid etmişdilər. Lakin babam kəskin surətdə bunun əleyhinə çıxmışdı. Lakin bir hadisə...
Axşam qaranlığında evimizə oğru soxulmaq istəyirdi. Onu eyvanda görən nənəm qorxaraq bərkdən çığırmışdı. Və beləliklə də onun nəğməkar səsi ömürlük batmışdı. “Qəlbdən oxuyuram, lakin əvvəlki kimi alınmır”.
Filmoqrafiya
- Konsert
- Arşın mal alan
- İmtahan
O, 1994-cü ildə 3 fevralda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.02.2026)


